Mələk Heydərova: “Kişilərimizin acizliyi məni əsəbiləşdirir”

2666

Aparıcı, aktrisa və yazar Mələk Heydərovanın Oxu.Az-a müsahibəsi:

– Xəzər Universitetinin “İqtisadiyyat” bölməsində təhsil almısınız. Ancaq yarımçıq qoymusunuz. Səbəb?

 – Maraqsız oldu. Mənə film təklifi gəldi, o da vaxt aparan bir şey idi. Bir seçim etməli idim. Ya universitet, ya da bu sahə. Mənə dedilər ki, səndə işıq var. O sözün arxasınca düşdüm. İki il keçdi. Gördüm ki, oxuya bilməyəcəyəm. Düşünürəm ki, həyatımın sonunadək oranı davam edə bilməyəcəyəm. Gedib xaricdə aktrisalıq üzrə oxumaq istəyərdim, ancaq iqtisadiyyat üzrə istəməzdim.

– Aparıcı, aktrisa, yazar, model… Daha hansı bilmədiyimiz bacarıqlarınız var?

– Biznes ledi. Gözəllik salonum var idi. O biznesə də girdim, qazandım, hazırda yerini dəyişirəm. Model olmağımı kim dedi? Sadəcə, şəkil çəkdirməyi sevirəm. Nə boyum var ki, model olum?

– Boyunuz nə qədərdir ki?

– 1.51 m boyum var (gülür).

– İndiki modellərin onsuz da çoxunun boyu yoxdur. Girirlər gözəllik salonuna, 20 manat qarşılığında “make up” edib, şəkil çəkdirib model olurlar.

– Elə bil ki, bu dəqiqə inkubatordan çıxıblar. Dodaq, burun, göz, qaş, fiqura, hətta sinələrinin ölçülərinə qədər eynidir. O, çox diqqətimi çəkib. Ancaq dediyim kimi, model deyiləm. Fotolarda həyatda olduğumdan yaxşı çıxıram. Ona görə fotolar çəkdirirəm. Fotosessiyalar əhvalımı qaldırır.

– “Bizdə qadın” adlı kitabın müəllifisiniz. Sözsüz ki, Azərbaycanda qadın olmaq çətin məsələdir. Bəs sizə məşhur bir xanım olaraq çətinlik törədən nələrdir?

– Azərbaycanda güclü qadın olmaq çətindir. Çünki güclü qadınları sevmirlər. Nə zaman susursan, boyun əyirsən, əyilirsənsə, ən yaxşı qadın sayılırsan. Nə zaman ki, sözünü deyirsən, o zaman tənha qalırsan.

– Belə başa düşdüm ki, hazırda tənhasınız…

– Bəli, güclü qadını qadınlar da sevmir. Onu daşımaq çətin məsələdir. Hər qadın bu yükü daşıya bilmir. Rəfiqələrinin arasında da güclü olmağınla seçiləndə onlar tərəfindən atılmış olursan. Güclü qadını heç kəs sevmir. Ondan qorxurlar – deyəcəyi sözdən, fikirlərindən.

Hər hansı bir ortam olanda sözümü demişəm. Həmin sözdən sonra fikir vermişəm ki, o adamlar məndən qaçırlar. Ona görə yox ki, onlara təhlükəyəm. Sadəcə olaraq, ağıllı qadınla hər adam bacara bilmir, söz tapıb söhbət edə bilmir.

– “Ailə qurmaq istəmirəm. Ailə həyatı maraqsızdır. Ailə hər şeyin sonu deməkdir” demisiniz müsahibələrinizin birində… Bəs qarşınıza varlı bir kişi, məsələn, hazırda ölkəmizə təşrif buyuran şeyxlərdən biri çıxdı və evlənmə təklif etdi. Ərə gedərsiniz?

– Şeyx deyirsiniz. Ona kim getməz ki? Bu fikirdə yenə qalıram ki, ailə qurmaq hər şeyin sonudur. Baxır o, necə bir adamdır. Şeyx deyib keçmək olmaz. Onun da mənfi cəhətləri var. İnsanlığına və pulunun miqdarına baxacam ki, ona ərə getməyə dəyərmi?

– Hansı miqdarda pul sizi qane edər?

– Günə 100 min xərcləsəm, bəs edər, aya üç milyon edir. Üç milyon nə puldur ki? Şeyx üç milyon pulu 10 dəqiqəyə qazanır. Bilirsiniz, nəyi müqayisə edirəm? Mənim çəkdiyim əziyyətlər var. Bu yerə elə-belə gəlib çıxmamışam. Hamı kimi əziyyət çəkmişəm. Arxamda nə day-day, əmi, dost-tanış, nə pullu kişi olub. Özüm qapıları bir-bir döymüşəm ki, qurban olum, mənə də bir iş verin.

Xırda işlərdən başlamışam. Müxbirlik etmişəm, kassada 150 manat maaşa işləmişəm. Bütün bunlardan sonra hər hansı kişi gəlib mənə diqtə edə bilməz ki, bunu etmə, onu et. Onun müqabilində mən o kişinin mənə verəcəklərinə baxacam. Mən hər adam üçün bütün bu əziyyətlərimin üstündən xətt çəkə bilmərəm.

Tək qalanda özümə deyirəm ki, Mələk, səninlə fəxr edirəm. Bunlara da səbəb yaşadıqlarım olub. Ona görə də elə məbləğ deyirəm ki, onu yatsam da, yuxumda görməyim. Bu, real deyil. Ümumiyyətlə, qadının kişiyə boyun əyməsi, məni alacaq deyə başını aşağı etməsi düzgün deyil. Mən bunu edə bilmərəm. Elə şeylər var ki, onları heç bir kişiyə qurban vermərəm.

– Oskar Uayld deyir ki, kişilər həyatı tez, qadınlar isə gec dərk edir. Bu fikirlə razısınız?

– Deyəsən, özü çox tez dərk edib dünyanı (gülür). Çünki qadınların həyatı tez yaşamaq kimi bir şansı yoxdur. Uğursuz sevgi yaşayandan, valideyn itirəndən sonra təcrübə qazanır, həyatı dərk edir. Kişi körpəlikdən o qədər sərbəst böyüyür ki, çətinlikləri görə-görə gəlir. 25-30 yaşlı işgüzar qadınlarımız min 50-60 yaşlı kişiyə ağıl öyrədər.

– Heç kimi sevməməklə ən qorxulu ağrıdan azad olmaq olar?

– Son bir ildir həyatımda onu tətbiq edirəm. Sevgi məsuliyyətdir. Sevdiyin insanın da məsuliyyətini öz boynuna götürməkdir. Sevdinsə, yolun bağlanır. Özünü o insana həsr edirsən. Sonda kim udacaq, kim uduzacaq, bilinmir. Bilmədiyin bir müharibəyə girib, mübarizəni davam etdirməyə dəyməz.

Qadın sevirsə, gözü bağlanır, ancaq kişidə elə deyil. Onlar üçün sevgi o qədər əziyyətli deyil. Amma qadınlara əziyyət verir. Ya sevməməlisən, ürəyinə qıfıl vurmalısan. Sevirsənsə, gözünün qarşısına gətirməlisən ki, sənin həyatın, əldə etdiyin uğurların dəyişəcək. Başqalaşacaqsan. Qərar verdim ki, daha sevməyəcəyəm. Çünki sevi məni kifirləşdirir. Sevən qadın qəşəng olur, mən isə özümə baxmıram.

– Fikirləşirsiniz ki, onsuz da tapmışam. Gözəl görünməyə ehtiyac yoxdur?

– Yox, bütün günü ağlayıram.

– Niyə?

– Bilmirəm, sevəndə ağlımı itirirəm.

– Qısqanclıqdan?

– Yox, mən ağıllıyam. Heç bir kişi məni aldada bilməz. Onun aldığı nəfəsi də bilirəm. Kişinin üzünə vurmaq lazım deyil ki, mən bunu bilirəm. Ancaq nə qədər ağıllı olsan da, qadınsan axı. Üzünə deyirsən ki, oradan gəlib, buraya gedirsən. Həmin dəqiqə kişi bezir.

Aramızda mübahisə düşür. Sonda isə mən qalib gəlirəm, çünki əlimdəki faktlar tutarlı olur. Qalib gəlirəm, nə olur? Əziyyət çəkən də mən oluram. Mübahisə yox, bildiyim gerçək mənə əzab verir. Aldanmağı bacaran qadınlar ən xoşbəxt qadınlardır.

– Kişi xəyanətini bağışlayarsınız?

– Bağışlayıram, amma inamım ölür. Kişilər necə gəldi, aldadırlar. Qarşısındakı onun aldatmağını hiss edir. Amma deyim ki, qadınlar da günahsız deyil. Onlar da aldadır. Ancaq o qədər təmiz iş görürlər ki, qarşı tərəf hiss etmir.

– Sizin üçün ideal kişi necə olmalıdır?

– Mənim üçün ideal kişi çalışqan olandır. Heç vaxt küsməyən, mərd adamlar kişidir. Çətinlikdən bezməyən, pul qazanmağı bacaranlar kişidir. Kişi daşdan pul çıxarmağı bacarmalıdır. Kişi ki gəlib mənə dedi ki, vəziyyət çətindir, pul qazanmaq olmur. Gözümün düşmənidir.

Bir dəfə verilişdə bir yazar dedi ki, ev ala bilmirəm, arvadım kömək etməlidir ki, ev alım. Dedim ki, arvadın köməyi ilə ev alırsansa, əyninə şalvarı niyə geyinmisən?! Onları kişi saymıram. Ərə gedirəm ki, evim olsun. Mən sənə niyə ev almalıyam? Evin bazarlığını bir dəfə edə bilərəm. Amma kişi gəlsin desin ki, evim yoxdur.

Pulumuzu qoyaq, ev alaq, o kişidən qaçaram. Səhəri gün bir bəlaya düşəndə o kişi mənə neyləyəcək? Acizdirsə, neynirəm? Mənə kişi lazımdır. Bəzi kişilər özlərini elə yazıq göstərirlər ki, az qalırlar, ağlasınlar. Qadın sənə niyə kömək etməlidir? Biz dədə-babadan belə görmüşük.

Yazıçılıqdan qazana bilmirsən? Bunu yazma da, sənlik deyil, özünə başqa sənət tap. Nə oldu, Qaraqanın kitabı satıldı, kitabın pulu ilə özünə maşın aldı, amma səndə olmadı? Brend ola bilmirsənsə, bu, nə cəmiyyətin, nə də arvadının günahıdır. Kişilərimizin acizliyi məni əsəbiləşdirir.

– Mələyin kefini nə poza bilər?

– Haqsızlıq, qeyri-səmimilik görəndə kefim pozulur. Baxırsan ki, bu insanda səmimilik var, ancaq etmir. Həmin adamlar mənə çatmır. Ya mənimlə eyni masada oturma, ya da mənə oynama.

– Sizi kimlər qıcıqlandırır?

– Səmimiyyət yaralı yerimdir. Cahil insanı qəbul edirəm, onunla oturub-duraram. Mənə onun fikirləri maraqlı deyil. Amma onların səmimiyyəti var. Onlar mənə daha çox ləzzət edir, nəinki bilərəkdən qeyri-səmimilik edənlər. İnsan nifrətində də səmimi olmalıdır. Üzümə gülüb, arxamca danışmaq nə kişiyə, nə də qadına yaraşır.

Şou-biznesin də hamısı onlardan ibarətdir. Ona görə hamısı təkdir. Heç kim başqası ilə dost deyil. Son zamanlar baxıram, hamısı tək fotolar paylaşırlar. Biri yıxılsa, ağlayanı tapılmaz. Amma kişilərdə elə deyil, bir-birinə dəstək olurlar. Kişilərin səmimiyyətinə heyran qalıram ki, necə dostluğu, sözü bütövlüyü bacarırlar. Hətta qadınlara da kişilər dəstək olur. Yaman şou-biznesdən danışıram. Çıxmalıyam oradan (gülür).

– Mələk nədər yorulur?

– Sən nədən yorulursan?

– İnsanların mənasız həyat tərzindən.

– Mən elə düşünmürəm, hərənin öz həyat tərzi var. İnsanların həyat tərzi səni niyə yorur? Mən özümdən yoruluram.

– Bu, nə vaxt olur?

– Bekar və tənha qalanda fikirlərimdən yoruluram. Depressiyaya düşürəm. Bütün dünyanın problemlərini düşünürəm. Somali, Afrika, Suriya, şuba, şınşıla və s. Əsəb keçirirəm, o zaman özümə deyirəm ki, dur, çıx evdən. Özündən yorulmaq ən pis şeydir.

– Kim gözünüzə dik baxa bilmir?

– Qorxuram ki, 60 yaşına çatanda nə qədər zərbə alacam. 6-7 ildir incəsənətdə o qədər haqsızlığa uğramışam. Mənə haqsızlıq edən həmin insanlar üz-üzə gəlirlər, amma gözümün içinə baxa bilmirlər. O qədər düzgün münasibət göstərirəm ki, ona görə mənə belə edirlər.

Başqası olsa, bəlkə də, üzünə sırtıq-sırtıq gülərlər. Nifrət etdiyim adamı bloka atıram. Onlara sevgimi də, nifrətimi də düzgün hiss etdirirəm. Elə adamlar çoxdur. Ancaq adlarını demək istəmirəm.

– Blok etməkdən söz açdınız. Mən də bir xüsusiyyət var. Tanımadığım bir insan sosial şəbəkədə qarşıma çıxır. Əgər həmin adamdan xoşum gəlmirsə, ona içimdə nifrət hiss yaranırsa, bloka atıram ki, qarşıma çıxıb, məni qıcıqlandırmasın. Sizdə belə bir şey var?

– Səhərimi söyüş silməklə açıram. “Instagram direct”im dağılır. Baxıram ki, 400 rəy yazılıb. İçərisində söyüşlər də var. Onları bloka atıram. Qara siyahım doludur. “Facebook”da da var. Yazırlar ki, salam, Mələk, necəsən? Adam adama nə qədər “necəsən” yazar? Cavab yazmıram, əl çək, ay qardaş.

İnsanlar bekardırlar. Baxırsan ki, hörmətli insandır. Maraq üçün bir-ikisinə yazdım. Yazır ki, neynirsən? Yazırlar ki, vaxtın varsa, görüşək. Ay qardaş, mən səninlə niyə görüşməliyəm? Vaxtım qızıldır. Bütün Bakını bloka atmışam. Anam da mənə çox yazanda, bloka atıram.

– Səni xoşbəxt etmək üçün nə yetərlidir?

– Mənim üçün yemək və yuxu ən böyük xoşbəxtlikdir. Diqqət çəkməyi sevirəm. İnsanlar səmimi olsun, yetərlidir. Söyüşlə danışmaq istəyirsən, elə danış, amma ikiüzlü olma, səmimi ol. Bunlar məni xoşbəxt edir.

– Kiminsə arxasınca danışırsınız?

– Əgər birinin arxasınca danışıramsa, deməli, o adam mənim üçün bitib. Əgər bitməyibsə, axı sən bir masada oturub onunla çörək yeyirsən. Həmin insanların bir sözü var: Gəlsin, üzünə də deyərəm. Axı, deyə bilməyəcəksən. Səni təpiyinin altına salacaq.

– Yetərincə maraq dairəsindəsiniz, niyə veriliş aparmırsınız?

– Ayda iki dəfə mənə təklif gəlir. Serial elədir ki, qəzet kimidir. Oxundu, bitdi. Efir isə mənim üçün bir başqadır. Aparıcının cəmiyyətə çatdıracağı bir mesaj olmalıdır. Əgər o sözü deyə biləcəyəmsə, efirə çıxacam. Yox, deməyəcəyəmsə, insanların başını aldadacağamsa, onlara boş informasiya verəcəyəmsə, mənasız qalmaqallar, şou verilişlərində aparıcılıq edə bilmərəm.

Aparıcı odur ki, şounun içinə nəsə qatsın, ağıllı söhbətlər etsin. “Nanay-nanay” verilişlər mənim səviyyəmə uyğun deyil. Ona görə də efirdə yoxam.

– Bir aktrisa kimi, oynayacağınız obraz üçün maksimum nə qədər dəyişikliyə gedə bilərsiniz?

– Azərbaycanda getmərəm. Axı o qonorar yoxdur. Əziyyətinə dəymir. Maksimum saçımın rəngini dəyişərəm. Efir üçün gecə-gündüz kitab oxuyaram. Bir neçə dəfə film təklifi gəlib. Deyir ki, beş kilo arıqlamalısan. Baxırsan ki, film kinoteatrda bir gün qalacaq. Mən o bir günə görə niyə özümü xəstə salmalıyam? Verəcəkləri pul da 3-4 qəpikdir. Tamaşaçı yığan filmlərimiz var, ancaq onlara da mən dəvət almamışam. Arıqla deyəndə deyirəm ki, “arıqla” nədir?

– Ətiniz tökülür?

– Bəli, sən nə çəkirsən axı, mənə bir arıqla da deyirsən? (gülür)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər