Laçının işğaldan azad edilməsi ilə dövlət sərhədlərimizin tam bərpası təmin olundu

894

Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu ölkənin cənub-qərbində, Kiçik Qafqazda yerləşir.Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Rayonda 1 şəhər, 1 qəsəbə, 125 kənd var. Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonunun 72 min hektar otlaq sahəsi, 34 min hektar zəngin meşə sahəsi var. Dağlıq bölgənin hündürlüyü dəniz səviyyəsindən 700-3600 metr arasında dəyişir. Rayon ərazisində ən yüksək dağ zirvəsi olan Qızılboğazın hündürlüyü 3594 metrdir.

Su ehtiyatları ilə zəngin olan bu bölgədən axan Şəlvə və Minkənd çayları birlikdə Araz çayına tökülən Həkəri çayını təşkil edir. Çayın uzunluğu uzunluğu 113 kilometrdir. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz yatağı, 37 qeyri-metal və tikinti materialları yatağı, civə, vermikulit, rəngli və üzlük daşları, sement xammalı və tikinti daşı ilə zəngindir. Burada Gılgəzçay, Sarıbulaq, Narzanlı civəsi, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi sənaye əhəmiyyətli iri vermikulit yataqları vardır.

1992-ci ildə Şuşinin işğalından sonra Ermənistan silahlı qüvvələri Laçının işğalı planını həyata keçirməyə başladılar. Laçın rayonu 18 may 1992-ci ildə işğal olundu. Rayonu işğal edən düşmən qüvvələrinin əksəriyyəti Laçın dəhlizindən daxil olub. Laçın rayonunun işğalı faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbçi və mülki şəxs həlak olub və itkin düşüb. Əhalisi 79,1 min nəfər olan Laçın rayonunun sakinləri respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

Mühüm geostrateji mövqeyə malik Laçının işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına ciddi ziyan vuruldu. İşğal zamanı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Ermənistan işğalçı kimi Cenevrə Konvensiyaları ilə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişərək, rayonun təbii sərvətlərini talan edərək gəlir mənbəyinə çevirib. Əsasən Suriyadan gələn erməni əsilli qaçqınlar, məqsədyönlü köçürmə siyasəti və demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni fəaliyyətlər həyata keçirilib.

Bu gün Laçın rayonu azaddır! 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən Laçın rayonu azad edildi. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.

Azərbaycan Respublikası dekabrın 1-də Ermənistan tərəfindən işğal olunmuş Laçın rayonunu öz yurisdiksiyasına qaytardı.

Azərbaycan 44 gün ərzində  4 rayonumuzu – Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi və düşməni darmadağın etdi.

Noyabrın 10-da Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirildi. Qrafikə uyğun olaraq dekabrın 1-də Laçın rayonu erməni işğalından azad edildi.

Noyabrın 9-da Şuşa azad edildikdən sonra Azərbaycan ordusu Laçının Güləbird, Səfiyan və Türklər kəndlərini düşmən tapdağından təmizlədi. Qalib Azərbaycan ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, eləcə də Şuşa və 70-dən çox kəndin işğaldan azad edildikdən sonra Ermənistan təslim oldu. Noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən Ermənistan silahlı qüvvələri Laçını tərk etdi. Laçının işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesini başa çatdırdı.

Bu tarixi qələbə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanıldı. Torpaqlarımızın azadlığı uğrunda döyüşmüş hərbçilərimiz əsl qəhrəmanlıq nümayiş etdirdi. 26 noyabr 2020-ci ildə “Laçının azadlığına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu.

İşğaldan azad olunmuş digər ərazilərimiz kimi Laçın rayonunda da bərpa-quruculuq işlərinə start verilib. Bu il fevralın 14-də və avqustun 16-da Prezident İlham Əliyev Laçın rayonunda səfərdə oldu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Laçın rayonuna səfəri zamanı Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.

Bu gün Laçın istiqamətində dövlət sərhədləri dhaa da möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır.

Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezident İlham Əliyev açılış zamanı qeyd etdi ki, bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var: “Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.”

Yol infrastrukturunun bərpası istiqamətində də mühüm işlər görülür. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası regionun beynəlxalq statusunu yüksəldəcək. Laçın rayonunda beynəlxalq hava limanının tikintisi davam etdirilir. Burada hava limanının olması mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq.

Prezident İlham Əliyev hava limanının tikintisi ilə bağlı çıxışlarında vurğulayıb: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə – Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”

Bu gün digər rayonlarımız kimi, Laçın rayonu da azaddır! Burada quruculuq işləri sürətlə həyata keçirilir. Hər bir azərbaycanlı əmindir ki, bu torpaqlar qısa müddətdə azad olunduğu kimi, qısa müddətdə də bərpa olunacaq. Digər rayonlarımızda, eləcə də Laçında həyat bərpa olunacaq. Prezident İlham Əliyev bəyan edib ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq Azərbaycan dövlətinin əsa vəzifələrindən biri olacaqdır. Laçın rayonunda görülən böyük quruculuq işləri və həyata keçirilən infrastruktur layihələri bu fikri təsdiq edir.

Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər