MAHİR ABBASZADƏ: “Ömrümüzün ən gözəl çağları da, ən yaxşı günləri də Laçınla bağlıdır”-MÜSAHİBƏ

1390

Müsahibəyə həyəcanlı, daxilində olan sevinc hisslərini gizlədə bilməyəcək dərəcədə həssaslıqla başladıq. Danışdıqca gözləri dolur, sevincdən səsi titrəyir…. Və nəhayyət. Müsahibimiz Milli Məclisdə Laçını təmsil edən millət vəkili Mahir Abbaszadədir.

Mahir müəllim təşəkkür edirik bizə vaxt ayırdığınız üçün. Bildiyiniz kimi bu gün artıq Laçın rayonu düşmən işğalından azad olundu. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Laçın azadlığa qovuşdu. Laçından olan millət vəkili kimi sizin fikirlərinizi bilmək istərdik.

– Bildiyiniz kimi, noyabr ayının 10-da üç tərəfli müqavilənin əsaslarından biri də siz qeyd etdiyiniz kimi Laçın rayonunun ermənilərdən tamamilə azad olunması idi. Biz bundan qabaq Ağdam rayonunu, sonra isə Kəlbəcər rayonunun işğaldan azad olunmasının şahidləriydik. Allaha min şükürlər olsun ki, bu gün Laçının işğaldan azad olunmasını qeyd edirik. Mən bu münasibətlə başda möhtərəm cənab Prezidentimiz İlham Əliyevə təşəkkürlərimi bildirirəm. Eyni zamanda Müzəffər Azərbaycan Ordusuna minnətdarıqDöyüşlərdə şəhid olmuş qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Eyni zamanda xəstəxanalarda qazilərimiz var Allahdan onlara şəfalar diləyirəm. Və eyni zamanda bütün Azərbaycan xalqını, laçınlıları, özümüzü təbrik edirəm. Çox sevinirəm ki, bu gün bizim 30 illik həsrətimizə son qoyulur. Biz öz dədə-baba yurdlarımıza qayıdırıq. Hər bir insanın həyatında unudulmaz, sözlə ifadə edilə bilməyəcək, onun heç vaxt yaddaşından çıxmayacaq xoşbəxtlik deyilən bir şey var. Bu gün 75 minlik laçınlı xoşbəxtdir. Bu günlərin həsrətilə kifayət qədər laçınlılar bu dünyadan köçüb gedibdir. Onların ən böyük arzularından biri və birincisi Laçını görmək, Laçında yenidən yaşamaq, ora yenidən formalaşdırmaq, bu dünyadan köçəndə də o torpağa qismət olmaqla bağlı bir arzuları olub. Təəssüflər olsun ki, o laçınlılar bu arzularına çata bilməyiblər. Amma mən özüm şəxs olaraq bu gün 75 minlik laçınlılar, Laçın sevərlər, bütün  Azərbaycan  xalqı ki, bu günləri yaşayırıq. Bu nöqteyi-nəzərdən mənə elə gəlir ki, biz xoşbəxt adamlarıq ki, biz bu günlərin, anların canlı şahidləriyik. Bu xoşbəxtliyi bizə qismət edən göydə Allaha, sonra möhtərəm cənab Prezident və onun Ali Baş Komandanlığı ilə Müzəffər Azərbaycan Ordusuna təşəkkürlərimizi bildiririk və hesab edirəm ki, həm möhtərəm cənab Prezidentin fəaliyyəti həm Azərbaycan Ordusunun qüdrəti, gücü sayəsində biz bu günləri görürük və bu günlərin şahidi oluruq.

– Laçın xatirənizdə necə qalıb?

– Laçın rayonu işğal olunanda mənim 17-18 yaşım var idi. Biz orta məktəbin sonuncu buraxılışı olduq. Xatirənizdədirsə o vaxtlar məktəb 11 illik deyil, 10 illik idi. Biz 10 il orta məktəbdə oxuduq. Amma təəssüflər olsun ki, çox qəribə idi biz orta məktəbin attestatını ala bilmədik. Çünki may ayının 17-18-də Laçın işğal olundu. Amma orta məktəblərdə attestatı iyul-iyun aylarında verirlər. O zaman hökumətin belə bir qərarı var idi ki, Məcburi köçkünlər, xüsusilə də laçınlılar və şuşalılar harada məskunlaşdırılarsa orada, o kənddən, o məktəbdən o rayonun məktəbin təhsil şöbəsinin attestatı alırdılar. Mən də o zaman attestatımı Qubadlı rayonunun Balasoltanlı kəndinin tam orta məktəbindən ala bildim. Mənim şəxsən yadımda Laçının ən gözəl günləri qalıbdı və eyni zamanda bizim o müharibə dövründə Laçına düşən qrad mərmiləri, Laçın uğrunda döyüşən Laçının, Azərbaycanın digər bölgələrindən gəlmiş mərd oğulları, insanların Laçından didərgin düşməsi, ataların, anaların övladlardan ayrı düşdüyü bir vaxtlar. (Fikrə gedir, o anları sanki indi də yaşayırmış kimi doluxsunur…) Ömrümüzün ən gözəl çağları da, ən yaxşı günləri də Laçınla bağlıdır. Təbii ki, bu bizim uşaqlıq illərimizdir. Amma eyni zamanda məcburi köçkün həyatına məhkum olduğumuz günlər də  məhz Laçından başlayır.

– Döyüşlərdə də iştirak etmisiz?

– O zamanlar döyüşlərdə belə iştirak edirdik ki, yəni  mənim orduya yaşım düşmürdü. Amma biz orta məktəbi qurtardıqdan sonra bilirsiz, mən Laçın rayonunun Güləbird kəndindənəm. Bizim kəndimiz Qubadlı tərəfdən Laçın rayonunun birinci kəndidir. Ona görə Ermənistan silahlı qüvvələri Şuşanı və Laçının şəhər mərkəzini işğal etdikdən, Qarabağla yolu bərpa etdikdən sonra bir müddət bizim ordumuz bir tərəf Kəlbəcər tərəfdən, bir tərəf Qubadlı tərəfdən oranı ermənilərdən müdafiə edirdi və bizim kəndimiz də 1993-cü ildə işğal olundu. 1992-ci il Laçın işğal olunanda bizim kənd işğal olunmamışdı. Onda bizim kənddə hamı əlinə silah götürüb, hərbi forma geyinib orduya kömək edirdi. Təbii ki, orda kömək edən insanlardan da biri mən olmuşam. Yəni orada qrad maşınlarının boşaldılmasına, snaryadların düzülməsində, əsgərlərimizin yanında olmasına, onlara mənəvi dəstəyin verilməsində də mən iştirak etmişəm. Amma döyüş olaraq, təbii ki, bunu Azərbaycan Ordusu həyata keçirirdi və əsgərlik yaşına, döyüşməyə yaşı 18 yaşından yuxarı həm kənd əhalisi, həm də Laçın rayonundan olan insanlar iştirak edib.

 – Hərənin bir arzusu olur. Torpağa qayıdanda ilk işim bu olacaq, bunu həyata keçirəcəm. Siz Laçına ilk ayaq basanda hansı arzunuzu reallaşdırmaq istəyərdiniz?

 – Mənim düşüncəmdə bütün işğaldan azad olunmuş torpaqlar o yerlərdə böyüyüb, formalaşmış, həyat tərzi qurmuş insanlar üçün çox əvəzedilməzdir. Məsələn, mən bu yaxınlarda bir epizoda baxıram mənim hörmətli həmkarım, dostumuz Aqil Abbas Ağdamın işğaldan azad olunması vaxtı qol açıb oynayır. Mən o insanı çox normal başa düşürəm. Bəlkə də Aqil Abbas son vaxtlar heç toylarda oynamamışdı. Məsələn, mən düşünürəm ki, mən ilk dəfə kəndlərə, kəsəklərə, rayon mərkəzinə, ya hara gedəcəyimi heç cürə planlaşdıra bilmirəm. Bilmirəm ki, nədən başlayacam və ilk getdiyim yer hara olacaq. Adam fikirləşir ki, bəlkə mən ilk dəfə doğulduğum evə gedim və yaxud bəlkə də mən ilk dəfə oxuduğum məktəbə gedim. Bilmirəm bəlkə mən qəbiristanlıqlara gedim, hansı ki, 30 ildir o qəbirləri bir ziyarət eləmirik. Bilmirəm Bəlkə mən Laçının özü qədər qiymətli olan tarixi abidələrə gedim baxım. Bəlkə bizim üçün həmişə səcdəgah olan Seyidlər məhəlləsinə gedim? Mən bilmirəm. Yəni hələ heç cürə onu planlaşdıra bilmirsən insanın daxilində və düşüncəsində nə qədər böyük planlar olsa da təbii ki, o Vətəndən böyük deyil. Yəni o hisslərlə bağlı heç vaxt plan cızmamışam ki, mən gedəndə ilk dəfə hardan gedəcəm, necə gedəcəm və ən çox fikirləşdiyim məsələ var ki, görən mən özümü idarə edə biləcəm?  Mən ümumiyyətlə bu sevincdən, bu heyrətdən, illərlə qəlbində gizlətdiyin, heç kəsə deyə bilmədiyin o sirrləri Laçınla üz-üzə qalanda deyə biləcəmmi? Onu düşünürəm. Elə hisslər var ki, hansı ki, illərlə bu səninçün çox böyük sirr olubdur, amma sən bu faktlarla üz-üzə qalanda bilmirsən nədən başlayasan. Mən də nədən başlayacağımı bilmirəm. Çünki Vətəndə hər şey sənin üçün birincidir. Yəni 30 ildir ordan ayrılmışıq. Mən Laçında doğulduğum evi də, məktəbi də, tarixi abidələri də, gəzdiyim küçələri də ilk dəfə görəcəm. Bəli mənə elə gəlir ki, hərdən onları mən növbəliyə qoşsam, desəm ki, yox bunu birinci, bunu ikinci, bunu üçüncü görüm. Mənə elə gəlir o yerlərin xətrinə dəyərəm, özümü bağışlaya bilmərəm. Çünki bizim ora ilə bağlı 30 illik həm də bir mənəvi məsuliyyətimiz var ki, Allahın köməkliyilə biz bu məsuliyyətdən azad olarıq İNŞALLAH!.

 – 44 günlük şanlı zəfər yeni bir tarix yazıldı cənab Prezidentin rəhbərliyi altında qızıl hərflərlə. Bu tarixə ümumi qiymət verməyinizi istirəydim.

