Mehriban Əliyeva 21-ci əsr Azərbaycan qadınlığının timsalıdır

866

Azərbaycanda-Şərqlə Qərbin qovşağında yerləşən bu əsrarəngiz ölkədə qadın fenomeni hər zaman diqqət mərkəzində olmuşdur. Bütün dövrlərdə daim böyük çətinliklər, ağır öhdəliklər qarşısında qalan nənələrimiz öz zəriflik və incəlikləri, mübariz və döyüşkən xarakterləri ilə hər kəsin diqqətini çəkmişlər. “Oğuznamə”lərdə at minən, qılınc oynadan qadınlarımız ağıl, zəka, sarsılmaz iradələri ilə ən qatı düşmənlərimizi belə heyrətdə qoymuş, namərdləri dizə gətirmişlər. Təsadüfi deyil ki, “Dədə Qorqud” dastanlarında igidin ən böyük sirdaşı, silahdaşı, arxası, dayağı sevib-seçdiyi xanımı, vətən, torpaq üçün hər an mübarizəyə hazır cəsarətli oğullar böyüdən namuslu, qeyrətli həyat yoldaşı olmuşdur. Bundan başqa, əsrlər boyu yaranmış Azərbaycan dövlətlərinin siyasi inkişaf tarixinə, idarəetmə prinsiplərinə nəzər yetirdikdə onun da şahidi oluruq ki, Azərbaycan qadınları bu hakimiyyətlərin istər yaranmasında, istərsə də idarə olunmasında fəal mövqe tutmuş, dünyanın siyasi tarixinə  öz adlarını yazmışlar. Xalqımızın əfsanəvi-mifik təfəkkürünün məhsulu olan rəvayətlərdə,dastan və nağıllarımızda yaranan güclü, qüdrətli qadın hökmdar xarakterlərinin elmi-məntiqi əsaslara söykəndiyi hər kəsə məlumdur. Təsadüfi deyil ki, dahi Nizami Gəncəvi təkcə “Xosrov və Şirin” lə “İsgəndərnamə” əsərində üç möhtəşəm hökmdar qadın obrazı (Məhinbanu, Nüşabə və Şirin )yaratmışdır. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatun Şərqdə yetişmiş olan ilk qadın diplomat və görkəmli dövlət xadimi kimi müasirlərini heyran qoyan mükəmməl, çoxgedişli siyasi manevrlər edərək qonşu ölkələrin hücumlarından dövləti qorumuşdur.

Çoxəsrlik əxlaqi-etik, mənəvi-tarixi şəcərənin ən önəmli, ən nüfuzlu nümayəndəsi kimi heç, şübhəsiz ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı göstərmək olar. Dərin intellektual hərtərəfli düşüncə tərzi, özünəməxsus şəxsi üslubu ilə bütün dünya ölkələrinin birinci xanımlarından fərqlənən, keçirilən görüşlərdə gözəlliyi, zərifliyi, hər şeydən öncə əsalət və alicənablığı ilə diqqət çəkən Mehriban xanımın şəxsiyyəti həmişə nəzərləri öz üzərlərinə çəkmiş və çəkməkdə davam etməkdədir.

Məsəl var, gözəllik Allahın bəxş etdiyi nemət, təlim-tərbiyə ailədən gələn kəramətdir. Ağlı, zəkanı, hörmət və ehtiramı isə insan həyatda özü əldə edir. Məhz Azərbaycanın birinci xanımı kimi fəaliyyətə başladığı dövrə qədər də humanitar və sosial sahədə əsaslı işlərə imza atan Mehriban xanım sonrakı mərhələlərdə daha böyük əzm və inadkarlıqla çalışaraq bir çox sahələrdə öz sözünü deməyə müvəffəq olmuşdur.

Göründüyü kimi müasir Azərbaycan dövləti də əsrlər boyu yaşadıb inkişaf etdirdiyimiz ənənələri özündə etiva edir. 2016-cı ildə ölkəmizdə keçirilən konstitusiya islahatları ilə bağlı referendumun nəticələrinə görə Birinci vitse-prezidentlik İnstitutu yaradılmışdır. Idarəçilik sistemində yeni təsisatın yaradılması Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli, dövlət həyatının bütün sferalarını əhatə edən islahatlar kursunun parlaq təzahürüdür. 2017-ci ildə Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin olunması ölkənin idarə olunmasında səmərəliliyi və çevikliyi artırmaqla yanaşı, Azərbaycanın dünyanın bir çox region və ölkələrində apardığı ağıllı, gələcəyə hesablanmış siyasətinin inkişafına da müsbət təsir göstərdi. Mehriban xanım bu çətin, məsuliyyətli vəzifəni öhdəsinə götürməklə istər humanitar, istər mədəni, istər təhsil , istər dini, istərsə də ana-uşaq problemlərinin müəyyənləşdirilib ortaya çıxarılmasında, bu çətin, eyni zamanda həssas və xeyirxah missiyanın yerinə yetirilməsinə öz əvəzedilməz töhfəsini verdi. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi dünyanın ən ucqar, həmçinin ən nüfuzlu nöqtələrində fəal işlər aparan Mehriban xanımı planetimiz bu dəfə Birinci vitse-prezident kimi tanıdı, qəbul etdi. Sevgi, bəzən də anlaşılan qısqanclıqla təqdir etdi, alqışladı. Mənəvi gözəlliyi və zəkanı öz cismində birləşdirən Mehriban Əliyevanın şəxsində dünya ictimaiyyəti Azərbaycan qadınının gücünün, hərtərəfli potensialının, qeyri-adi əzəmət və təkzibedilməz bacarığının bir daha şahidi oldu.

Birinci vitse-prezidentin həyata keçirdiyi tədbirlərin obyetiv nəticəsi o oldu ki, Azərbaycanın “yumşaq gücü” – mədəni irsimiz dünya miqyasında tanıdıldı. Mirzə Kazım bəy, Yusif Məmmədəliyev, Lətif Kərimov, Səttar Bəhlulzadə və eləcə də onlarla, yüzlərlə korifey sənətkarlarımızın yubileylərinin, “Arşın mal alan”, “Leyli və Məcnun”, “Kitabi-Dədə Qorqud” misali şedevr nümunələrinin UNESKO üzərində bütün cahana yayılmasının, təbii ki, ən böyük memarı Mehriban Əliyevadır. Ölkəmizdə  “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində keçirilən tədbirlər nəticəsində yüzillər boyu yan-yana, dost və qardaş kimi yaşamış müxtəlif dinlərin nümayəndələri arasında çaxnaşma salmaq istəyənlərin “ağzı birdəfəlik yumulmuşdur”. Bu tədbirlər çərçivəsində bir çox dini məkanlar özünün tarixi-estetik görkəmi saxladılmaqla təmir edilmiş, həmçinin yeniləri inşa edilərək dindarların istifadəsinə verilmişdir.

Birinci vitse-prezident Mehriban Əliyeva təhsilin, elmin və sağlam yeni nəslin formalaşdırılmasının Azərbaycanın gələcək inkişafı üçün nə qədər önəmli məsələ olduğunu hər zaman vurğulamışdır. Məhz onun fəaliyyətinin nəticəsidir ki, son illərdə ümumilikdə 3000-dən artıq təhsil müəssisəsi yenidən inşa və əsaslı təmir edilərək müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Bundan əlavə, təhsil müəssisələrinin idman zalları ilə təchiz edilməsi, idman qurğularının istifadəyə verilməsini də qeyd etmək yerinə düşərdi.

Mehriban xanım öz fəaliyyətində cəmiyyətin həssas təbəqələrinə məxsus insanlarla görüşlərə, onların arzu və istəklərinin dinlənilməsi, ehtiyac və çatışmazlıqlarının təmin edilməsi, aktiv həyata cəlb edilmələrinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Məhz onun səylərinin nəticəsində Heydər Əliyev Fondu Dünya Diabet Günü kompaniyasına qoşulmuş, əhalinin, xüsusən də millətimizin gələcəyi olan uşaqlarımızın sağlam, gümrah böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi üçün “Talassemiyasız həyat” layihəsi başladılmış və uğurla həyata keçirilmişdir.

Birinci vitse-prezident qloballaşan dünyamızda yaranan ekoloji təhlükələrin qiymətləndirilməsi, onların həm dünya, həm də ölkəmizdə yarada biləcəyi problemlərin həlli istiqamətində də əsaslı işlərin görülməsinə nail olmuşdur. Ətraf mühitin çirklənməsinə, havada zəhərli qazların çoxalmasına qarşı yönəlik tədbirlər çərçivəsində hələ əsası 2007-ci il Novruz bayramı ərəfəsində M.Əliyevanın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” layihəsi hər il daha böyük coşqu və mütəşəkkilliklə davam etdirilmişdir.

2020-ci ilin 27 sentyabrdan başlayaraq 44 gün davam edən Vətən müharibəsi dönəmində də həm biz, həm də bütün dünyanın haqsevər, xeyirxah qüvvələri Mehriban xanım Əliyevanın həm görkəmli dövlət xadimi, həm də insani dəyərləri hər şeydən uca tutan həssas qəlbli bir qadın, ana kimi sevdi, bəyəndi, təqdir etdi. Müharibə qaziləri ilə qospitalların  birində keçirilən görüş zamanı ağrı-acılarını böyük bir dəyanət, ağıla sığışmayacaq dözümlülük və iradə hesabında udaraq mətinliklə dayanan bu igid oğullarımızın mərdliyi və hünərindən təsirlənən Mehriban xanımın göz yaşlarını tuta bilməməsi hər birimizi duyğulandırmışdı. Prezident İlham Əliyev cənablarının əsl mərdlik və şücaətdən xəbər verən ən çətin, ağrılı məqamlarda belə “kişi ağlamaz”, əksinə düşmənlərin gözünə güllə, sinəsinə çalın-çarpaz dağ olan təmkininə, səmimi davranışlarına rəğmən Birinci vitse-prezidentin həlim, həssas, kövrək yanaşması nə qədər möhtəşəm, nə qədər doğma və əvəzedilməz anları bəxş etdi.

Biz hər birimiz bu iki insanı, bu iki dəyərli Vətən övladını sevir və onlarla qürur duyuruq. Hər bir uğurlu kişinin həm arxasında, həm də yanında uğurlu bir qadının durduğunu deyən peyğəmbərlərin sözlərinə bir daha haqq  verərək deyirik: “Tanrı Sizi Azərbaycanımız üçün, bizlər üçün qorusun!”.

Adilə Süleymanova, Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər