“Media Platformu”nun üstünlükləri nə olacaq? ÖZƏL – AÇIQLAMA

889

“Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyəyə səfər edərək İstanbulda bəzi görüşlər keçirdi. Xüsusilə də, Türkiyə Respublikası Prezident Administrasiyasının İnformasiya idarəsinin sədri Fəxrəddin Altun və Türkiyənin media rəhbərləri ilə keçirdiyi müzakirə iki ölkə münasibətlərinin gələcəyi baxımından olduqca vacibdir. Müzakirə olunan məsələlərdən belə başa düşmək olur ki, iki ölkə nümayəndələri bir çox sahədə olduğu kimi media da ortaq mövqe sərgiləməyi və bu əməkdaşlığı “Media Platformu” vasitəsilə institutlaşdırmağı qərarlaşdırmışdır”. Bu sözləri SİA-ya özəl açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev deyib.

“Əvvəla qeyd etmək istərdim ki, ayrı-ayrı sahələrdə münasibətlərin institutlaşdırılması olduqca vacibdir, çünki, bu tərəfləri maraqlandıran məsələləri müzakirə etmək üçün işləyən bir mexanizmin varlığı mənasına gəlir. Müqayisə üçün demək olar ki, 10 il bundan əvvəl yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iki dövləti bir çox sahədə yaxınlaşdırması müsbət nümunədir. Media platforma da işləyən bir mexanizm olaraq iki tərəfli media münasibətlərinə bu cəhətdən müsbət təsir göstərə bilər” – deyə, Mərkəzin şöbə müdiri bildirib.

Onun sözlərinə görə, digər tərəfdən, beynəlxalq münasibətlərdə və ikitərəfli münasibətlərdə medianın rolu olduqca vacibdir, çünki, media ictimai rəyə birbaşa təsir edən, onu formalaşdıran və istiqamətləndirən bir rola sahibdir: “Müasir beynəlxalq münasibətlər sistemində və dövlətlərin idarə olunmasında ictimaiyyətin təsirini nəzərə aldığımız zaman medianın dövlət idarəçilərinin qərar vermə prosesinə, dövlətlərin daxili və xarici siyasətinə böyük təsiri vardır. Medianı idarə edən ictimai rəyə və dövlətin siyasətinə təsir gücünə sahibdir. Məsələyə bu prizmadan baxanda iki dövlət arasındakı münasibətlərdə medianın münasibətlərini tənzimləyən platformanın mövcudluğu vacibdir.

Əgər iki strateji müttəfiq xarici və təhlükəsizlik siyasətində bir koordinasiya halındadırsa bu mediada da hiss olunmalıdır. Hər iki dövlətin mediası daxili və xarici siyasət məsələlərinə yaxından bələd olmalıdır. İki müttəfiq ölkənin tez-tez dəyişən xarici və daxili siyasət mövzuları var və bu dəyişikliklər media vasitəsilə ictimaiyyətə sürətli şəkildə çatdırıla bilər. Məsələn, mövcud vəziyyətdə Türkiyə üçün ən vacib məsələlərdən biri Şərqi Aralıq dənizində yaşanan hadisədirsə media qarşılıqlı məlumatlandırmada və məsələlərin işiqlandırılmasında koordinasiya rolu oynamalıdır. Azərbaycan üçün Ermənistan işğalının davam etməsidir bu da qarşılıqlı olaraq məlumatlandırma ehtiyacı yaradır. Türkiyə mediası işğal məsələsində hər zaman bəzi xırda detalları bilməyə bilər. Bu mənada platforma qarşılıqlı olaraq bu detalları ictimaiyyətə çatdırılması baxımından media qurumları arasında əlaqələndirici rolu oynaya bilər. Əvvəlki illərdə daxili və xarici siyasət məsələlərində medianın düzgün məlumatlandırılmamasından irəli gələn problemlər yaşandı. Burada görünən odur ki, tərəflər gələcəkdə belə bir problemin yaşanmaması üçün media platforma yaratmağı qərarlaşdırdı”.

Cavid Vəliyev diqqətə çatdırıb ki, bu platforma sadəcə media münasibətlərini deyil, eyni zamanda iki dövlətin məlumat kirliliyinə, dezinformasiyaya və yalan xəbərə qarşı da birgə mübarizə aparması üçün imkanların birləşdirilməsi baxımından fürsət yaradır: “Hər iki dövlət uzun illər oxşar problemlərlə qarşı-qarşıya qaldığı üçün həm onun mənfi nəticələrini hiss etmiş və eyni zamanda onlarla mübarizədə bir təcrübə əldə etmişdir. Xüsusən qeyd etmək lazımdır ki, hər iki dövlət Erməni diasporu və lobbiləri tərəfindən hədəf götürülmüşdür. Bu səbəbdən təcrübələrin birləşdirilməsi vacibdir. Hər iki ölkənin mediasının fərqli məkanlara təsir imkanı vardır. Son dövrlərdə Türkiyə mediasının Yaxın Şərq, Balkan ölkələri və Avropada imkanları genişdir. Bir çox beynəlxalq media qurumunun Türkiyədə İstanbulda nümayəndəsi var və Hikmət müəllim İstanbul səfəri zamanı onlarla görüşdü. Eyni zamanda Azərbaycan mediasının da yaxın ətrafındakı ölkələrlə əlaqələri və təsir imkanları var. Hər iki ölkə təsir sahibi olduğu məkanlarda milli maraqlarını işıqlandırmaq üçün qarşılıqlı bu platformadan faydalana bilər.

Bu platforma çərçivəsində əməkdaşlığa birgə serialların və kinonun çəkilməsi də daxil edilə bilər. Çünki son illərdə Türkiyənin vətənpərvərlik və tarix sahəsində çəkilən filmlər və serialları rəğbətlə qarşılanır. Bu sahədə də bizim vətənpərvərlik və tarix mövzusunda çəkiləcək film və seriallarda faydalanmaq mümkündür. Beynəlxalq media sahəsinə də bu cəhətdən birgə layihələrlə çıxmaq olar.

Bütün bu məsələlər İstanbulda rəsmi səviyyədə danışılıb və bu səfərdə eyni zamanda rəsmi dövlət mediasının rəhbərləri də iştirak edirdi. Lakin bu media platformasının uğurlu davam etməsi üçün bu kimi rəsmi səfərlər bir ilkin addım olaraq görülməlidir. Bundan sonra media qurumları və nümayəndələri və hətta iki ölkənin ekspertləri arasında münasibətlər platformanın gələcək fəaliyyətinə təsir göstərəcəkdir. Səfərdən sonra bu mənada media qurumları arasında sıx münasibətlər davam etdirilməlidir. İki ölkənin media orqanları arasında defakto bir mexanizmanın qurulması və iki dövlətin rəsmi siyasətinə görə məsələləri koordinasiya etməsi media sahəsində əməkdaşlıq üçün faydalı olardı”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər