Maraq doğuran önəmli mesajlar

466

Prezident İlham Əliyev  iyulun 21-ində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində zamanın tələbinə uyğun çıxış etdi, prinspial mövqe nümayiş etdirdi. Bir çox mətləblərə toxunan ölkə başçısı xüsusi vurğuladı ki, Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır. İki ölkə arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. Türkiyə Prezidenti Ərdoğan Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bəyannamə qarşımızda yeni üfüqlər açır. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik.

Xalqını, vətəndaşını daim düşünən liderimiz daha sonra qeyd etdi ki, ötən ilin fevralında imzalanan Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında bir mərhələdir. Bəyannamə özündə müstəqilliyin ayrı-ayrı dövrlərində müxtəlif cür inkişaf edən, lakin hər iki ölkənin uzun illər ərzində bəyan etdikləri kimi strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu münasibətlərin inkişafı tarixini ehtiva edir.

Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması möhkəm təmələ malik idi. Məhz Rusiya tərəfi Ermənistan və Azərbaycan 2020-ci il noyabrın 9-da, Üçtərəfli Bəyanatın razılaşdırılmasının getdiyi bir vaxtda həmin birləşdirici rolu oynamışdı.

Bəyannamə imzalanandan bəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı kifayət qədər uğurlu olub. Yüksək səviyyədə xeyli təmaslar olub, hökumət başçıları, xarici siyasət qurumları və digər hökumət və ictimai strukturların təmsilçiləri səviyyəsində təmaslar olub.

Rusiya kütləvi informasiya vasitələrində Azərbaycana münasibətdə və Azərbaycan kütləvi informasiya vasitələrində Rusiyaya münasibətdə gördüyümüz kiçik nahamarlıqlar Azərbaycan və Rusiyanın siyasətinə heç bir təsir göstərmir.

Dünyada Rusiya-Ukrayna müharibəsinin başlanmasından, o cümlədən İkinci Qarabağ müharibəsindən sonra vəziyyət bizim regionda dramatik şəkildə dəyişdiyi üçün müxtəlif qiymətləndirmələr, müxtəlif təhlillər və müxtəlif rəylər qaçılmazdır. Lakin belə məqamlar Azərbaycan rəhbərliyinin siyasi iradəsinə təsir etmir. Ona görə münasibətlərimizin gələcəyi də ötən illərdə olduğu kimi, belə müsbət və uğurlu olacaqdır.

Eyni zamanda, cənab Prezident söylədi ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə sürətlə inkişaf edib. Sirr deyil ki, son zamanlarda Hərəkat tədricən deqradasiyaya uğramışdı və o, praktik olaraq xüsusi davamı olmayan müəyyən məsələlərin müzakirə platformasına çevrilmişdi. Azərbaycanın sədrliyi dövründə isə Hərəkatın institusional inkişafı müşahidə olunur.

Dövlət başçımız həmçinin diqqətə çatdırdı ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir. Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Avropa İttifaqının enerji komissarı Azərbaycanı panAvropa qaz tədarükçüsü adlandırır. Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək.

Bəzi Amerika şirkətləri artıq Azərbaycanın bərpaolunan enerji sahəsinə maraq göstərir. Biz bu sahədə çox böyük potensiala malikik. Bakını yaxşı tanıyan insanlar bilirlər ki, Bakı çox küləkli şəhərdir. Külək Xəzər dənizində də böyük gəlir gətirəcək. Artıq Beynəlxalq Maliyyə Korporasiyası hesablama aparıb. Hesablamaya görə, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində şirkətlər artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş imzalandı və Avropa İttifaqının Prezidenti də orada iştirak edirdi. Həmin layihəyə əsasən, biz Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xətti inşa edəcəyik.

Bundan əlavə, Ermənistanla münasibətlərin tənzimlənməsi məsələsinə toxunan Ali Baş Komandan dedi ki,  biz sülh müqaviləsinin imzalanmasına nail olsaq, bu, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyəti sağlamlaşdıracaq və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq. Yüksək risk zonası təkcə ekspertlərin qiyməti deyil, bu, həmçinin reytinqlərdir, kreditlənmə imkanlarıdır. Bunlar birbaşa olaraq xarici sərmayələrlə bağlı məsələdir. İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar.

Hazırda üç beynəlxalq tərəf var ki, sülh prosesinə dəstək olurlar – ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqaməüzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur.

Hər bir ölkənin öz gündəliyi var, öz xarici siyasəti var, öz daxili səbəbləri var. Biz bilirik İkinci Qarabağ savaşı dönəmindəbizim yanımızda kim olub, biz bilirik Ermənistanın yanında kim olub, neytral mövqedə kim olub. İndi bu məsələnin yenidən gündəmə gətirilməsi düzgün olmaz. Bizim əsas vəzifəmiz torpaqlarımızı azad etmək idi, buna da nail olduq.

Cənab Prezidentin çıxışında bir məqam diqqətimi daha çox çəkdi. O dedi ki, Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır. Məncə, Ermənistan bundan nəticə çıxarmalıdır.

Bir sözlə, Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliği üçün mühüm tədbir idi və növbəti uğurlarımıza öz töhfəsini verəcəkdir.

 

Mətanət Pirquliyeva,

SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecin direktoru,

Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər