Mahir Məmmədov: “Şəhriyar Məmmədyarov və komandası ilə qürur duyuram”

2231

Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədovun “Report”a müsahibəsi

– Şəhriyar Məmmədyarovun İddiaçılar Turnirindəki çıxışını necə dəyərləndirirsiniz?

– Çox görkəmli və çox böyük çıxış oldu. Bu, Azərbaycan şahmat tarixində misilsiz, görünməmiş hadisə idi. Azərbaycanı təmsil edən şahmatçı şahmat tacı uğrunda görüşün bir günlüyündə dayandı. Özü də necə dayandı? Əvvəla, turniri ikinci pillədə başa vurdu. Son dəqiqəyə, son saniyəyə qədər Şəhriyarın şansı var idi. O, mübariz xarakter nümayiş etdirdi. Göstərdi ki, İddiaçılar Turnirindən öncə böyük hazırlıq mərhələsi keçib, çox güclü hazırlaşıb. Komandasının kimlərdən ibarət olduğunu bilirəm. Üzdə olan və olmayan nümayəndələr var idi. Böyük komanda yığıldı, böyük iş görüldü. Onları yalnız alqışlaya bilərəm. Onlarla qürur duyuram. Bu, bizim kampaniya olmalı idi. Amma bir qədər bəxtimiz gətirmədi.

– Komandanın üzvləri kimlər idi? Hər halda indi açıqlamaq olar…

– Hamısını açıqlaya bilmərəm. Yalnız onu deyə bilərəm ki, məşqçisi Aleksey Dreyev idi. O, komandanın aşkar üzvü idi. Digərləri isə komandanın daxili işidir.

– Məmmədyarovun çıxışlarında daha çox hansı nüans diqqətinizi çəkdi? 

– İlk növbədə, onu qeyd etmək istəyirəm ki, hamıya xal paylan Ermənistan təmsilçisi Levon Aronyan Şəhriyarla oyunlarda uduzmadı. Halbuki, sağa-sola xal paylayırdı. Bu, təəssüfləndirici haldır.

– Amma Şəhriyar da onunla görüşləri heç-heçə ilə başa vurdu. Hətta onların ilk qarşılaşması erkən yekunlaşdı. Bəziləri belə düşünürdü ki, müəyyən siyasi məsələləri nəzərə alaraq, öz aralarında heç-heçəyə razılaşıblar…

– Mən bu barədə heç nə söyləyə bilmərəm. Belə səviyyəli turnirdə elə razılaşmalar olmur. Hamı şahmat tacı uğrunda mübarizə aparır. Şahmatçılar yüksək nəticə göstərmək istəyir, qarşılarına məqsədlər qoyurlar. O yolda prinsiplərə zidd getmək, kiminləsə razılaşmaq o deməkdir ki, ən azından şahmat Allahı səni cəzalandırır. Belə hallar ola bilməz. Əlbəttə, Azərbaycan və Ermənistan şahmatçıları arasındakı görüş gərgin keçir. Burada psixloloji təzyiq də var. Bu hal təkcə bizimkilərə yox, ermənilərə də təsir edir. İkitərəfli mübarizədə bizim şahmatçılar psixoloji cəhətdən özlərini daha dözümlü nümayiş etdirirlər. Ümumi hesabı götürsək, bu, bizim şahmatın xeyrinədir. İkitərəfli qarşıdurmanı nəzərdə tutub bunu deyirəm. Onu da unutmayaq ki, Aronyan zəif şahmatçı deyil. Sadəcə, bu turnir onun üçün uğursuz oldu. Lakin o demək deyil ki, uğursuzluğu davam edəcək. Aronyan karyerası ərzində sübut edib ki, görkəmli şahmatçılardan biridir. Sadəcə, müəyyən psixoloji duruma görə Şəhriyarla onun qarşılaşmaları heç-heçə ilə yekunlaşdı.

– Digər tərəfdən, Məmmədyarov Rusiyanın hər 3 təmsilçisini məğlub etdiyi halda, digər ölkələrin şahmatçılarını yenə bilmədi. Sizcə, bu, nə ilə bağlıdır?

– Şəhriyarın rusları məğlub etməsi ilə qürur duyuram. Rusiya təmsilçiləri mübariz və ən güclü şahmatçılar sırasındadırlar. Yekunda da bu şahmatçılar yüksək pillələri tutdular. Halbuki, biz Sergey Karyakinin aşağı yerlərdə olacağını düşünürdük. 6 turdan sonra o, sonuncu pillədə idi. Lakin 12-ci turdan sonra turnir cədvəlində liderliyə yüksəldi. Karyakini aşağı salanlardan biri də Şəhriyar idi. Vladimir Kramnikin təvəllüdünü dəqiq bilmirəm, amma kifayət qədər yaşının olmasına baxmayaraq, ən maraqlı oyunu sərgilədi. Şahmat nəzəriyyəsi, kombinasiyaları, barışmazlığı sarıdan ən maraqlı qrossmeyster o idi.

– Kramnik 1975-ci il təvəllüdlüdür… 

– Deməli, 43 yaxşı var. O vaxt belə bir ifadə var idi: Dünya çempionları hər 12 ildən bir dünyaya gəlirlər. Anatoli Karpov 1951, Harri Kasparov 1963, Vladmir Kramnik 1975-ci ildə doğulub. Vaxtıilə deyirdik ki, növbəti çempion 1987-ci təvəllüdlü Teymur Rəcəbov olacaq. İndi isə Şəhriyarın görkəmli çıxışından danışırıq. Qruşukun isə 13-ci tura qədər şansı var idi. Onun da şansını Şəhriyar əlindən aldı. Məmmədyarov ən güclü şahmatçıları – rusları uddu. İstənilən şahmatçı bu turnirdə xallarını işləri qaydasında getməyən Aronyanı udmaqla yığıb. Amma elə şahmatçı da var ki, Kramniki, Karyakini, Qrişuku udmaqla xallar qazanıb. Mən son iki tura qədər Karuananın birinci yerə çıxmasını ədalətsizlik sayırdım. Çünki o, iki dəfə Aronyanı məğlub etmişdi. Fikirləşirdim ki, qalib olmağa Şəhriyar hamıdan çox layiqdir. Gizli lider kimi isə Din Lijeni hesab edirdim. Lijen sonuncu turlarda da bunu sübut etdi. Təəssüf ki, Şəhriyarı məğlub etdi. Onun da şahidi olduq ki, Din Lijenin qalib gəlmək şansı var idi. Karuana isə son turlarda yaxşı oynadı.

 Məmmədyarova siz də gedib dəstək oldunuz…

– Bəli. Mən ora dəvətli idim. Müəyyən vacib məsələlərə görə getmək istəmədim. Bu səbəblər şahmatla bağlıdır. Açılış mərasimində bəzi insanlar var idi ki, onları görmək istəmirdim (Ermənistan prezidenti Serj Sarqsyanı nəzərdə tutur – red.). Sonradan isə ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənovla danışdıq. Təşkilatçılarla birlikdə martın 18-i Almaniyaya getdik. Səhv etmirəmsə, 7-ci tur idi. Məmmədyarovla da görüşdük. Şəhriyarla Qrişuk qarşılaşırdı. Təmsilçimiz qara fiqurlarla oynayırdı. O, cəngavər kimi sona qədər mübarizə apardı.

 Sizcə, Fabiano Karuana nəyin sayəsində qalib ola bildi?

– 25 yaş şahmat tacı uğrunda yarışmaq və İddiaçılar Turnirdə mübarizə aparmaq üçün kifayət qədər dolğun yaşdır. Şahmat çox cavanlaşıb. 35 yaşı olan isə qocaman sayılır. Əvvəllər 35 yaş çiçəklənmə dövrü hesab olunurdu. İndi isə bu yaşa karyeranın sonları kimi baxırlar. Mən bununla razı deyiləm. Kramnik də bunun doğru olmadığını sübut edir. Karuanada işgüzarlıq yüksək dərəcədədir. Mən onun məşqçiləri ilə ünsiyyətdə olmuşam. Özü ilə də yaxından tanışıq. Münasibətlərimiz də var. Bizim “SOCAR Azerbaijan” komandasında şahmatçılarımızla birlikdə oynayıb. Çox yaxşı insandır. Heç bir pis şeyi özünə rəva görməz. Eşitdiyimə görə, günün 8-10 saatını şahmata həsr edir. Böyük bazası var. Gedişləri çox yaxşı bilir. Psixoloji baxımdan çox yaxşı vəziyyətdədir. Sadaladıqlarımın hamısı Şəhriyarda da var. Sadəcə, bu turnirdə Karuananın bəxti gətirdi. Şəhriyar 6-cı turdan 11-ci tura qədər heç-heçələr etdi. Amma fikrimcə, bu görüşlərin hansında isə sürəti artırmalı idi. Rəqib heç-heçə istəyirsə, onu udmaq çox çətindir. Şəhriyarı hamı güclü hesab edir. Onunla heç-heçə etmək çoxları üçün qənaətbəxş oldu. Həmin turlarda təmsilçimiz xallar itirdi. Bizi sevindirən məqam odur ki, Şəhriyar turnirin sonuna da güc saxladı. Bu, onun yüksək səviyyədə olmasının nümunəsidir.

– Sizcə, İddiaçılar Turnirində qələbəni son turlarda əldən verməsi Məmmədyarovda ruh düşkünlüyü yaratmayacaq? Belə bir şans bir daha ələ düşəcəkmi?

– Şəhriyar özünü dünyanın ən güclü 2-3 şahmatçısından biri kimi sübut edib. Çox vaxt ən güclü sözünü mübaliğə kimi deyirik. Amma Şəhriyar doğrudan da müasir şahmatın ən görkəmli, ən güclü şahmatçılarından biridir. Bu, artıq reallıqdır. Təmsilçimiz Vladimir Kramniklə, Maqnus Karlsenlə eyni sırada olan şahmatçıdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər