Kredit sistemində dəyişiklik: Maliyyə intizamı möhkəmləndirilir – ŞƏRH

897

“Kredit ittifaqları haqqında” qanuna dəyişiklik layihəsi kredit ittifaqının hər bir borcalanı haqqında məlumatın kredit bürosuna və Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməsini nəzərdə tutur”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Kredit ittifaqları haqqında” qanuna dəyişikliyi şərh edərkən deyib.

“Fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək verilməsi məqsədilə “Kredit büroları haqqında” qanun qəbul edilib və həmin qanuna uyğun olaraq ilk kredit bürosu – “Azərbaycan Kredit Bürosu” MMC yaradılıb.

Kredit bürosu məlumat təchizatçısı olaraq, fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir, topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir”, – deyə, millət vəkili bildirib.

Komitə sədri əlavə edib ki, ötən dövrlərdə “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanunlara müvafiq dəyişiklik edilib, bankların və BOKT-ların hər bir borcalanı haqqında məlumatın mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosuna təqdim edilməsi təsbit edilib:

“Maliyyə bazarlarının mühüm iştirakçısı olan kredit ittifaqlarına da bu qaydanın şamil olunması kredit ittifaqlarının borcalanlarının məsuliyyətinin artırılmasına, kredit ittifaqlarının kredit fəaliyyətinin şəffaflaşdırılmasına, onların borcalanlarının digər maliyyə institutlarından (banklar və BOKT-lardan) kreditlər götürərkən kredit ittifaqlarındakı tarixçələrinin də nəzərə alınmasına şərait yaradacaq”.

Tahir Mirkişilinin sözlərinə görə, kredit ittifaqları tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənəcək.

Qeyd edək ki, kredit ittifaqı “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər