Tahir Mirkişilidən HƏYƏCAN TƏBİLİ: "Bu, böyük fəlakətlərə səbəb ola bilər"

2276

“Əkin sahələrinin biçindən sonra yandırılması həm aqrotexniki, həm də təhlükəsizlik baxımından doğru hesab edilmir”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Millət vəkili bu üsulun müasir aqronomiya elmi ilə zidd olduğunu bildirib:

“Azərbaycanda keçmişdən qalma streotiplə bağlı olaraq biçilmiş əkin sahələri yandırılır. Fermerlər həmin sahədə yaranan külün əkin sahəsinin məhsuldarlığı üçün faydalı olduğunu düşünür. Yanmış külün torpağın münbit qatı üçün faydalı olması məlumdur. Lakin yanğın zamanı itkilərlə əldə olunacaq faydanı müqayisə etsək, zərərin daha çox olduğunu görürük.

Bu gün aparılan təhlillər göstərir ki, əkin sahələrinin yandırılması torpağın münbit qatının, eləcə də üst qatdakı canlı orqanizmlərin məhv olmasına səbəb olur. Bu məhsuldarlığın azalması ilə nəticələnir. Yəni həm texnologiya, həm də elmi cəhətdən əkin sahəsinin yandırılması yolverilməzdir. Müasir aqronomioya elmi torpağın yandırılması ilə onun münbitliyinin artırılması üsulunu qəbul etmir”.

Bu ilin yaz sessiyasında İnzibati Xətalar Məcəlləsinə bununla bağlı edilən dəyişikliyə toxunan millət vəkili sözügedən istiqamətdə maarifləndirmə tədbirlərinə daha çox ehtiyac duyulduğunu bildirib:

“Prezidentin təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsində bu ilin yaz sessiyasında Milli Məclisdə dəyişiklik edildi. Əkin sahələrini yandıran həm fiziki, həm də hüquqi şəxslərə qarşı cərimələr müəyyən olundu. Hesab edirəm ki, inzibati metodlarla yanaşı bu sahədə maarifləndirici üsullara da ehtiyac yaranıb. Bildiyim qədərilə Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə fəaliyyət göstərir. Lakin cərimələrlə bağlı məsələ yeni müəyyən edildiyindən onun təsiri qısa zamanda özünü göstərmir. Bununla yanaşı fermerlərə torpağın yandırılmasının zərəri, onun müasir üsullarla gübrələnməsinin məhsuldarlığa müsbət təsiri barədə məlumatlandırılmasına ehtiyac var. Üstəlik, bu məsələdə təkcə Kənd Təsərrüfatı Nazirliyi məsuliyyət daşımır. Həm də aqrar sahə ilə məşğul olan digər təşkilatlar, eləcə də cəmiyyət bu işə dəstək olmalıdır”.

Millət vəkili əkin sahələrinin yandırılmasının təhlükəsizliklə bağlı yarada biləcəyi problemlərə də toxunub:

“Bu gün Avropa, eləcə də digər ölkələrdə dəhşətli meşə yanğınlarının nə qədər ciddi problemlərə səbəb olduğunu görürük. Əkin sahələrinin yandırılarkən yanğının yaxınlıqdakı meşə ərazisinə keçməsi təhlükəsi var. Çünki onsuz da hava isti keçir, bu zaman əkin sahəsindən meşələrə keçən yanğın böyük fəlakətlərə səbəb ola bilər. Həmçinin sahə yaxınlığında elektrik xətti keçərsə, onlar üçün də təhlükəli vəziyyət yaranır. Avropadakı yanğınlar göstərdi ki, qısa zamanda meşə yanğınları kənd və qəsəbələri əhatə edə bilir. Bir sahənin yandırılmasının təbiət üçün fəlakətə çevrilməsini nəzərə alsaq, qətiyyən bu hallara yol verilməməlidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər