Milli həmrəyliyimizin banisi

1026

Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçibdir. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş  diaspor nümayəndələri də qeyd edirlər.

Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər.Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.

SSRİ-nin son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüyüşü, dəmir tikanlı məftilləri qırması, qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanı oldu.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı və bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi, konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. 31 dekabr Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan bütün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il milli birlik və həmrəylik günü kimi qeyd edilir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu bayramın başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq hissləri və ideyaları təşkil edir.
Ötən dövr ərzində dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi, məzmunca zənginləşdirilməsi üçün xeyli iş görülmüşdür. Azərbaycanlıların həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və arzulardan əməli işə çevrilmiş, dövlət siyasətinin mühüm istiqamətlərindən biri  səviyyəsinə qaldırılmışdır. Azərbaycanlıların yığcam yaşadığı ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün məqsədyönlü fəaliyyət göstərilmişdir.

2001-ci ilin noyabr ayında Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı qarşıda duran vəzifələri müəyyənləşdirdi, azərbaycanlıların öz milli dövləti – Azərbaycan Respublikası ətrafında sıx birləşməsi prosesinə güclü təkan verdi, milli birlik ideyasının inkişafında mühüm rol oynadı. Qurultaydan sonra Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı, soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanun qəbul edildi. Soydaşlarımızın təşkilatlanması daha da gücləndi, milli-mənəvi və ümumbəşəri dəyərləri üzvi şəkildə birləşdirən, Azərbaycan xalqına və millətinə mənsubluq hissinə əsaslanan azərbaycançılıq ideyası bütün dünyada yaşayan    azərbaycanlılar arasında geniş yayıldı. Ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində doğma Azərbaycanın maraq və mənafeləri naminə xaricdə yaşayan həmvətənlərimizin birliyini təmin edən Azərbaycançılıq məfkurəsi yaranmış,bu da milli özünüdərki sürətləndirmiş, yeni və müasir cəmiyyət quruculuğu prosesini stimullaşdırmış, müstəqil dövlətçilik ənənələri və həmrəylik ideyalarının milli şüurda öz yerini möhkəmləndirməsini təmin etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirərək, mütəşəkkil diasporun və güclü lobbinin formalaşması məsələsini daim diqqət mərkəzində saxlamışdır.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Sərəncamı ilə 2006-cı il mart ayının 16-da keçirilmiş Dünya azərbaycanlılarının II qurultayında diaspor quruculuğu sahəsində qarşıda duran yeni vəzifələr müəyyən olunmuşdur. Azərbaycan Prezidentinin nitqindəki tövsiyə və tapşırıqlar Azərbaycan diasporunun yeni dövrdəki fəaliyyətinin ideoloji təməlini təşkil etmişdir.

Ötən dövr ərzində xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesi daha da sürətlənmişdir. Hazırda dünyanın müxtəlif ölkələrində azərbaycanlıların 416 diaspor təşkilatı fəaliyyət göstərir. Həmin təşkilatların 103-ü məhz II qurultaydan sonra təsis edilmişdir.

Təqdirəlayiq haldır ki, diaspor quruculuğuna xaricdə yaşayan azərbaycanlı  ziyalılar, elm adamları, mədəniyyət və incəsənət xadimləri daha fəal qoşulmuşlar. Müxtəlif ölkələrdə yeni Azərbaycan icmaları təsis edilmiş, ayrı-ayrı cəmiyyətlərin vahid mərkəz ətrafında birləşdirilməsi istiqamətində tədbirlər görülmuşdür.2008-ciilin dekabrında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantısında dünya azərbaycanlılarının birliyinin ideoloji, sosial-fəlsəfi, siyasi və mənəvi aspektlərini müəyyənləşdirən konseptual sənəd – “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” qəbul edilmişdir.

Ötən dövrdə soydaşlarımız tərəfindən yaradılmış internet saytları, müxtəlif sosial şəbəkələr, kütləvi informasiya vasitələrində xalqımızın məruz qaldığı haqsızlıqlar, terror və soyqırımı aktları, eləcə də ölkəmizdə gedən inkişaf prosesləri haqqında məlumatlar dünya ictimaiyyətinə çatdırılmışdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu müstəsna rol oynamışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun həyata keçirdiyi layihələr Azərbaycan xalqının qədim tarixi, zəngin maddi-mədəni irsi haqqında məlumatların yayılmasında böyük əhəmiyyətə malik olmuşdur.

Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında daha yaxından iştirak etmiş, dövlət orqanları, siyasi partiya və təşkilatlar, kütləvi informasiya vasitələri ilə əlaqələr qurmuşlar. Xarici ölkələrin nüfuzlu siyasət adamları, ictimai xadim və ziyalıları milli maraqlarımızın müdafiəsi işinə cəlb olunmuş, güclü Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində fəal iş aparılmışdır.

Azərbaycan diaspor təşkilatları  türkdilli xalqların diasporları ilə əməkdaşlığını daha da genişləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin mart ayında Bakı şəhərində keçirilmiş Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I forumunda Azərbaycan və türk icmalarının birgə fəaliyyət strategiyası qəbul edilmişdir.

2007-ci ilin noyabrında Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmiz ikinci böyük beynəlxalq tədbirə – Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayına ev sahibliyi etmişdir. Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin Türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşmüşdür.

Xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb edilməsi təqdirəlayiq haldır, çünki gənclərimiz Azərbaycan həqiqətlərinin və zəngin mədəni irsimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması işinə layiqli töhfələrini vermişlər. “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq, 2010-cu il noyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclərinin I Konqresi  bu baxımdan xüsusilə mühüm əhəmiyyətə malik olmuşdur.

Bu gün diasporumuzun fəaliyyəti hücum taktikasına əsaslanır. İndi informasiya müharibəsində Azərbaycan işğalçı  Ermənistandan daha güclü, çevik və sistemli fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev diasporumuzun fəaliyyətinə yüksək qiymət verərək demişdir: “Dünyanın istənilən yerində bizim nümayəndələrimiz istənilən aksiyanı keçirə bilərlər və keçirirlər. Biz hücum diplomatiyası aparırıq və resurslarımız da var – həm intellektual, həm də maddi resurslarımız. Ona görə təsadüfi deyil ki, son illərdə biz artıq erməni lobbisi ilə mübarizədə qalib gəlirik”.

2011ci ildə keçirilən Dünya azərbaycanlılarının III qurultayı isə tamamilə yeni bir tarixi mərhələyə təsadüf etmişdir. Azərbaycan dövlət müstəqilliyini daha da möhkəmləndirmiş, iqtisadiyyatın inkişafı, demokratik cəmiyyət quruculuğu, dünya birliyinə inteqrasiya sahəsində ciddi nailiyyətlərə imza atmışdır. Bu baxımdan, bizim bu qurultayı iqtisadi və siyasi baxımdan daha qüdrətli Azərbaycan Respublikasında keçirilməsindən qürur duymağa əsasımız var.

2016 ci il iyunun 3-4 də Bakıda kecirilən Dünya azərbaycanlıların IV qurultayı dünya azərbaycanlılarının daha sıx birləşməsini təmin edən mühüm qərarlar qəbul edərək, Azərbaycan diasporunun tarixində milli birlik milli həmrəylik tariximizdə  yeni bir səhifə açmışdır.

Bu gün xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsində, soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsində yeni mərhələnin yaşandığını deyə bilərik. Bu, bir tərəfdən, Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclənməsi, onun regionda lider dövlətə çevrilməsi, beynəlxalq nüfuzunun artması ilə, digər tərəfdən isə xaricdə yaşayan azərbaycanlılarla işin keyfiyyətcə yeni məzmun kəsb etməsi, qarşıya yeni vəzifələr qoyulması ilə əlaqədardır. Hazırda Azərbaycan dövləti öz qarşısına soydaşlarımızın beynəlxalq konvensiyalarda təsbit olunmuş insan və vətəndaş hüquqlarının müdafiəsi, yaşadıqları ölkələrdə mütəşəkkil təsirli qüvvəyə çevrilməsi, dünya azərbaycanlılarının taleyi üçün məsuliyyətin artırılması kimi vəzifələr qoyur və bunu layiqincə yerinə yetirir.

Elmar Xəlilov,
Sumqayit Dövlət Universitetinin
dosenti, tarix üzrə fəlsəfə doktoru

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər