“Azərenerji” Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə çatmaq üçün işləri davam etdirir. “Qafqazinfo” xəbər verir ki, neçə müddətdir ki, Laçın rayonu ərazisində yerləşən, 8 meqavat gücündə “Güləbird” Kiçik Su Elektrik Stansiyasında təmir-bərpa işləri aparılır və işlərin bitməsinə az müddət qalıb.
Döyüşlər zamanı ziyan dəymiş avadanlıqlar – stansiyanın maşın zalları, aqreqatları, generatorları, idarəetmə panelləri, transformatorları yenisi ilə əvəzlənir və ya təmir edilir. Eyni zamanda Həkəri çayından gələn suyu hidroaqreqatlara ötürən və döyüşlər zamanı partlayaraq darmadağın olan boru da yenidən çəkilir.
İlkin olaraq “Güləbird” Kiçik Su Elektrik Stansiyasındakı generatorun 10 kV-luq tərəfindən çıxan gərginlik Laçın və Qubadlıdakı yaxın ərazilərdəki hərbi hissələrə, gələcəkdə isə yüksək gərginlik xətt vasitəsilə Qubadlıda tikiləcək yeni 110 kV-luq yarımstansiyaya ötürüləcək.