31 avqust 2020-cu il tarixdə Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 27-cı ildönümü ilə əlaqədar Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət etdi və Xiyabandakı abidənin önünə əklil qoyulduqdan sonra bütün şəhidlərin məzarı üzərinə gül dəstələri qoyuldu.
Bu gün Qubadlının işğalının 27-cı ili tamam olur. Zəngin tarixə malik olan rayonumuzun bütün əmlakı erməni işğalçıları tərəfindən talan edilmiş, 1 şəhər, 93 kənd tamamilə dağıdılmış, evlər, ictimai binalar yandırılmış, salamat qalanlar isə sökülərək Ermənistana daşınmışdır.
Düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 473 nəfər rayon sakini əlil olmuş, 100 nəfərdən çox insan itgin düşmüşdür. 11 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Hal – hazırda 38600 nəfərdən artıq Qubadlı əhalisi respublikamızın 41 rayonunda məcburi köçkün ömrü yaşayır. Əhalimizin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. Harda məskunlaşmağından asılı olmayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir. Bu isə əsası Ulu öndərimiz tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür.
27 il ərzində torpaq həsrəti bir an da olsun əhalimizi tərk etməyib. Dövlətimiz və hökümətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində kompleks tədbirlər həyata keçirmişdir. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil. Orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. 2016-cı ilin aprel ayında dördgünlük döyüş Azərbaycan ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də çox az müddətdə işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə qadirdir.
Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Aprel döyüşlərində fərqlənən rayon sakinlərimiz Həmidov Şükür Nəriman oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Bərxudarov Mais Şükür oğluna general-mayor hərbi rütbəsi verilmiş, Qasımov Faiq Qaçay oğlu isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşdür. Aprel döyüşlərindən sonra hər üç həmyerlimizin yüksək təltifə layiq görülməsi rayon sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur.
Belə ki, Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən rayonun tarixi, milli qəhrəmanları və şəhidləri ilə bağlı rəsmi internet səhifələrində paylaşımlar edilmişdir. Keçmiş döyüşçülərin və polis işçilərinin müsahibələri sosial şəbəkələrdə paylaşılır.
Rayonun Təhsil şöbəsi də bütün təhsil müəssisələri ilə birgə işğal günü ilə bağlı online (onlayn) rəsm sərgisi təşkil etmiş, Qubadlının işğal gününə, şəhidlərimizin əziz xatirəsinə, “Qəhrəmanlığa aparan yol”, “Vətənə sevgi” və Qubadlının tarixinə həsr olunmuş videoçarxlar hazırlamışdır. Həmçinin ” Qubadlı tarixi haqqında” 31 avqust 2020-ci il tarixdə açıq dərslər keçirildi.
Rayonumuzun tarixi, şəhidləri və milli qəhrəmanları , rayonun işğal gününə həsr olunmuş yazılar dövlət qəzetlərində və rayonun “Bərgüşad”qəzetinin xüsusi buraxılışında dərc olunmuşdur.
Sumqayıt Regional Mədəniyyət İdarəsi Qubadlı rayon nümayəndəliyi və tabeliyində olan müəssisələr rayonunun işğalının 27-ci ildönümü münasibəti ilə doğma yurdumuz Qubadlıya həsr olunmuş “Yurd həsrəti”, “Doğma Yurdum”, “Qubadlıya qayıdacağıq” “Torpaq uğrunda ölən varsa”, “Salam olsun sənə vətən”, “Qubadlı xatirələri”, “Yaşa var ol Azərbaycanım” başlıqlı videoçarxlar sosial şəbəkələrdə paylaşılır və bu işlər davam etdirilir.