Lints şəhərinin meri Klaus Luqer Sumqayıtda – FOTO

1382

Avstriyanın Lints şəhərinin meri Klaus Luqer Sumqayıt şəhərində səfərdədir.

Səfər çərçivəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov Lints şəhərinin meri Klaus Luqeri qəbul edib.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Zakir Fərəcov nümayəndə heyətinə Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Bu il ölkəmizin COP29-a ev sahibliyi edəcəyini vurğulayan Zakir Fərəcov bildirib ki, dünyada baş verən iqlim dəyişikliklərinin qarşısını almaqda şəhərlərin də üzərinə böyük missiya düşür. Sumqayıt şəhərində bu istiqamətdə mühüm layihələr reallaşdırılır, tədbirlər görülür. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində həyata keçirilən kompleks quruculuq nümunələri Sumqayıtı gözəl, həmçinin “ağıllı şəhər” konsepsiyasının tətbiq olunduğu modern, ekoloji baxımdan təmiz, “yaşıl şəhər”ə çevirib.

Zakir Fərəcov qeyd edib ki, hazırda şəhərdə onlarca kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri fəaliyyət göstərir. Onların hər biri Azərbaycan iqtisadiyyatında böyük rol oynayan aparıcı istehsal müəssisələridir. Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Sənaye Parkında qeydiyyata alınmış 40 rezidentdən 23-ü fəaliyyət göstərir və onlar tərəfindən neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.

Lints şəhərinin meri Klaus Luqer yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkürünü bildirib. Sumqayıt və Lints şəhərləri arasında 2009-cu ildən dostluq əlaqələrinin qurulduğunu qeyd edən mer Klaus Luqer bu münasibətlərin iki şəhər arasında mədəni, iqtisadi və sosial sahələrdə əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayıb. O, həmçinin gələcəkdə bu əlaqələrin daha da möhkəmləndirilməsi və yeni layihələrin həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər