Kral nazirləri saraya yığdı, İlham Əliyevin məktubunun detallarını açıqladı

1169

Səudiyyə Ərəbistanı kralı Salman bin Abdüləziz nazirlər kabinetinin iclasını keçirib və Azərbaycan prezidenti İlham Əliyevin ona göndərdiyi məktubun detallarını açıqlayıb. Virtualaz.org xəbər verir ki, bu barədə rəsmi dövlət xəbər agentliyi olan “Saudi Press Agency” agentliyi (SPA) məlumat yayıb.

Xəbərdə deyilir ki, kral Salman nazirlər kabinetinin iclasında ABŞ prezidenti Donald Trampın İranın nüvə probleminə dair bu günlərdə verdiyi bəyanatı alqışlayıb. O, habelə Birləşmiş Ştatların bütün müttəfiqlərini “İran rejiminin şər əməlləri ilə daha qətiyyətli mübarizəyə” çağırıb.

Kralın nazirlər kabinetindəki çıxışı barədə agentliyi hökumət sözçüsü, informasiya naziri Alvad bin Saleh əl-Aullad məlumatlandırıb.

Tramp ötən cümə günü bəyan edib ki, əgər İran “çatışmamazlıqları” aradan qaldırmasa Vaşinqton nüvə razılaşmasından çıxacaq. Bildirilir ki, Səudiyyə hökumətinin iclasında İran sərt tənqid olunub, bu ölkə dünyada “terrorçuluğun ən böyük sponsoru” adlandırılıb. İranın “Yaxın Şərqi məhv etmək üçün” 100 min yaraqlını silahlandırdığı və maliyyələşdirdiyi açıqlanıb. Habelə Suriya diktatoru Bəşər Əsədin İranın köməyi ilə öz ölkəsinin vətəndaşlarını məhv etməkdə davam etdiyi vurğulanıb.

Səudiyyə hökumətinin hesab etdiyi kimi İranın dağıdıcı raketləri qonşu ölkələri və beynəlxalq naviqasiyanı təhdid edir. Habelə İran hakimiyyəti ölkədə son etirazları repressiyalar və zor gücü ilə yatırmaqda ittiham olunub.

Kral Salman habelə nazirləri Fələstin prezidenti Mahmud Abbas və hazırda ABŞ-da səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə telefon danışıqlarının, Azərbaycan prezidenti İlham Əliyevin göndərdiyi məktubun detalları ilə bağlı məlumatlandırıb.

Virtualaz.org xəbər vermişdi ki, Azərbaycan prezidentinin məktubunu yanvarın 15-də Ər-Riyadda kral Salmana energetika naziri Pərviz Şahbazov təqdim etmişdi. Şahbazovun Səudiyyə Ərəbistanına “dünya neft bazarında vəziyyəti müzakirə etmək üçün” səfər etdiyi bildirilir.

Energetika Nazirliyinin məlumatında deyilir ki, Səudiyyə Ərəbistanının kralı nazir Şahbazovla görüşündə prezident İlham Əliyevlə səmimi münasibətlərindən məmnunluğunu bildirib və  Azərbaycanın dövlət başçısına onun salamlarını çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında çoxəsrlik tarixi və mədəni köklərə malik olan əlaqələrin mövcud səviyyəsi yüksək qiymətləndirilib. Qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bütün sahələrdə əməkdaşlıq üçün möhkəm zəmin yaratdığı qeyd edilib. Hər iki ölkənin əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində genişləndirilməsində maraqlı olduğu bildirilib.

P. Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid  Əbdüləziz Al Falih ilə də görüşüb. Enerji əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında  işçi qrupunun yaradılması ilə bağlı Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin irəli sürdüyü təklif Azərbaycan tərəfindən müsbət qarşılanaraq qəbul edilib.

Xalid Al Falih enerji sahəsində birgə fəaliyyətin gücləndirilməsini təmin edəcək daha bir yenilik barəsində məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda  Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq.

Görüşdə həmçinin neft qiymətlərinin sabitləşməsi prosesində birgə mövqedən çıxış edilməsi və ölkəmizin öhdəliyinə sadiqliyi mühüm məqamlar kimi vurğulanıb. Bildirilib ki, neft bazarının sabitliyinin davamlılığı hasilatın tənzimlənməsinin uzunmüddətli olmasını tələb edir.

Nümayəndə heyətinin səfər proqramına “Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin Al Nasser ilə görüş də daxil olub. Görüşdə SOCAR-la enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi, hər iki şirkətin iştirakı ilə bir sıra ölkələrdə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Virtualaz.org

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər