Mətbuatda Azərbaycanda koronavirusa qarşı peyvənd olunan Samir Məhərrəmovun iki gün sonra vəfat etməsi ilə bağlı yayılan məlumatlar vaksin olunan və bunu istəyən şəxslərdə narahatlığa səbəb olub.
Hadisə haqqında “Qafqazinfo” mərhumun yaxınlarının sosial şəbəkədə yazdıqları məlumata əsasən xəbər yayıb. Belə ki, Mütəmadi səyahətlər edən S.Məhərrəmov COVID-19 pasportu almaq üçün “Sinovac” vaksini vurdurub. Mayın 29-da huşunu itirərək yıxılıb və ailəsi onu “Baku Medical Plaza” klinikasına yerləşdirib.
Komada olan S.Məhərrəmov orada vəfat edib. Məlumata görə, beynində tromblaşmanı açmaq üçün tibbi müdaxilə etsələr də, onun həyatını xilas edə bilməyiblər.
Qeyd edilib ki, Samir Məhərrəmov yüksək təzyiqdən beyin infarktı (işemik insult) keçirib.
“Baku Medical Plaza”dan sayta bildirilib ki, S.Məhərrəmov peyvənd olunandan sonra halı pisləşdiyi üçün klinikaya gətirilib: “Onun ailəsinin icazəsi olmadan ölüm səbəbini açıqlaya bilmərik. Bizim klinikaya ağır vəziyyətdə daxil olub. Ölüm səbəbini rəsmi bilmək üçün tibbi ekspertizadan keçirilməli idi. Ailənin bunu edib-etmədiyindən məlumatsızıq”.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Mərkəzi Klinikanın Kardioloqu Dr.Firdovsi İbrahimov vurğuladı ki, xəstənin insult keçirməsinin peyvəndlə heç bir əlaqəsi yoxdur: “O xəstə ilə bağlı məndən də kömək istədilər. Ötən həftənin bazar günü idi. Mən də Respublika Müalicəvi Diaqnostika Mərkəzində həkim Ağakişi Yəhyayevdən xahiş etdim, o dərhal xəstəni anju etdi və bildirdi ki, bu xəstədə damar içi yırtılma var.
Damarda diseksiya olduğu üçün təbii ki, orada tromb yığılır. Stresslə, gərginliklə, ani hərəkətlərlə bağlı ola bilər. Bunun peyvəndlə bir əlaqəsi yoxdur. Damarın daxildən yırtılmasıdır. Bu hadisə ürək damarlarında həddindən çox görünür. İnfarktların 90 faizinin səbəbi damar daxili diseksiyadır. Cavan adamların ani ölümlərinin əsas səbəbi onlarda damar daxili diseksiyanın olmasıdır. Bunun peyvəndlə bağlılığı yoxdur. Ancaq bu məlumatın bu şəkildə yayılması insanların peyvənddən qaçmasına səbəb olacaq. Ona görə də, tibbi məlumatı araşdırmadan, əslini öyrənmədən bu şəkildə paylaşmaq olmaz”.
Qeyd edək ki, bir müddət əvvəl Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov da əhaliyə müraciət edərək bildirmişdi ki, peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi kimi iddiaların heç bir elmi əsası yoxdur.
Azərbaycanda vaksinasiyaya başlanılması dönəmində də TƏBİB peyvənddən sonra ölüm halı məsələsinə aydınlıq gətirmişdi: “Vaksindən sonra gözlədiyimiz ən ciddi reaksiya allergiya və anafilaktik şok ola bilər. Bu hallar bütün peyvəndlərdən, hətta antibiotiklərdən sonra da müşahidə edilə bilər. Vaksindən bir neçə gün sonra baş verən bütün ölüm hallarını vaksinlə əlaqələndirmək doğru deyil. Səbəblər ciddi şəkildə araşdırılmalıdır. İndiyə qədər “CoronaVac” peyvəndinin üçüncü klinik faza tədqiqatları zamanı heç bir ölkədə ölüm halı müşahidə olunmayıb”.