Son günlər ölkə ərazisində qarlı və şaxtalı hava şəraitinin daha çox Sumqayıt şəhərində müşahidə olunması və bunun nəticəsində yaranmış problemlər mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Qarlı və şaxtalı havanın Sumqayıt şəhərində yaratdığı problemlər və bu istiqamətdə görülən işlərlə bağlı millət vəkili Muxtar Babayev sumqayitxeber.com-a öz fikrini bildirib. Millət vəkili söyləyib ki, son günlər Sumqayıt şəhərində yağan güclü qar müəyyən problemlər yaradıb və bu problemlərin aradan qaldırılması üçün Sumqayıt şəhər İcra hakimiyyəti və aidiyyəti dövlət qurumları səylərini səfərbər ediblər. Şəhərə yağan qarın yaratdığı fəsadların aradan qaldırılması üçün hazırda da işlər görülməkdədir. Bu bir təbiət hadisəsidir. Hesab edirəm ki, qarın yaratdığı problemi aradan qaldırmaq üçün aidiyyəti dövlət qurumları ilə yanaşı, şəhər sakinləri, şəhərdə fəaliyyət göstərən müəssisələr də könüllü olaraq belə vəziyyətlərdə səylərini birləşdirməldir. Bütün dünyada bu praktika var. İnsanlar könüllü şəkildə öz məhəllələrini, müəssisələrinin qarşısını təmizləyir. Kimyaçılar da ilk gündən bu işdə dövlət qurumlarına yardımçı olmağa çalışıb.Bu şəhər hamımızındır və hər birimiz bu cür təbii hadisələr baş verəndə problemləri vaxtında aradan qaldırmaq üçün səfərbər olmağa çalışmalıyıq.
Millət vəkili Müxtar Babayev qarlı hava şəraiti ilə əlaqədar şəhərdə elektrik verilişində yaranmış problemlərə də toxunub: “Son illər ölkəmizdə enerji təchizatının yaxşılaşdırılması ilə bağlı mühüm işlər görülür. Ancaq son günlər, xüsusilə də qarlı hava şəraitinin ilk günlərində şəhərdə elektrik enerjisinin verilişində müəyyən fasilələr yarandı. Bununla bağlı seçicilərdən də bizə şikayətlər daxil olub. Görünür, Sumqayıt şəhərində enerji təchizatının yaxşılaşdırılması istiqamətində zəruri işlər görülməlidir ki, gələcəkdə bu cür hallara rast gəlinməsin”