Mədəni inqilab, azyaşlı “ekspertlər” və 8 ayın möcüzəsi - SUMQAYIT TEATRINDAN REPORTAJ

1735
Teatrın hər bir xalqın mədəni həyatında mühüm rol oynadığı şübhəsizdir. Teatr insanları sadəcə əyləndirmir, həm də onları maarifləndirir, onlarda yüksək zövq, ali hislər, işıqlı fikirlər formalaşdırır. Odur ki, teatrı cəmiyyət üçün işıq və nur mənbəyi kimi də xarakterizə etmək mümkündür. Bu baxımdan Sumqayıt Dövlət Dram Teatrının fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
Yarım əsrdir yol gələn teatr…
1969-cu iin 14 mart tarixində yaradılan və  fəaliyyətinə böyük dramaturq Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissor Cənnət Səlimova) məzhəkəsi ilə başlayan Sumqayıt Dövlət Dram Teatrı yarım əsrdir ki, şəhər sakinlərinə xidmət göstərməkdə, onların həyatının ayrılmaz hissəsinə çevrilməkdədir. Lakin iki il bundan öncə Sumqayıt Dövlət Dram Teatrı ilə bağlı elə mühüm və xüsusi bir addım atıldı ki, bu yenilik Suqmayıt teatrının tarixində yeni bir səhifənin açılmasına səbəb oldu.
Belə ki, iki il öncə, cəmi 8 ay ərzində Sumqayıt Dövlət Dram Teatrı həm zahirən, həm də daxilən tamaşaçılar qarşısında yeni görünüş və sima ilə çıxdı. Teatrın köhnə binasının yerində möhtəşəm və əzəmətli görünüşü ilə hər kəsi heyrətdə qoyan yeni bir teatr binası ərsəyə gətirildi ki, bu da Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun adı ilə bağlıdır. Məhz Z.Fərəcovun dəstəyi sayəsində Sumqayıt Dövlət Dram Teatrı dünya standartları səviyyəsində yenidən quruldu ki, bu da teatr əməkdalarının daha effetiv fəaliyyətinə şərait yaratdı.
“Yeriyən səhnə”, yaxud  Sumqayıt Dövlət Dramm Teatrının avtobus yolçuluğu
Sumqayıt Dövlət Dram Teatrı ilə bağlı maraqlı faktlardan biri də insanların teatra marağının artırılması, onların teatrın repertuarı ilə mütəmadi tanışlığını təmin etmək üçün aparılan reklam işləridir. Bu reaklam işləri insanların daha çox cəmləşdiyi ictimai yerlədə xüsusi monitorlar, eləcə də digər reklam vasitələrinin köməyi ilə həyata keçirilir.
Bundan başqa, Suqmayıt şəhərinin ən böyük marşurutları sayılan “7” və “7A” marşurutlarında da Sumqayıt Dövlət Dram Teatrında nümayiş etdiriləcək tamaşalarla bağlı reklam xarakterli informasiyalar yer alır. Sözügedən avtobuslardan gün ərzində 55 min sərnişinin istifadə etdiyini nəzərə alsaq, bu, hər gün 55 min insan arasında teatrın fəaliyyəti, onun repertuarı ilə bağlı təbliğat işinin aparılması deməkdir. Başqa sözlə desək, Sumqayıt Dövlət Dram Teatrı əksər ictimai yerlərdə, eləcə də avtobuslarda insanların qarşısına çıxmaqla onları şəhərin mədəni həyatında fəal iştiraka səsləyir.
Azyaşlı “ekspertlər”, məktəbli “rəyçilər”…
Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirilən tamaşaların yüksək keyfiyətdə hazırlanması və təqdimatı teatr rəhbərliyinin daim diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Məhz bu səbəbdən də hazırlanan hər bir tamaşa teatrın bədii şurası tərəfindən ciddi şəkildə müzakirə və təhlil edilir, lazım gələrsə, müəyyən redaktə və dəyişikliklər edilir. Lakin işin ən maraqlı tərəfi teatrda azyaşlılardan ibarət bədii şuranın mövcudluğu ilə bağlıdır.
 Belə ki, uşaqlar üçün hazırlanan tamaşaların uşaq ruhuna, onların zövq və mənəvi aləminə daha dərindən  uyğunluğunu təmin etmək, bu tamaşaları uşaqlar üçün daha maraqlı etmək üçün azyaşlı fəallardan, ədəbiyyata, incəsənətə maraq göstərən aktiv məktəblilərdən ibarət bədii şura yaradılıb. Azyaşlı ekspertlərin işi hər kəsdən öncə bu tamaşalara baxmaq, həmin tamaşaları tənqidi aspektdən şərh etmək, öz təklif və rəylərini irəli sürməkdir.
Onu da qeyd edək ki, uşaq tamaşaları ilə bağlı məktəbli rəyçilərin mövqeyi peşəkarlardan ibarət bəddi şura üzvləri tərəfindən də qəbul edilir.
Teatrda rəy jurnalı da mövcuddur ki, bu da teatra gələn tamaşaçılara öz təklif və iradlarını, arzu və istəklərini öyrənməyə imkan verir.
“Bizə göstərilən etimadı doğrultmaq üçün bütün qüvvəmizi səfərbər etmişik”
Ölkə başçısının Azərbaycan mədəniyyət və incəsənətinin inkişafı sahəsində böyük işlər gördüyünü vurğulayan teatrın direktoru Mübariz Həmidov, rəhbəri olduğu Sumqayıt Dövlət Dram Teatrının da bu qayğını daim öz üzərində hiss etdiyini qeyd etdi:
“Ölkə başçısının Azərbaycan mədəniyyət və incəsənətinin inkişafındakı xidmətləri, bu sahəyə göstərdiyi mütəmadi qayğı və diqqət hər kəsə bəllidir. Təkcə bu faktı xatırlatmaq kifayətdir ki, bir müddət bundan öncə ölkəmizdə fəaliyyət göstərən 26 dövlət teatrına maliyyə vəsaiti ayrıldı ki, onların içində Sumqayıt Dövlət Dram Teatrı da var.
Təbii ki, tetarların maddi-texniki bazasının möhkəmlənməsi onun öz işlərini daha uğurlu və səmərəli qurması baxımından olduqca vacibdir və biz buna görə ölkə başçısına öz dərin təşəkkürümüzü bildiririk. Bizə göstərilən bu etimadı öz işimizlə doğrultmaq bizim qarşımızda duran ən başlıca vəzifədir və biz öz məqsədimizə nail olmaq üçün bütün qüvvələrimizi səfərbər etmişik”.
M.Həmidov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da daim teatra diqqət və qayğı göstərdiyini qeyd etdi:
“Şəhərimizin icra başçısı hörmətli Zakir Fərəcov da teatrımıza daim diqqət və qayğı göstərir. Teatrımızın təmiri, onun müasir səviyyədə yenidən qurulması, şəhər sakinləri arasında teatrla bağlı kütləvi təbliğatın aparılmasına şəraitin yaradılması və s. kimi məsələlər bilavasitə Z.Fərəcovun adı ilə bağlıdır. Bütövlükdə, Z.Fərəcovun şəhər ərazisində gördüyü işlərin miqyas və əhəmiyyətli olduqca böyükdür. Şəhərimizə gələn qonaqlar hər gəlişlərində şəhər ərazisində mühüm bir yeniliyə şahid olur, öz heyrətlərini gizlədə bilmirlər.
Bu il Sumqayıtın 70 illiyi təntənəli şəkildə qeyd ediləcək. Biz də teatr olaraq çalışacayıq ki, bu mühüm tarixi hadisəyə öz töhfəmizi verək”.
Əyalət mühitindən dünya arenasına doğru…
Sumqayıt Dövlət Dram Teatrının beynəlxalq sahədə əməkdaşlıq istiqamətində də ciddi addımlar atmaqdadır. Belə ki, Gürcüstan və Rusiya ərazisindəki bir sıra teatrlarla əməkdaşlıqla bağlı memorandumların imzalanması Sumqayıt teatrının yaxın gələcəkdə bu ölkələrə qastrol səfərlərinə imkan yaradacaq. Bu isə Azərbaycan mədəniyyəti və incəsənətinin ölkəmizdən kənarda təbliği və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir.
Bir sözlə, özünün 70 illiyinə hazırlaşan Sumqayıtda yalnız sosial-iqtsiadi sahədə deyil, mədəniyyət və incəsənət sahəsində də inqilabi tərəqqi müşahidə edilir. Bu tərəqqinin nüvəsində isə vətənə, xalqa, sülh və dostluq şəhəri olan Sumqayıta, onun doğma sakinlərinə olan sonsuz sevgi və məhəbbət dayanır.
Seymur ƏLİYEV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər