Lirənin çöküşü Bakıya necə təsir edəcək? – Ekspert

1627

Mövcud siyasi və iqtisadi faktorlar daxilində uzunmüddətli dövr üçün lirənin taleyi ilə bağlı proqnozlar nikbin deyil.

Bunu Axar.az-a Türkiyədəki mövcud iqtisadi durum və lirənin gələcək taleyi haqda danışan iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert Qərblə münasibətlərin gərginləşməsi fonunda Türkiyədən investisiya axınının müşahidə edildiyini bildirib:

“Almaniya Türkiyədən investisiyasının əhəmiyyətli hissəsini çəkib. Bu da təbii ki, qardaş ölkədə xarici valyutalara olan tələbin ödənilməsində çətinliklər yaradır. ABŞ və Türkiyə arasında münasibətlərin gərginləşməsi, həmçinin siyasi proseslər və seçki də birmənalı şəkildə türk lirəsinə mənfi təsir göstərir. Ancaq bütövlükdə lirənin ucuzlaşmasının əsas səbəbi Türkiyədən investisiya axını və Qərblə gərgin münasibətlər fonunda Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarla əlaqədardır. Artıq 1 dollar 4,5 lirədir. Bu, kifayət qədər ciddi ucuzlaşmadır”.

İqtisadçı vurğulayıb ki, lirənin cüzi də olsa, yenidən möhkəmlənməsi mümkündür:

“Bu, daha çox siyasi faktorların və Mərkəzi Bankın intervensiyası ilə mümkün olacaq. Ancaq bu möhkəmlənmə də dayanıqlı olmayacaq. Çünki türk lirəsinin bu kontekstdə uzun müddət dəyərdən düşməsinin qarşısını almaq olduqca çətindir”.

Ekspert türk lirəsini qarşıda nələrin gözlədiyinə də aydınlıq gətirib:

“Əgər Qərblə, xüsusən də Avropa Birliyində aparıcı yer tutan və Türkiyənin əsas ixracatçılardan biri olan Almaniya ilə münasibətlər yumşalmasa, lirənin məzənnəsinin düşməsi prosesi davam edəcək. Sözsüz ki, burada siyasi faktorlar önəmlidir. Siyasi faktorlar həm də iqtisadi səbəbləri yaradır. Çünki valyutanın ölkəni tərk etməsi həm də psixoloji olaraq bazara təsir göstərir. O baxımdan təəssüf ki, mövcud reallıqlar lirənin taleyi ilə bağlı müsbət proqnozlar verməyə imkan yaratmır”.

V.Bayramovun sözlərinə görə, bu prosesin Azərbaycana da müəyyən təsirləri var:

“Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşların biridir. Azərbaycanın qeyri-neft ixracatının 26 faizi Türkiyənin payına düşür. İdxalda da Türkiyənin payı çoxdur. Əgər sahibkarlar süni şəkildə qiyməti qoruyub saxlamazlarsa, Türkiyədən idxal edilən məhsullarda müəyyən ucuzlaşmalar ola bilər. Ancaq lirənin ucuzlaşması fonunda Türkiyədə inflyasiya və qiymət artımlarının olduğunu nəzərə alsaq, türk mallarının daxili bazarda ciddi ucuzlaşacağı proqnozlaşdırılmır”.

İqtisadçının fikrincə, Türkiyədəki bu vəziyyət Azərbaycanın ixracatına ciddi təsir etməyəcək:

“Çünki Azərbaycan Türkiyə bazarına daha çox müqayisəli üstünlüyə malik olan məhsullarını ixrac edir. Bu məhsulların bir qismi də qardaş ölkə vasitəsilə digər ölkələrə ixrac edilir. Ona görə də Azərbaycana güclü təsir gözlənilmir. Ancaq lirə zəifləməkdə davam edərsə, bu, gələcəkdə Türkiyəyə ixracatımıza mənfi təsir göstərə və Türkiyədən Azərbaycana idxalın həcmini artıra bilər”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər Türkiyədə dolların rekord həddə bahalaşması səbəbi ilə vətəndaşları avro və dollardan imtina etməyə çağırıb.

Bu gün isə Türkiyənin XİN başçısı ölkədə baş verən “dollar əməliyyatı”nın arxasında bəzi müsəlman ölkələrinin də yer aldığını açıqlayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər