Bakı Ağır Cinayətlər Məhkəməsində homoseksual atasını öldürən oğulun 2 nəfərlə birlikdə məhkəmə prosesi başlayıb.
Milli.Az bildirir ki, ölkə.az-ın məlumatına görə, cinayət məcəlləsinin qəsədən adam öldürmə maddəsi ilə təqsirləndirilən oğul, Əliyev Elməddin İbrahim oğlu, Dadaşov Vəlican Əliş oğlu və İsmayılov Nəcməddin Fərhad oğlunun məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edəcək.
Belə ki, bu ilin fevral ayında 2 nəfərlə əlbir olaraq atasını bıçaqlayaraq yandıran oğul şok ifadə verib.
21 yaşlı Elməddin Əliyev saxanılan zaman prokurorluğa verdiyi ilkin ifadə zamanı atasının cinsi azlığın nümayəndəsi olduğunu bildirib. Belə ki, hərbi xidmətdən gələn E.Əliyev məhəllədə atası barədə xoşagəlməz sözlər eşidib. Tay-tuşları atası İbrahim Əliyevin homoseksual olduğunu, hətta bir neçə nəfərin onunla cinsi əlaqəyə girdiyini bildiriblər. Biabırçılığa dözə bilməyən Elməddin, Vəlican Dadaşov və Nəcməddin İsmayılovla birləşərək atasını öldürmək qərarına gəlib. Artıq E.Əliyevin ifadəsi əsasında İ.Əliyevin meyiti üzərində əlavə məhkəmə tibbi ekspertizası təyin edilib. Ekspertizanın verəcəyi rəydən sonra İ.Əliyevin cinsi azlığın nümayəndəsi olub-olmaması məlum olacaq.
Xatırladaq ki, fevral ayının 3-də Daxili İşlər Nazirliyi Bakıda oğulun atasını bıçaqlayaraq qətlə yetirdikdən sonra meyitini yandırması barədə məlumat yayıb.
Fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb.
Rayon polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib.