Laçın sakini 34 il fərqlə: “Sanki doqquz yaşımdan sonranı yaşayıram” – FOTO

373

“Sanki yenidən həyat eşqinə düşdüm, indi doqquz yaşımdan sonranı yaşayıram…”

Bunu Ermənistanın işğalı nəticəsində Laçından məcburi köçkün düşən Mirzə Balakişiyev deyib. Onun ata və anası ilə birlikdə 34 il əvvəl və bu günlərdə çəkilən fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb. Foto ilk dəfə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Facebook” hesabında paylaşılıb.

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan və qısa müddətdə diqqət çəkən fotonun qəhrəmanları Laçının Mirik kəndindən olan Balakişiyevlər ailəsidir.

Laçınlı ata, ana və oğul 1989-cu ildə lentə alınan fotonu işğaldan azad olunan rayonda 2023-cü ildə yenidən təkrarlayıblar.

1989-cu ildə çəkilmiş fotodakı uşaq Mirzə Balakişiyev Modern.az-a danışıb. O, illər keçsə də, həmin fotonun çəkildiyi günü çox yaxşı xatırladığını bildirib.

“Fotonun çəkildiyi gün yadımdadır. Həmin gün mənim üçün ən xoşbəxt günlərdən biri idi. Orada heç mənim ağlıma gəlməzdi ki, biz məcburi köçkün düşərik, yerimizdən-yurdumuzdan ayrı qalarıq”, – Mirzə Balakişiyev deyir.

Laçın rayonunun Mirik kəndi, 1986-cı il

O, 2023-cü ildə həmin fotonun çəkildiyi yerə, Azərbaycan Ordusunun azad etdiyi Mirik kəndinə yenidən gedib və ata-anası ilə eyni yerdə həmin fotonu çəkdirib.

“34 il ərzində mənim körpəliyim, uşaqlığım, atamın cavanlığı, ahıllıq vaxtlarını itirdik. Şəkildə adi görünə bilər, amma çox şey itirdik. 34 il ərzində çox böyük itkilərim oldu. Mənim uşaqlığım, gəncliyim keçmədi”, – Mirzə Balakişiyev belə deyir.

Mirikli Mirzə deyir ki, foto çəkiləndə onun doqquz yaşı var idi. Bu gün Laçının, doğma yurdunun azad olunmasına hədsiz sevinən Balakişyev hisslərini belə ifadə edir:

“İllər gəldi, keçdi. Mən oraya yenidən qayıtdım. Sanki yenidən həyat eşqinə düşdüm, indi doqquz yaşımdan sonranı yaşayıram…”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər