Media islahatlarında yeni mərhələ – yeni qanun medianın inkişafına təkan verəcək

714

Media islahatlarında yeni mərhələ – yeni qanun medianın inkişafına təkan verəcək

Son 18 ildə Prezident İlham Əliyevin dövlət quruculuğu sahəsində müasir və demokratik dəyərlərə söykənən siyasətinin əsas istiqamətlərindən biri də mətbuata dəstək olub. Ötən illər ərzində Azərbaycanda güclü, müstəqil və peşəkar medianın formalaşması istiqamətində mühüm addımlar atılıb.

Bu sahənin inkişafının davamı olaraq Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırıq verib. Bütün bunlar bir daha göstərir ki, milli informasiya məkanında davamlı inkişafa nail olmaq dövlət üçün prioritet məsələdir.

Əlbəttə, media islahatları və bunun əsas komponent olan media qanununun hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir. “Media haqqında” qanun Azərbaycan mətbuatının inkişafında yeni imkanlar, yeni mərhələ deməkdir. Qanun layihəsinin mahiyyəti və incəliyi nəzərə alınaraq, hazırlıq prosesində çoxsaylı KİV nümayəndələri və ekspertlərlə fikir mübadiləsi aparılıb, 800-ə yaxın KİV, jurnalist və ekspertin iştirakı ilə layihənin müzakirəsi təşkil olunub.

1999-cu ildə qəbul edilmiş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə qədər 79 dəfə dəyişdirilib və yenə də müasir çağırışlarla uzlaşmır. Lakin yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını təqdim edir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirmək üçün alət rolunu oynayır.

Yeni hazırlanan Media Qanununa nəzər yetirdikdə aydın olur ki, Qanun sosial şəbəkələrin və blogerlərin fəaliyyətini tənzimləmir. Həmçinin, “vətəndaş jurnalistikası” adlandırılan və peşə deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu Qanunun təsir dairəsinə daxil deyil.

İnternet televiziya kanalları üçün müraciət etmək məcburi xarakter daşımır. Lisenziyasız internet telekanalları maneəsiz fəaliyyətlərini davam etdirə biləcəklər. Eyni zamanda çap mediasının və onlayn medianın yaradılması üçün dövlət qurumlarının icazəsi tələb olunmur.

“Media haqqında” qanun layihəsi dövlətlə media arasında münasibətlərin əsas elemetlərdən biri kimi hüquqi mənzərənin aydınlaşdırılmasına kömək edəcək. Qanun jurnalistika peşəsinin ciddiliyinə təkan verəcək, cəmiyyətdə jurnalistika və mətbuat haqqında mənfi təsəvvürləri aradan qaldıracaq, ictimaiyyətlə media arasında qarşılıqlı etimadı gücləndirəcək.

Çap media qurumlarının fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verməsi yeni prosedur deyil və bu sahədə kifayət qədər təcrübə var. Sadəcə olaraq, indi bu məlumatlar sistemləşdiriləcək, onlayn media obyektlərinə müvafiq yanaşma tətbiq olunacaq və sistemləşdirilmiş məlumat bazası Media Reyestri adlanacaq.

Media Reyestrinin yaradılmasında məqsəd media subyektlərinin sayını müəyyən etmək, bununla da media subyektlərinin və onların əməkdaşlarının hüquqlarının müdafiəsi mexanizmini yaratmaq, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsini təmin etmək və bu sahədə fəaliyyətin stimullaşdırılmasından ibarətdir.

Media Reyestrinə daxil edilməli olan məlumatlar mahiyyətcə çap mediasının qeydiyyatı üçün lazım olan məlumatlardır, lakin o, müasir dövrün çağırışlarına uyğunlaşdırılıb. Bu məlumatlar və sənədlər artıq media orqanında mövcuddur, reyestr onları sadəcə olaraq vahid məlumat bazasına toplayır və sistemləşdirir. Çünki dağınıq məlumatlar medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli tədbirlərin təşkilinə mane olur.

Media Reyestrinə daxil olan jurnalistlərə vahid jurnalistika vəsiqəsinin verilməsi könüllü olsa da, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. Medianın İnkişafı Agentliyi tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, həmin şəxs jurnalist kimi fəaliyyətini davam etdirə bilər. Media qurumları onlarla işləyən jurnalistlərə vəsiqə verməkdə tam sərbəstdir.

Tələb olunan rəsmi məlumatların məqsədi həm KİV-in, həm də jurnalistlərin fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək, habelə onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etməkdir. Kütləvi İnformasiya Vasitələrinin Reyestrinin aparılması nəticəsində keyfiyyətli xəbərlərin hazırlanmasını təmin etmək və bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq. Əsas vəzifəsi media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər kütləvi informasiya vasitələrinin subyektləri sayılmayacaqlar. Nəticədə, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi KİV və jurnalistlərin dairəsi müəyyən olunacaq.

İnformasiya tələblərinin müəyyən edilməsi, o cümlədən ciddi medianın əsas probelmlərindən olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatların verilməsi media üçün sağlam rəqabət mühiti yaradacaq.

Media qurumlarının məhsullarının müəllif hüquqlarının qorunması təmin ediləcək, media qurumlarının bir-birindən xəbər “oğurlaması” vərdişi aradan qaldırılacaq, xəbər uğrunda mübarizə aparmaq, xəbər yaratmaq bacarığının inkişafı təşviq ediləcək.

Qanun layihəsinin müddəaları informasiya mühitinin milliləşdirilməsinə və daxili informasiya məkanının təhlükəsizliyinə şərait yaradacaq, milli media məhsullarının istehsalına təkan verəcək, yerli KİV-in inkişafına şərait yaradacaq və nəticədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün daha geniş imkanlar yaranacaq.

Medianın inkişafında yeni mərhələ olan bu addım ölkəmizdə fəaliyyət göstərən KİV üçün münbit şərait deməkdir. Bu təşəbbüs media sahəsində münasibətlərin tənzimlənməsinə xidmət edəcək, daha effektiv fəaliyyət göstərməyə rəvac verəcək. Beləliklə, “Media haqqında” qanun layihəsinin qəbulu ilə dövlətlə media arasında münasibətlərin əsas elementlərindən biri olan hüquqi mənzərənin aydınlaşdırılması rəsmən təsdiqlənmiş olacaq. Bu isə demokratik hüquqi dövlətin əsas atributlarından biridir.

Əli Nəcəfxanlı, Əməkdar jurnalist, Sumqayıt şəhər sakini

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər