Şəkiyə səfər edən məktəbli və müəllim heyətindən ibarət bir qrup zəhərlənib.
Oxu.Az-ın məlumatına görə, məktəblilər Şəkiyə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində gediblər.
Şəki Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, zəhərlənən şəxslər arasında müəllimə Tovuz rayon sakini, 1964-cü il təvəllüdlü Sahibə Həsən qızı Əliyeva və beş nəfər şagird – Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ələsgər Rac oğlu Əliyev, Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü Emil Vüqar oğlu Alşanov, Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ayxan Nizami qızı Süleymanlı, Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü Tabutay Eldəniz oğlu Hüseynli, Ağdaş rayon sakini, 2003-cü il təvəllüdlü Şəlalə Şirin qızı Kərimovanın adı var.
Onların dəqiq nədən zəhərləndiyi bəlli deyil. İlkin olaraq qida zəhərlənməsi olduğu ehtimal edilir.
Zəhərlənənlərə xəstəxanada lazımi tibbi yardım göstərilib, mədələri yuyulub. Daha sonra isə vəziyyətləri normal hesab edilərək evə buraxılıblar.