Ali savadlı rejissor diplomu almaq üçün M.Ələkbərzadə 1988-ci il iyunun 11-də Akademik Milli Dram Teatrının Kiçik səhnəsində Jan Pol Sartrın “Dəfn edilməmiş ölülər” dramını tamaşaya hazırlayıb. “Əla” qiymət alan gənc rejissor təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. Burada Şıxəli Qurbanovun “Sənsiz” (2 noyabr 1989), Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” (25 mart 1989), Stanislav Stratiyevin “Avtobus”, “Çarəsiz sərnişinlər” pyeslərinə quruluş verib. 24 aprel 1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra “Azərbaycanfılm” kinostudiyasında “Güzgü” qısametrajlı bədii filmini çəkib. Rejissor Mehriban Ələkbərzadə 1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissordur. O, Akademik Milli Dram Teatrının səhnəsində “Dəfn edilməmiş ölülər”, “Min illərin işığı”, “Müəmmalı bir qətlin üç versiyası”, “Poçt şöbəsində xəyal”, “Afət” və başqa tamaşalar hazırlayıb.
Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin “Yaşa, ey haqq!”, Jan Koktonun “İnsan səsi”, Marşa Normanın “Gecən xeyrə qalsın, ana”, Mehriban Vəzirın “İlğım”, Afaq Məsudun “Cəza” əsərlərini tamaşaya hazırlayıb.
“Space” televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu “Dünən, bu gün, sabah”, “Telebenefıs”, “Fövqəldünya və mən” bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur. Bu televiziya kanalında dörd seriyalı “Qırmızı Terror və ya Mircəfər Bağırov”, “Azərbaycan xanlıqları” bədii-sənədli fılmlərinin rejissorudur. Böyük kinoda “Məhkumlar” tammetrajlı bədii filminin quruluşçu rejissorudur.
2003-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
2008-ci ilin əvvəllərində mətbuata açıqlamasında rejissor televiziya fəaliyyətinə son qoyduğunu bildirib.
– Necəsiniz, Mehriban xanım?
– Çox sağ olun, demək olar… yaxşıyam.
….Həyatda gözləmədiyim çoxlu acılar yaşadım… istər şəxsi, istər iş-fəaliyyət baxımından. Allaha şükür ki, bütün bunlar məni zalımlaşdırmadı.
Nazim Hikmətin məşhur bir ifadəsi var e…
Pişman değilim!
Sadece dön bak arkana;
Ne için, nelerden vazgeçtin?
Neler dururken, sen neyi seçtin!..
– Tələbəlik illərinizi necə xatırlayırsınız?
– Tələbəlik illəri… O vaxt yüz nəfərin arasından rejissorluğa üç-dörd nəfər seçirdilər. Bizim kursda üç nəfər seçilmişdi. Yəni qəbul imtahanlarının sonucu 3 yer idi bir kursda. Və ümumiyyətlə… teatr fakültəsinin rejissorluq şöbəsində (dram-kino) qızlar həddindən ziyadə az – yox dərəcəsində idi. Və tək-tək olanlar da bu sənəti davam etdirmirdilər. Tələbəlik illəri anlayışı mənim üçün mövcud olmayıb. Hər hansı “tusovka”, “diskoteka”, “kompaniya”… ilə yadımda qalmayıb. Hər kursda tamaşa hazırlayırdım, ona görə tələbəlik illəri mənim üçün yalnız məşqlərlə, gərgin çalışmalarımla yadda qalıb.
– Yəqin, elə bu cür olmağı düzgündür – gələcək rejissorun tələbəliyi tamaşa hazırlamaqla yadda qalmalıdır.
– Ola bilər. Amma çox az gələcək rejissorun tələbəliyi belə keçir.
– İlk tamaşanız yadınızda necə qalıb?
– İlk tamaşamı ikinci kursda oxuyanda hazırlamışam. Tennessi Uilyamsın “Sökülən yurd”. O vaxtı da, indi də müəllimim bildiyim Aydın Talıbzadə də məni o tamaşama görə təbrik etdi. Bu yetərincə ciddi qiymət idi. Bu tamaşadan sonra İsrafil müəllim (Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov – red.) o vaxt Tədris Teatrının rəhbəri idi. O, mənə müstəsna qaydada imkan yaratdı ki, məşqlərimi Tədris Teatrında edim. Halbuki tələbələrə Tədris Teatrında tamaşa hazırlamaq, ya da məşq etmək icazəsi verilmirdi. Ancaq nümayiş etdirmək, kurs rəhbərlərinin işi üçün nəzərə alınardı. Mən də belə istisnalara layiq görülən tələbələrdən idim. Beləliklə, bütün tələbəlik boyunca televiziyada, radioda da tamaşalar hazırladım. Özü də o vaxt Sumqayıtda yaşayırdım, gedib-gəlmək çox çətin idi.
İnstitutun son kursunda isə diplom tamaşası hazırlamaq üçün Azdramaya göndərildim. Və mən Jan-Pol Sartrın “Dəfn edilməmiş ölülər” əsərini seçmişdim. Teatrın o vaxtkı direktoru, mərhum sənətkar Həsənağa Turabov dedi ki, hələ indiyə qədər diplom tamaşalarının uğurlu alındığını görməmişəm. Gəl səni hazırlanan bir tamaşaya assistent verim. Razılaşmadım. İzah etdi ki, çox çətin əsər seçmisən, onu buradakı rejissorlar belə, qoya bilməzlər. Razı olmadım və tamaşanı hazırladım. Bu diplom işim sonra yüksək qiymət aldı. Tamaşa teatrın repertuarına salındı. Və bəlkə də bu, yeganə tamaşamdır ki, bu gün də (lent yazısına) baxanda, 25 il keçməsinə rəğmən bu işimdə hansısa səhvim gözümə girmir. Və bu tamaşanı bir də hazırlayacaq olsam, yenə də o cür hazırlardım. Zaman və zövq müstəvisində o işim məni indi də qane edir.
– Bir neçə aydır ki, Türkiyədə “Qatil” əsərini tamaşaya qoyurdunuz. Bu barədə danışaq.
– Kıbrıs Dövlət Teatrı ilə bizim teatr (Akademik Milli Dram Teatrı – red.) arasında əməkdaşlıq sazişi imzalanandan sonra ilk “göyərçin” kimi məni oraya göndərdilər. Orada isə teatrın həm binasının, həm də truppasının bərbad vəziyyətdə olduğunu gördüm. Yəni Kıbrısın turizm sahəsinin modern inkişaf tərzi ilə teatr aləmindəki vəziyyət bir-birilə kəskin ziddiyyət təşkil edir. Lakin o da var ki, bələdiyyə teatrlarının bağışladığı təəssürat daha fərqlidir. Baxmayaraq ki, bu teatrın truppasının üzvləri sənətlə baglılığı olmayan peşələrdə çalışırlar. Onlar 2-ci iş kimi və işdən sonrakı vaxtlarını teatra olan həvəslərinə, bu sənətdəki axtarışa sərf edən insanlardan təşkil olunub, o truppaların səviyyəsi məni təəccübləndirdi. Özü də maraqlıdır ki, bələdiyyə teatrlarında çalışanlar arasında aktyorluq potensialı olanların əksəriyyəti həkimlər və müəllimlərdir. Bir sözlə, oranın teatr aləminin mənzərəsi tam fərqlidir, hətta iş günləri baxımından da.
Kıbrıs Teatrının binası, dediyim kimi, tamamilə yararsız haldaydı, tamaşa hazırlamaq və oynamaq üçün o binada, demək olar ki, heç bir şərait yox idi. Elə bir bu fakt yetərlidir ki, teatrın peşəkar rejissoru yoxdu. Qazimaqusadakı “Otello kalesı” məni çox cəlb etdi. Fikirləşdim ki, məkanın aktiv turizm məntəqələrindən biri olduğunu nəzərə alıb, bu qalanı teatr tamaşalarının nümayişi üçün istifadə etmək maraqlı olar. Oranın mədəniyyət və turizm nazirliyinə, illah da Şaad bəyə bu ideyamı bildirəndə çox məmnun oldu. Amma bir başqa çətinliklər ortaya çıxdı. Sadəcə işıq məsələsinin həllinin çox böyük çətinlik törədəcəyi bəlli oldu. Qərəz, Ankarasız ötüşmək mümkünsüzlüyü vardı. Amma Otello qalasında OTELLOnu hazırlamaq fikri məni tərk edə bilməz, mütləq bir yol tapıb bu ideyamı gerçəkləşdirməliyəm. Şekspirin “Otello” əsəri – məhz bu məkana görə beynimdə bu qədər möhkəm yer tutub. Bu ideya gerçəkləşsə, effekti möhtəşəm ola bilər – Otello axı Hələb türküdür, həbəş deyil. Dünya ədəbiyyatında səlib yürüşlərini Şekspir qədər vəsf edən ikinci müəllif yoxdur. Kipr uğrunda savaşda osmanlılara qarşı – elə lap bu ərəbin olması Otellonun faciəsi idi.
Əslində, Şekspir məni maraqlandıran müəlliflər arasında olmayıb. Mən öz Cavidimi ondan yüksək tuturam. Amma bu əsəri məhz bu məkanda, məhz bu baxış bucağında mütləq və mütləq türk dilində oynamaq – çağdaş dünyada baş verən hadisələrə çox incə və eyni zamanda təsirli münasibət ola bilər (həm də maarifçilik baxımından). Ümid edirəm ki, “Otello” əsərini Otello qalasında hazırlamaq şansım olacaq. Mən bu ideyamı mütləq gerçəkləşdirməliyəm.
– İnşallah. Qayıdaq artıq gerçəkləşmiş layihəyə. Xalq yazıçısı Elçinin “Qatil” pyesinə yeni həyat qazandırmaq hansı mərhələlərdən keçdi?
– Mənim Akademik Milli Dram Teatrında hazırlayıb, təhvil verdiyim sonuncu tamaşam “Qatil” olduğu üçün, Kıbrıs Teatrında da (nəzərə alsaq ki, bu əməkdaşlıq layihəsini daha da möhkəmləndirmək və münasibətlərin daha da bərkiməsi məqsədi vardı) bu əsər seçildi ki, daha sonra bu iki oyunu birləşdirmək kimi təcrübələr edə bilək.
Rol bölgüsü prosesində problem başlandı. Hətta kastinq keçirməli oldum. Nəticədə başqa teatrlardan dəvət edilmiş aktyorlar çoxluq təşkil etdilər. Dediyim kimi, bu teatrın tamaşa oynaması üçün yeganə məkan – Atatürk Kültür Mərkəzi idi. Tamaşaların nümayişi üçün isə konfrans salonundan istifadə edilirdi. Səhnə və səhnə üçün ayrılan yer məni qətiyyən qane etmirdi. Ona görə səhnənin dərinliyi naminə oyun meydançasını (səhnəni) genişləndirib SƏHNƏ görkəminə yaxınlaşdırmaq istədim. Bunun üçün divarları uçurtmalı olduq. (təbəssümlə) Sonra İsrafil müəllim dedi ki, inqilab etməsən, olmur.
Bəli, Kıbrıs teatrının “Qatil”i tam fərqlidir. Məkan, musiqi, aktyor vurğuları buradakından çox seçilir. Aktyorlar, təbii ki, buradakı aktyorlardan yetərincə fərqli idilər, nəticədə bu çalışmadan razı qaldım. Qadın rolunda çıxış edən aktrisa – Oya Akın ingilis dili müəlliməsidir. Əvvəl Londonda, sonra İstanbulda təhsil alıb. Kişi rolunu oynayan Tuyqun Törənin isə fərqli ali təhsili var. Amma teatrda çalışır. Qonşu qadın roluna seçdiyim aktrisa Bilənin fakturası fərqli olduğu üçün o obrazın xarakterini dəyişməli oldum. Və Polis – Yılsay Özbudak. Kıbrıs teatrının aktyoru yeganə bu teatra aid olan aktyor. May ayında bu tamaşanın qarşılıqlı şəkildə yerdəyişmə nümayişi, yaxud sintez baxış formasını sınaqdan keçirməliyik. Allah qoysa. İsrafil müəllim söz verib, görək nə olur. O “KATİL”i gəlib burada oynayacaqlar, buradakı “QATİL”i isə Kıbrısda. Hər biri öz türkcəsində.
– Maraqlı olar…
– Təbii, Allah qoysa, bu səfərlər baş tutar… Ümumiyyətlə, onlar Bakıya gəlməyi çox arzulayırlar. Bu, İsrafil müəllimlə mənim birgə düşündüyümüz böyük bir lyihənin əsası olar.
– Mehriban xanım, bu əsərə Azdramada ikinci dəfə yozum vermək tələbatı nədən yarandı?
– Doğrusu, mənim bu əsərə bir də qayıtmaq fikrim yox idi. Amma tələbat belə yarandı. Elçin müəllim də (yazar) mənim “Qatil”imin 1-ci versiyasını (2002-ci il) çox uğurlu hesab etdiyi üçün yeni yozuma ehtiyac görmürdü. Mən isə tamaşanın ötən 10 il ərzində öz həyatını yaşadığını hesab edirdim. Və müasir zövq və vurğu anlamında müstəvi fərqində idim. Və israr etdim. Sonuc: tamaşanı bərpa etmək adı ilə, tam yeni tamaşa ərsəyə gətirdim. Yəni indiki versiyanı. Mövcud olan bütün stereotipləri sındırdım. Burada təəccüblü bir şey yoxdur. Yaşadığımız cəmiyyət və zaman şərtilikləri, dəyərləri və mənəviyyatı dəyişdiyi kimi ona baxışlarımız da fərqli olmalıdır. Bir də ki, müasir dünya teatrlarındakı hərəkət xətti, baxış və düşüncə tərzi bizə Ay planeti qədər uzaq olmamalıdır axı. Mənim baxışımda bugünkü gerçəkliyin ifrat reallıq üslubunda “Həyatın üzünə” İngiltərə modern teatr estetikası mənə çox yaxın gəldiyi üçün mən də “Qatil” əsərini belə “gördüm”. Həyatında “qaranlıq və çirkli şey” olmayan hər kəs bu həyati reallıq cəsarətindən heç sıxılmaz.
– Bu vaxta qədər öz tamaşalarınızda, filmlərinizdə aktrisa kimi iştirak etməmisiniz. Sizə uyğun rol olmayıb, yoxsa başqa səbəb var?
– Bəlkə də yeganə rejissoram ki, səhnəyə çıxmağı bu qədər sevmirəm. Kameradan, mikrofondan qorxum yoxdur, amma səhnədən, canlı tamaşaçıların gözlərindən sıxılıram. Tamaşaçıların qarşısına çıxıb təzim etmək mənim üçün zülmdür. Həm də aktyorluq özündən imtina edib canlandıracağın personaj olmaq, ona çevrilməkdir. Mən özümdən ayrıla bilmirəm. Və məni bir rejissor kimi qane edə biləcək aktyorluq istedadı da məndə yoxdur. Bir də buna heç lüzum yox. Mənim bəxtimə isdedadlı aktyorlarla çalışmaq düşüb.
– Və cari işləriniz haqqında soruşmaya bilmərəm.
– Hazırda Hüseyn Cavidin “Topal Teymur” pyesini tamaşaya qoymağa hazırlaşıram. Bu, mənim illərdən bəri arzuladığım Əmir TEYMUR-dur. İnşallah, oktyabrda, Cavidin doğum günü ərəfəsində tamaşanı təhvil verməliyəm. İnanıram ki, bu, mənim ən ciddi işim, ən uğurlu tamaşam olacaq… Allah kərimdir.
– Necə bilirsiz, nə vaxtsa komediya səhnəsində tamaşa qoya bilərsiniz? Bildiyimə görə, siz komediya xoşlamırsınız…
– Hə. Amma hər halda düşünürəm ki, nə vaxtsa bu addımı atacam və komediya hazırlayacam. Məncə, indi bu düşüncəmin reallaşması üçün bütün şərtlər var. Daha doğrusu, Arlekin taleyinə köklənən tragikomediyanın. Çünki ətrafımızda təzadlar çoxdur. Ona görə indi belə bir tragikomedik əsərə quruluş verməyimin əsl zamanıdır.
– Mehriban xanım, bilirəm ki, özəl məqamları açıqlamağı sevmirsiz. Bəs sırf xoş bir təəssürat olaraq nəyi danışa bilərsiniz?
– Yenə də sitat gətirəcəm… “Hələ çözəmədiyim insanlar oldu həyatımda. Uzaqdanmı adam idilər, ya adamlıqdan uzaqmıydılar? Anlamadım ki…” Belə bir təəssürat kimi yadımda 2004, ya da 2005-ci ildə İstanbulda Məkan Teatro Festivalında yaşadığım təəssürat qalıb. Sultan Ahmed meydanında açıq məkanda oynanılan tamaşadakı aktyorlardan biri mənə işarə etdi ki, arxaya baxım. Onun tamaşadan yayınmağı məni hövsələdən çıxarsa da, arxaya dönüb baxmağımın sonucu… Yəqin ki, o məqamı və təbii ki, “özünə yaxşı bax” ifadəsini heç unutmayacam. Sunay Akın söylədiyi tək, “Ne garip şey şu mutluluk! Gitti mi gider, çağırsan gelmez, gelse de kalmaz, kalsa da yetmez”.