 – Mənim düşüncəmcə bu Azərbaycan tarixinin ən şərəfli, ən ləyaqətli səhifəsidir. Ola bilsin ki, bu gün biz bu tarixi yaşayırıq deyə o qədər də dəyərləndirə bilmirik. Biz bu 44 günlük müharibəyə bir neçə prizmadan baxsaq, görərik ki, bu günlər Azərbaycan tarixində bütün Dünya Azərbaycanlılarının fəxr edə biləcəyi tarixdir. Çünki biz düşünəndə ki, son 200 ildə Azərbaycan heç bir vaxt çox təəssüflər olsun ki, itirdiyi torpaqları geri qaytara bilməyib. Əksinə hər zaman torpaq itirib. Bunun müxtəlif səbəblərini deyə bilərik. Hakimiyyətsizlik, Ordu quruculuğunun olmaması, böyük super dövlətlərin maraqları, iqtisadi, siyasi cəhətdən, beynəlxalq aləm, geopolitik vəziyyət və bir çox problemlər əsas səbəb idi. Biz bu prizmadan baxanda hazırkı gərgin situasiyada torpaqların geri qaytarılması sözün əsl mənasında böyük igidlikdir. İkinci prizmadan baxanda ki, dünya müharibələri qəbul etmir, dünya silahı qəbul etmir, dünya söz azadlığı istəyir….. Biz belə bir çətin vəziyyətdə torpaqları geri ala bilmişik. Üçüncü prizmadan baxanda biz bu torpaqları güc yolu ilə geri almışıq. Yəni bizə necə deyirdilər ki, əşşi 30 il üstündən keçdi, nəsillər dəyişdi, təzə bir nəsil gəlməyəcək. Analarının qucağında, bələkdə torpaqdan qaçqın düşmüş uşaqlar bu gün tankın üstündə, əlində silah torpaqları geri qaytarırlar. Bax bu nöqteyi-nəzərdən də 44 günlük müharibə Azərbaycanın qəhrəmanlıq səlnaməsidir. Və bütün bunlardan sonra  nəzərə alanda ki, biz nəinki işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı olan rayonları, biz nəinki Dağlıq Qarabağın özünü, biz nəinki Dağlıq Qarabağdan sonrakı müddətdə torpaqları geri aldıq. Eyni zamanda Qazaxdan 7-i kəndi həll edə bildik, biz Naxçıvanla quru yolunu bərpa e bildik.  Bu bizə böyük bir nəaliyyətdir, böyük bir silahdır belə bir yolun təmir olunması. Biz eyni zamanda bir məsələyə xüsusi diqqət yetirməliyik Ağdam, Kəlbəcər, Laçın kimi yerləri bir güllə atmadan geri ala bilmişik. Bu da bizim diplomatiyamızın qələbəsidir. Eyni zamanda Azərbaycan ordusunun döyüş bölgəsində erməniyə vurduğu zərbənin nəticəsindədir. Baxın bu müharibədə nələr yoxdur. Diplomatiya var, səhrada döyüş var, mətbuatla bağlı cənab Prezidentin apardığı işlər, beynəlxalq KİV-lərə veridiyi müsahibələr, ermənistanın informasiya blokadası darmadağın olunması, iqtidarxalq birliyi... Bütün bunları toplayanda Azərbaycanda bu böyük bir qəhrəmanlıq səlnaməsi, böyük bir şanlı tarixdir. Və möhrətəm cənab Prezidentin də qeyd etdiyi kimi biz çox xoşbəxt insanlarıq ki, bu günləri biz  öz gözlərimizlə gördük. Bu nöqteyi-nəzərdən Azərbaycan tarixi mən inanmıram ki, bundan sonra bu qədər şanlı və şərəfli bir tarix yaşayacaq. Təbii bu xalqın tarixi də, bu günü də, sabahı da şərəflidir, ləyaqətlidir. Amma mən torpaqların geri qaytarılmaq, bu problemin həll olunması nöqteyi-nəzərdən, nəinki Azərbaycana, nəinki Ermənistana, bütün Cənubi Qafqaza sülh gəlməyi nöqteyi-nəzərdən və bunu da həyata keçirən Azərbaycandırsa, bu tarix bizim üçün həqiqətən bir şərəf-ləyaqət tarixidir. Və mən hesab edirəm ki, bundan sonra Azərbaycanın həyatında həmişə belə qələbə günləri olacaqdır.

– Ermənilər belə deyək də həmin ərazilərdən çıxarkən evləri, obkyektləri yandırırlar. Mən güman eləmirəm ki, orada nəsə qalsın. Onlar vandal kimi yandırıb, dağıdıb-töküb çıxıb getdilər. Bilmək istərdim ki, Ermənistanın Azərbaycana iqtisadi cəhətdən böyük ziyan vurubdur. Bu zərərəin aradan qaldırılması və bu zərərərin qarşılanması yolunda Azərbaycan nə kimi addım ata bilər?

– Əvvəla bildirim ki, ermənilərin işğal etdiyi ərazilərdə, konkret olaraq Kəlbəcərdə, Laçında törətdikləri yanğın hadisələri və digər terrorları biz dolğun şəkildə dünya ictimayyətinə çatdıra bildik. Onların təkcə indi yox, 1990-cı ildən üzü bu yana işğal nəticəsində bütün alınan ərazilər yandırılıbdır, dağıdılıbdır, heç bir quruculuq işləri aparılmayıbdır. Hazırına-nazir olublar və olanı da darmadağın ediblər. Bunun bir neçə səbəbləri var. Səbəbin birincisi Ermənistan dövlətinin siyasi mahiyyətindən doğur. Ermənistan dövləti dünyanın o dəvlətlərindəndir ki, bəlkə də belə bir dövlət heç yoxdur. Ermənistanda vandalizm və terror dövlət siyasətidir. Baxın 1905-1907-ci il, 1918-ci il, 1948-1956-cı il, 1988-ci il və ondan sonrakı baş verən hadisələr hamısı göstərir ki, Ermənistanda bu dövlət siyasətidir. Yəni dövlət siyasətin tərkibidir. Bu qədər qırğınları tək insan həyata keçirdə bilməz. Bunu bir tayfa da həyata keçirə bilməz. Bunun arxasında dövlət durur, dövlət bunu maliyyələşdirir, dövlət bunu silahlandırır və təbii ki, dövlət tərəfindən də tapşırıqlar verilir və bu tapşırıqlar da ermənilər tərəfindən çox həyasızcasına, ləyaqətsizcəsinə həyata keçirilib. Bu dövlətin siyasətidir. Ermənistan siyasətidir. Yəni bunu demək olmaz ki, Ermənistan rəhbərliyinin xəbəri yoxdur bu işlərdən. Bunları ermənilər edib. İkinci məqam mənəvi məqamdır. Ermənilər hazırına-nazir olublar, ermənilər o torpaqlarda, o evlərin tikintisinə, quraşdırılmasına, o meşələrin formalaşmasına, o infrastrukturun yaranmasına heç bir maliyyə xərcləməyiblər. Onu azərbaycanlılar ediblər. Yəni biz xatirimdədi Laçından, Şuşadan çıxanda evimizin qıfıllarını belə qapımıza bağlamadıq ki, erməni gələndə o qapıları qırmasın, evə rahat daxil olsun. Bizdə həmçinin ona görə elə etdik, evlərimizi yandırmadıq ki, bura bir gün qayıdacağıq. Bura bizim ata-baba torpağımızdır. O evlərin yaranmasında, formalaşmasında insanlar böyük zəhmət çəkiblər, vəsait toplayıblar, pul xərcləyiblər, çətinliklərdən çıxıblar. Eyni zamanda o evlərin böyük əksəriyyəti insanlara babalarından, atalarından, nəsillərdən qalmış miras kimi baxırlar və bizdə də mirası qorumaq məsələsi var. Onların bir mənəvi məsələsi var idi qarşıda. İnsanlar ona görə onları yandırmırdılar. Düzdür, təbii özgəsinindir və nə varsa yandırılmalıdır prinsipi ilə yaşamaq düzgün deyil. Amma biz nəzərə alsaq ki, burada bir erməni xisləti də var, ona görə ermənilərlə elə belə davranmalıdır, başqa cürə davranmalı deyil. Amma başqa bir üçüncü məqam ondan ibarətdir ki, ermənilər bilirdilər ora bir də qayıtmayacaqlar. Onlar bilir ki, Azərbaycan Ordusu möhtərəm cənab Prezidentimizin rəhbərliyilə onların başına elə bir yumruq vurub ki, hələ yaxın 30 ildə çətin ayılsınlar. Qayıtmayacaqlarına görə özlərinə qalmırsa, heç kimə qalmasın prinsipinə əsasən götürüb o torpaqları yandırırlar və çox təəssüflər olsun ki, bu günləri təkcə orda evlər yox, infrastrukturlar yox, eyni zamanda təbiətə böyük ziyan vururlar. Ekoloji ciyanətkarlıq törədilib. Sularımıza, torpaqlarımıza, meşələrimizə qarşı, eyni zamanda tarixi abidələrimizə qarşı onlar cinayət törədirlər. Bu istiqamətdə Cənab Prezident İlham Əliyevin tapşırığı var, komissiya işləyir. Və bunlar hamısı qiymətləndirilməlidir, qiymətləndiriləndə isə dünyada qiymətləndirilmənin metodologiyası var. O metodologiyadan istifadə olunacaq. O metodologiya ondan ibarətdir ki, birincisi – o ərazilər işğal olunan vaxtı dəymiş ziyan; ikincisi – o ərazilər işğal olunarkən insan faktrında yəni şəhidlərlə bağlı qiymət verilməsi, çünki burda insanların öldürülməsindən söhbət gedir; üçüncüsü – bu müharibə nəticəsində Azərbaycana dəymiş ziyan, hansı ki, əlillərlə bağlı, Azərbaycan dövlətinin büdcəsindən kifayət qədər bu əlillərin saxlanmasına, onların müalicəsinə, müavinətlərinə hər il kifayət qədər vəsait ayrılır; dördüncüsü –  bu ərazilərdə olan təbii sərvətlərin daşınması, yəni Kəlbəcərdə, Zəngilanda qızıl yataqları, Ağdərədə daş kömür yataqları, Laçında mişar daşı yataqlarının kəsilib aparılması, meşələrin qırılıb aparılması və eyni zamanda bu 30 il müddətində Azərbaycan tərəfindən hesablanmalıdır ki, indiyə qədər o torpaqlar bizdə olsaydı nə qədər mənfəət əldə edəcəydik. Yəni bütün bunlar toplanmalıdır və toplanacaq inşallah ki, qiymətləndiriləcək və beynəlxalq təşkilatlara təqdim olunacaq. Təbii ki, beynəlxalq təşkilatlar və beynəlxalq hüquq biz tərəfdədir. Beynəlxalq hüququn imkan verdiyi beynəlxalq məhkəmələr biz bunu sübut edəndən sonra təbii ki, biz Ermənistandan təzminat istiyə bilərik və istəniləcək. Ermənistan da bunun hansı formada ödənilməsindən asılı olmayaraq ödənilməlidir. Yəni ola bilsin bunun əvəzinə torpaq verəcək, vəsait verəcək və bu Ermənistanın məsələsidir. Bir də beynəlxalq hüquqda oxşar hallar var. Məsələn biz 1941-1945-ci illərdə məğlub tərəfi dünya yevreylərinə qarşı ödədiyi vəsaiti bilirik. Biz Almaniya, Fransa 100 illik müharibəsindən sonra ödənilən təzminatı bilirik. Biz Yuqoslaviyada hadisələrdən sonra Bosniya-Hersoqovina ödənən təzminatları bilirik. Təbii ki, bütün bunlar bizdə beynəlxalq hüququn bir subyektiyik, o beynəlxalq hüququn tələb etdiyi sahələrdir. Mənə elə gəlir ki, biz buna da nail ola biləcəyik gələcəkdə.

– Müsahibənin sonunda ürək sözlərinizi, toxunmaq istədiyiniz məsələlər varsa buyura bilərsiniz.

– Mən təkrar-təkrar bütün Azərbaycan xalqını təbrik edirəm. Bütün həmyerlilərimizi, laçınlıları təbrik edirəm. Bizim təşəkkürlərimiz Ali Baş Komandan cənab İlham Əliyevədir. Bizim təşəkkürlərimiz Azərbaycan Ordusunadır, bizim təşəkkürlərimiz şəhid ailələrinə, o şəhidləri böyüdən ata-analaradır. Bizim təşəkkürlərimiz xəstəxanada yatan qazilərimizədir. Allah onların hamısına şəfa versin. Azərbaycanın gözü aydın olsun. Çünki 1992-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunur. İlk dəfə tarixdə biz Azərbaycanın ərazi bütövlüyü bərpa olunur. Bu ərazi bütövlüyünün bərpası münasibətilə bütün azərbaycanlıları təbrik edirəm.

– Laçının işğaldan azad olunması ilə bağlı heç kimə muştuluq söz verməmisiniz ki?

– Xeyr.

– Elə isə muştuluğum sizdə!

Ədil Ədilzadə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər