“Müşfiq dünyasını dəyişdi, canını qurtardı, Dilbər xanım isə hər gün öldü-dirildi”
Onu müsahibəyə razı salmaq asan olmadı. Telefondaca dedi ki, bu mənim üçün olduqca həssas məsələdir, bəziləri kimi bunu “şou”ya çevrimək istəmirəm, Müşfiq əmimin narahat ruhu məndən inciyər. Ancaq nakam şairimizin ruhunun dinclik tapması üçün çalışdığımızı dedikdən sonra görüşə razılıq verdi. Əvvəl Mikayıl Müşfiqin mənsub olduğu İsmayılzadələr nəslinin başına gələn dəhşətlərdən böyük yanğı ilə söhbət açdı. Sonra isə gündəmə gəldik.
Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə ilə müsahibəni təqdim edirik.
– Bir neçə gün əvvəl mətbuatda belə bir məlumat yayıldı ki, Mikayıl Müşfiq güllələndikdən sonra dənizə atılmayıb, Puta qəsəbəsindəki gizli məzarlıqda digər repressiya qurbanları ilə birgə basdırııb. Puta qəsəbəsində qazıntı da aparıldı. Aşkar olunan cəsəd qalıqlarının Müşfiqə aid olması ehtimalı var. Bu xəbəri eşitdikdə necə reaksiya verdiniz?
– Əlbəttə xəbəri eşidəndə içimizdə hardasa bir təsəlli hissləri baş qaldırdı ki, nə yaxşı oldu Müşfiq əmimizin qalıqları tapıldı. Biri var hər il gedib büstünün yanında dayanasan, tədbir keçirib gələsən, biri də var bilirsən ki, məzarı mövcuddur. Gedib ziyarət edirsən, “Yasin” oxutdurursan. Bu özü təsəllidir.
– Amma o qalıqların Müşfiqə aid olması hələ dəqiq deyil.
– Mən istəyərdim ki, dəqiq olsun.
– Bunun üçün Müşfiqin yaxınlarından DNT nümunəsi götürülməli, qalıqlarla müqayisə edilməlidir.
– O barədə bizə artıq müraciət olunub. Əvvəl dedilər ki, analiz götürmək üçün ana tərəfdən qohumların olması çox vacibdir. Ana tərəfdən isə Müşfiq əmimin qohumlarından heç kəs yoxdur. Varsa da mən tanımıram. Bəlkə də dayısı uşaqları qalıb, amma mənim xəbərim yoxdur. Bildiyim odur ki, Müşfiq uşaq olanda dayısı Peterburqda oxuyub. Müşfiqin yaxınlarından bacısı Balacaxanım bibim vardı. Yetmişinci illərdə rəhmətə gedib, məclisi bizdə keçirilmişdi. Bunu niyə görə deyirəm? O vaxt mən uşaq olsam da, bəzi məsələlər gözümün qabağında baş vermişdi. Doğma bacısıdır da, yəqin DNT nümunələri üçün bacısının qəbrindən analiz götürmək olar. O gün televiziyadan da gəlmişdilər. Gedib Balacaxanım bibimin məzarın göstərdik, çəkiliş aparıldı.
– Analiz götürmək üçün qəbrin açılmasına ehtiyac yaranacaq. Yəqin etirazınız olmaz?
– Mənim əlbəttə etirazım olmaz. Düzdür, qəbrin açılmağı İslamda yaxşı qəbul olunmur. Amma təki biz bilək ki, o qalıqlar Müşfiqindir. Ya da əksinə, ürəyimizdə bir narahatlıq qalmaz, bilərik ki, o sümüklər Müşfiq əmimə aid deyil. Bunun üçün Balacaxanım bibimin qəbrinin açılmağına razılıq verərik.
– Qazıntı aparılan yerə getmisiz?
– Yox. Mən baxa bilmərəm o sümüklərə. O sümüklər Müşfiqin olmasa da baxa bilmərəm. Bununla belə bir nəticə əlsə olunması üçün öz tərəfimdən hər bir köməyə hazıram.
– Ümumiyyətlə Müşfiqin öldürüldükdən sonra dənizə atılmayıb hardasa basdırılması ehtimalı var idi? Bu vaxta kimi belə bir söhbət eşitmişdiniz?
– Dəqiq yadımda deyil, deyəsən elə Balacaxanım bibimin yasında atamın tanışlarından biri gəlib dedi ki, bir nəfər var, hökmü icra edən adamdır. Halallıq almaq istəyir. İcazə versən gələrdi. Deyir Yunis müəllimə denən, istəyir öldürsün, ancaq təki məni qəbul eləsin, yaşlı adamam, daha bu günahla yaşaya bilmirəm.
– Müşfiqi güllələyən adam idi?
– Bəli. Atam bir kəlmə dedi ki, rədd elə. Bundan sonra tanış xüdahafizləşib çıxdı. Mən onu yola salanda gördüm ki, küçədə hündür, yaşlı bir adam dayanıb. Paltosunun da yaxasını yuxarı qaldırıb. Tanış çıxıb ona nəsə dedi, çıxıb getdilər. Sən demə Müşfiq əmimin hökmünü icra edən adam imiş, küçədə gözləyirmiş ki, atam razılıq versə, gəlsin.
– Sonradan özünüz bu haqda maraqlanmamısınız?
– O mövzulara qayıtmaq çox ağırdır.
– Siz Müşfiqin güllələnməsi barədə o vaxt nə eşitmişdiniz?
– Eşitdiyim nədir, deyim. Atama danışmışdılar ki, Mircəfər Bağırov özü bir dəfə Müşfiq əmimin kamerasına girib. Onunla danışıb. Ondan soruşub ki, səni incitmirlər? Müşfiq də cavab verir ki, yox. Mircəfər də istehza ilə deyir ki, üz-gözündən görürəm. Bütün sifəti partlaq-partlaq imiş, dırnaqlarını çıxarıbmışlar. İşgəncə görsə də, Mircəfərə şikayət eləməyib. Mircəfər çıxanda deyib ki, sənin dilini açmağın yolunu taparam. Bu görüşdən sonra onu başqa kameraya köçürürlər. Kameranın yeri şüşə qırıqları ilə dolu imiş, orda yatıb, orda dururmuş. Mircəfər Bağırov bu kamerada da ona baş çəkir. Qapı açılanda Müşfiq ona nə deyir, nə demirsə Mircəfər tapançanı çıxarıb birinci gülləni vurur. Yanındakı da kontrol gülləsini başından vurur.
– Yəni güllələnmə Nargin adasında, məhkəmə qərarından sonra həyata keçirilməyib?
– Yox, kamerada olub. Mircəfər şəsxən vurub.
– Siz bunu kimdən eşitmisiz?
– Atamgilin söhbətlərindən eşitmişəm. Atamın o sahədə işləyən tanışları danışırdılar.
– Sonra meyiti aparıb dənizə atıblar?
O bilinmir. Mircəfər özü dəfələrlə adam öldürüb. Bu fakt var. Bəziləri də deyirlər guya kameranın qapısı açılanda Müşfiq şeir deyə-deyə Mircəfərin üstünə gedib. Açığı mən buna inanmıram, o an kimin yadına şeir düşər? Müşfiq çox güman hirsindən-qəzəbindən ona nəsə acı sözüb deyib, Mircəfər də özünə sığışdırmayıb onu vurub.
– Müşfiqin deyəsən bir övladı olub…
– Yalçın adında bir oğlu vardı. Uşaq vaxtı tif xəstəliyindən ölüb.
– Yoldaşı Dilbər xanımın taleyi necə oldu?
– Müşfiq dünyasını dəyişdi, canını qurtardı, Dilbər xanım isə dünyasını dəyişdiyi günə kimi hər gün öldü-dirildi.
– Dilbərgilə gedib-gəlirdiz?
– Mən uşaq vaxtı getmişəm. Balacaxanım bibimin yasına gələndə məni evlərinə apardı, bir ya iki gün onlarda qaldım. Onun Leyla adında bir qızı vardı.
– Ərə getmişdi.
– Getməli idi də. Hərə onun haqqında bir söz deyirdi. O qədər ruhi sarsıntı keçirdi, axırda havalandı. Hamısı Müşfiqin yolunda olmuşdu. O ki Müşfiqin dalıyca həbsxanaya gedir, orada “nadzorlar” ona çox əziyyət verirlər, pislik edirlər. Ondan sonra ruhi xəstəxanaya düşür. Müşfiq əmim kişi xeylağı idi, əziyyət görə bilərdi. Amma Dilbər xanımın əziyyəti, faciəsi ondan da təsirlidir. Bizim binanın qabağında çörək dükanı vardı. Balacaxanım bibimin yasına gələndə iki dənə çörək almışdı. Anama dedi ki, əmi oğlumu görmək istəyirəm. Mən də gedib atamı çağırdım. Dilbər bibinin gəldiyini xəbər vermədim. Atam gəldi, Dilbəri görən kimi anama tat dilində nəsə dedi, danladı ki, buna görə məni çağırmısan? Dilbər də bayaqdan sinəsinə sıxdığı iki çörəyi göstərib dedi ki, əmi oğlu, gördüm dükana təzə çörək gətiriblər. Yas üçün aldım, camaata paylayarsız. Özündə deyildi də, havalı idi.
– Müşfiqin represiyya olunmasından sonra təkcə yoldaşı yox, digər qohumları da təqib olundu…
– Müşfq xalq düşməni elan olunandan sonra Əsəd əmim, Vahab əmim də təqib olundular. Eyni familiya daşıdıqlarına görə hər biri əzab çəkib. Balacaxanım bibimin əri müsavatçı idi. Onu repressiya eləmişdilər. Ona görə bibimi də həbs elədilər. Balacaxanım bibimin də Dilbər xanım kimi səhhəti korlanmışdı. Tez-tez ruhi xəstəxanada yatırdı. Heç kəsin evində qalmırdı. Yasamalda bir otaqlı evi vardı. Deyirdi məni ora aparın. Atamgil aparıb qoyurdu öz evinə. Qapını isə heç kəsə açmırdıı. Elə pəncərədən qonşu uşaqlarına pul verirdi, çörək alsınlar. Anam tez-tez bazarlıq edib ona dəyməyə gedəndə anamı da evə buraxmırdı.
İstər Müşfiq əmimin yoldaşına, istər bacısına qarşı çox zülmlər, çox murdarlıqlar edilib. Dilbər xanımın başına gələnlər Balacaxanımın da başına gəlib. Bundan başqa Müşfiqin Böyükxanım adlı böyük bacısı vardı. Müşfiq hələ həbsxanada olanda özünü yandırdı, onda hələ güllələnməmişdi. Bizim nəsil çox faciələr yaşadı. Ona görə Müşfiqin ehtimal olunan o qalıqlar təsdiqlənsə, bizim üçün bir təsəlli yeri olar. Bilərik ki, məzarı var.
– Son olaraq bir sual verim. Bu qalıqların Müşfiqə aid olduğu təsdiqlənəcəyi təqdirdə harada dəfn olunmağını istəyərdiniz?
– Əvvəla onu deyim ki, bu məsələdə kim nə əziyyət çəkirsə, çox sağ olsun. Hamısına təşəkkür edirəm. Dəfn məsələsinə gəldikdə isə Fəxri Xiyabanda dəfn olunmağını istəyərdim. Necə ki, yazıçılar Birliyinin o vaxtkı üzvləri Fəxri Xiyabanda uyuyur, qoy o da Fəxri Xiyabanda dəfn olunsun, bir yerdə uyusunlar.(AzNews.az)