Sumqayıt şəhərinin Almaniyadan olan qardaş şəhəri Lüdviqshafenin nümayəndə heyəti bu gün Azərbaycana gəlir. Bu barədə məlumatı sumqayitxeber.com saytına Sumqayıt Şəhər icra Hakimiyyətindən veriblər.
Səfərdə məqsəd şəhərlər arasında həyata keçiriləcək yeni layihələri müzakirə etmək və 23-26 avqust tarixlərində Sumqayıt Dövlət Universitetində keçiriləcək beynəlxalq seminara qatılmaqdır.
Lüdviqshafen şəhərinin kommunal təsərrüfatının rəhbəri Peter Lubenaunun rəhbərlik edəcəyi nümayəndə heyəti önümüzdəki həftə ərzində yeni layihələrin tərəf müabilləri ilə görüşlər keçirəcək, illik tədbirlər planı tərtib olunacaqdır. Səfərin sonunda – avqustun 27-də alman qonaqlar Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı V.Əliyev tərəfindən qəbul ediləcək, toplanmış təkliflər barədə fikir mübadiləsi aparılacaqdır.
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi, Sumqayıt və Lüdviqshafen partnyor şəhərlərinin iştirakı ilə 2010-cu ildən etibarən yeni layihənin – “Cənubi Qafqazda yerli idarəetmənin inkişafına dəstək” proqramının başlanmasına qərar verilib. Bu proqram 2002-2009-cu illər arasında həyata keçirilən “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsinin davamı olmaqla Sumqayıt və Lüdviqshafendən başqa Almaniyanın Saarbrüken və Biberax, Gürcüstanın Tbilisi və Telavi şəhərlərini əhatə edir. Yeni proqram çərçivəsində tullantı təsərrüfatının idarə edilməsi, çirklənmiş ərazilərin reabilitasiyası, ekoloji tərbiyə, yerli iqtisadiyyatın inkişafı və müxtəlif sosial qruplara dəstək istiqamətində şəhərlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur.