Nəriman kişi məni Ermənistanın Gorus rayonundan dostugilin həyətindəki anamın qabırğasından qoparıb gətirmişdi Qubadlıya. Körpəydim onda. Kölgəmizdə əyləşmişdilər, çay içirdilər. Nəriman kişi bizim ev sahibinə dedi:
– Nə qəşəng tutdu bu.
– Hə xar tutdu. Qəşəng meyvəsi olur.
Elə anamın kötüyü onda sancmışdı. Şüpələnmişdi. Bizə dediki bala birinizi məndən qoparıb aparacaqlar. Hamımızın bir anlıq canına üşütmə düşmüşdü. Necə titrədiksə yarpaqlarımız xışıldadı. Bu ayrılıq mənim payıma düşmüdü. Məni hələ uşaq ikən qoparıb apardılar.
Amma adamın üstündə Allah var çox əziyətimi çəkmişdilər. Məni bu yeni insan dostum körpə uşaq kimi əzizləyirdi. Düz bağın ortasına gün tutan yerə basdırmışdı. Suyumu, gübrəmi də vaxtı vaxtında verirdi. Hiss edirdim ətrafdakı ağac doslarım paxıllığımı çəkirdilər. Tanıdığım bir insan dostum idi. Qalan ev yiyələrin o qədər də tanımırdım. Bir müddət bura uyğunlaşana qədər çox əziyətlər çəkdim . Çünki mənə qayğı başqa idi. İnsan dostum demişdi ki,
– Bu ağacı Gorusdan gətirmişəm elə qulluq edin ki, bura uyğunlaşa bilsin, torpağımıza kök sala bilsin.
O üzdən nazımla çox oynayırdılar. Yaxın ağaclar isə bunu qəbul edə bilmirdi. Körpə idim hələ, torpaqda köküm də yox idi. Anasız yetim kimi hiss edirdim özümü. Məndən biraz uzaqdaki sağ tərəfimdə dayanan bir ərik ağacı vardı hər külək əsəndə küləyi bəhanə edib əl qolu ilə məni itələməyə, yıxmağa cəhd edirdi.
Bir dəfə bacardı da bunu. Dəhşətli bir külək əsmişdi. Ayaqda güclə dayanırdım. Bundan istifadə edən ərik ağacı məni o ağır qolu ilə necə vurmuşdusa üzü üstə yıxılmışdım yerə. O qədər ağlamışdım ki, o gecə. Küsmüşdüm həyatdan. Amma gecənin bir yarısı Nəriman kişi əlində fanarla mənə baxmağa gəldiyini görmüşdüm. Həmən an ona nifrətlə baxırdım. Məni anamdan ayırıb bura gətirən o idi. Mənim nə işim vardı axı bu tanımadığım, mənə yad münasibətlə yanaşan bu yekə ağacların arasında. Söz vermişdim özümü öldürəcəm kök atmıyacam burda.
Sabah açıldı, elə bil axşamkı tufan olmayıb heç. Amma bağa və ağaclara baxanda axşam burda olanlar açıq aydın görünürdü. Həmən əriyin də 1 böyük qolunu qırmışdı külək. Anamın ahı idi o külək. Məni yıxdığını duymuşdu anam və necə ah çəkmişdisə o əriyin də böyük bir qolu qırılıb düşmüşdü yanına.
Bu həyətdə qalmağımın yeganə səbəbi İnsan dostum olmuşdu, birdə o salxım söyüd. Məni o bağdan çıxarıb hətdə söyüd ağacının yanında əkmişdi. Mənə elə qayğı ilə yanaşırdı ki. Körpə balası kimi. Hərdən oturub dərdləşirdi də mənlə. Sevdiyi qızdan danışırdı mənə. Ona bağlanıb qaldım bu həyətdə. O söyüd də mənə ana oldu orda. Biraz meh əsən kimi əli ilə, ana nəvazişi ilə saçımı saığallıyardı.
Beləcə fəsillər ötdü və mən heç özüm də bilmədən kök salmışdım bu həyətdə. İlk barımı verəndəİnsan dostum yarpaqlarımı öpürdü sevindiyindən. Nələrin şahidi olmadım bu həyətdə. Sevdiyi o qızı gəlin gətirmişdi. Həmən gecə gəlib yanımda oturmuşdular hər ikisi. Düz gecənin yarısına qədər söhbət etmişdilər. Məni tanış etmişdi insan dostum sevdiyi qız ilə. Sonra gələcəklə bağlı xəyallar qurmuşdular həmən gecə. Bu həyətdə yas da gördüm, toy da gördüm. İnsan dostumun sevincinə də şərik oldum, ağrı acısına da. Artıq mən də bir ailə başcısı idim. Nəyinki qollarım hətta budaqlarım da var idi. Eyni böyüyürdük, ailə sahibi olduq Nərmanla. Artıq onun uşaqlatı qaçır ətrafımda, oynayırlar. Nəvə kimi baxıram onlara. Kölgəmdə nə süfrələr quruldu. O süfrələrdə danışılan neçə sirlərə, söhbətlərə şahid oldum. İnsan dostum deyrdi ki, anama oxşamışam, hündürboyam, barım da onun gətirdiyi bar kimi dadlı və şirindi. Bir ağac üçün ən gözəl haldı anaya oxşamaq, onun kimi bar verə bilmək.
İllər bir birini qova- qova gedirdi. Yanımdakı söyüd mənə bu illərdə həm dayaq oldu, həm ana oldu, birdə insan dostum və xanımı. Həyətin tən ortasında olduğum üçün hər hadisənin şahidi olmuşdum. Zaman beləcə keçirdi insan dostumun ata olma sevincinin də şahidi olmuşdum, hətta dəfələrlə, baba olma sevincinin də. Nəvələri oynayıdı ətrafamda. Üstümdə haqqları böyük idi.
Həyətdə ağaclardan ən ucası mən idim. Hərdən boylanırdım üzü Gorusa anam tərəfə. Deyirdim bəlkəm görəm anamı ya da o tərəfdən gələn meh mənə onun yarpaqlarının qoxusun gətirə. Mehlə xəbər göndərirdi anam hərdən mənə. Hərdən də günəşə baxır düşünürdüm ki, ikimiz də eyni güəşdən işıq alırıq eyni havanı uduruq. Uşaq vaxtı hətta özümdə xəyal qururdum ki, biraz böyüyüm, kök atım torpağın altı ilə gedib tapacam anamı. Amma indi artıq özüm köklü budaqlı qocaman bir ailənin başcısıyam.
Bir gün hava yaman küləkli idi. Heç bəyənmirdim bunu. Anamgil tərəfdən xoşagəlməz bir külək əsirdi. Meh anamdan xəbər gətirmişdi. Qulağıma pıçıldadı ki, biraz ehtatlı olum. Çox boylanmıyım üzü Gorusa. Səbəbin soruşmuşdum meh də xəbərsiz idi.
Bir gecə bir işıq parladı anamgil tərəfdən.İşıqla bərabər bir səs. Bütün gecəni aydınlatdı bu işıq, bütün ağacları oyatdı bu işıqla səs. sonra bütün kənd oyandı.
-Güllə səsidir.Erməniər başladılar müharibəyə -demişdi insan dostum.Bundan sonra bütün gecələrimiz yuxusuz oldu. Güllə səsinə, mərmi səsinə diksinirdik yuxdan. Anam tərəflə düşmən olmuşduq. Artıq mənə anamın ətrin gətirən meh də bu dəfə barıt qoxulu gəlirdi. Anam mənə necə düşmən ola bilərdi axı? Həyat gözümdə qaralmışdı. Düşündüyüm bir şey var idi bütün gücümlə məni qışda körpə kimi qoruyan, yayda qayğıma qalan . Böyüdüb bu yaşa, bu boya gətirən insan dostumu və ailəsini, övladlarımı yarpaqlarımla qucaqlayıb qorumaq istəyirdim. Mənim əsil ailəm onlar idi axı. Tez – tez anam tərəfə boylanırdım. Kəntdə bir quş da qalmamışdı ki, anama xəbər göndərəm. Atmasınlar o güllələri biz tərəfə. Elə bil güllələr bütün quşları da qırmışdı. Niyə anam icazə verirdi axı. Bu kəntdə onun bir övladı olduğunu unutmuşdumu? Çox qəzəbli idim ona çoxx. İnsan dostum bu qədər güllələrə, bu qədər müharibəyə baxmayaraq məni, torpağını qoyub qaçmırdı heç də burdan. Bu ağaclarda mənim övladlarımdır. Mən bunları qoyub getmərəm deyirdi.
Bu gecə anamdan hər dəfə mənə xəbər gətirən o sevdiyim meh xala da çox qəzəbli külək kimi keçmişdi yanımdan. Heç salam da verməmişdi. Bu gecənin ayrı bir vahiməsi var idi. Həmin meh külək olmuşdu və bir gecədə dəfələrlə salamsız kəlamsız, qəzəbli keçmişdi yanımdan. Sanki yol ölçürdü. Gorusdan bura qədər olan məsafəni. Şüpələnmişdim mən bu küləkdən. Həmən o boz qarğa da gəlib mənə uşaqlıqdan düşmən kəsilən ərik ağcının başına qonub kinli kinli hətəyimizə baxrdı. Mən olan tərəfə. Gorus tərəfdən gələn bu qarğa heç də xeyr xəbər gətrənə oxşamırdı. İnsan dostum hər dəfə onu görəndə qovurdu və “Get xeyr xəbər gətr” deyrdi. Yoox bu gecə nə isə olacaq. Təbiətin bu halları, anamgil tərəfdən gələn bu xəbərçilər nə isə planlayırdılar elə bil.
Gecə tən yarıdan keçmişdi. Mən gündüzdən şüpələndiyim üçün ayıq mürgüləmişdim. Havada parlayan böyük həmdə lap böyük bu işiq gözümü qamaşdırdı. Sanki gecənin yarısı kimsə bir anlıq günəşi diksindirib yuxudan oyatdı. Bu işıq anamgil tərəfdən gəlirdi. Həmdə düz bizim həyətə doğru. Bizim həyəti nişan almışdılar. Yoox mən qoya bilməzdim ki, insan dostuma, onun ailəsinə ziyan gəlsin. Onlar həm də mənim ailəm idi. Onları nə yolla olur olsun qorumalı idim. İşıq yaxınlaşdıqca bunun işıq deyil bir od parçası olduğunu anlamışdım. Və bütün qollarımı açıb sinəmi onun qarşısına verdim. Anam tərəfdən gələn od kökümə qədər yandırdı məni, məhv elədi. Bircə böyrü üstə yıxıldığımı hiss elədim.
Artıq neç vaxtdı ki, insan dostum xanımı ilə başımın üstə dayanıb ağlayırlar. Xanımı övladını itirmiş ana kimi ağu deyir mənə. Son nəfəsimdə bunları görmək acı olduğu qədər də xoşdu.
Demək ki, qismətimdə ana qabırğsından yaranıb, qürbətdə ana həsrətiylə yaşayıb sonda ana oduyla yanmaq varmış və insan ağusu ilə bu həyata son demək varmış…