Milli maraqlara söykənən liderlik missiyası

838

Tarixi reallıqlar göstərir ki, ictimai inam idarəçilikdə hər zaman böyük nailiyyətlərə yol açaraq xalqın etimad göstərdiyi liderlə sarsılmaz mənəvi bağlılığını təmin edir. Bugünün özündə də hər bir hakimiyyət cəlbedici proqram və ideyalarla cəmiyyətdəki həlledici çoxluğun dəstəyini qazanmağa çalışır. Hakimiyyəti millətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən və bunu əməli fəaliyyəti ilə sübuta yetirən liderlər milyonlarla insanın iradəsi əsasında dövlətə rəhbərlik şansı qazanırlar.

Bu gerçəkliklər fonunda əminliklə demək olar ki, müstəqil Azərbaycan yeni minilliyin başlanğıcında Ulu Öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ideyalarının ən layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında son 18 ildə uğurlu gələcəyinə doğru inamla irəliləyir, bu yolda qarşılaşdığı ən müxtəlif maneələrə, çətinliklərə sinə gərir. 2003-cü ilin 15 oktyabrından ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev ötən müddətdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirmiş, respublikamız iqtisadi sahədə dinamik inkişaf yolu keçərək modernləşmə mərhələsinə qədəm qoymuşdur. Cənab İlham Əliyev hər cür pafosdan, populizmdən tamamilə uzaq olan, praqmatik, realist təfəkkürlü lider olaraq ötən müddətdə xalq qarşısında verdiyi bütün vədləri yerinə yetirmişdir.

Cəmi 18 ildə həyata keçirilən islahatların – real miqyasına, əhəmiyyətinə görə – ən azından onilliklər ərzində gerçəkləşdirilməsi mümkünlüyü inkarolunmaz reallıqdır. Öz liderinin yüksək iradəsi, əzmi, qətiyyəti, idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan 2003-cü ildən bu günə kimi fantastik görünə biləcək sürətli inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur. Bu müddətdə inamla həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması  cənab İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha təsdiqləyir.

Zəfərdən sonra ölkəmizdə islahatların keyfiyyətcə yeni mərhələsi başlayıb

Tarixən bu həqiqət birmənalı təsdiqini tapmışdır ki, hakimiyyəti xalqın iradəsinə söykənən, onun dəstəyini hiss edən qətiyyətli, peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli, vətəndaş daha güvənli olur. Məhz bu cür liderlər zamanın çağırışlarına cavab verən realist siyasət yürüdür, uğurlu gələcək naminə xalqın, dövlətin güc və imkanlarını toparlayır, vahid milli ideyanın gerçəkləşdirilməsi naminə səfərbər edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin özünün də bəyan etdiyi kimi, ötən il qazandığımız tarixi Zəfərdən sonra ölkəmizdə islahatların keyfiyyətcə yeni mərhələsi başlanmışdır. Postmüharibə dövründə daha geniş vüsət alan islahatlar fonunda bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.

Dövlət başçısı İlham Əliyevin yürütdüyü inkişaf strategiyası özündə həm də ictimaiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirir. İqtisadi inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır, habelə modernləşmənin vacib amilinə çevrilir. Müstəqil Azərbaycanın son 18 ildə əldə etdiyi böyük makroiqtisadi uğurlar da məhz sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən inkişaf strategiyasının nəticəsidir. Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, ölkənin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir.

Son illərdə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur

Siyasi liderin fəaliyyətinin istər daxildə, istərsə də ölkə hüdudlarından kənarda qiymətləndirilməsi zamanı ən obyektiv istinad yeri onun gördüyü işlərdir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, son illərdə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən illər, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli Lider Heydər Əliyevin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, “Ümid”, “Abşeron” və digər perspektivli qaz yataqlarının kəşfi, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası, Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan “Cənub qaz dəhlizi” layihəsinin seqmentləri olan TANAP, TAP layihələrinin gerçəkləşdirilməsi, son bir ildə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar bu baxımdan xüsusi qeyd olunmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Brüsseldə gerçəkləşən səfərinin yekunları bir daha təsdiqləyir ki, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biri kimi tanınır. Bu fakt özlüyündə Azərbaycanın Abropa İttifaqı üçün önəmini daha da artırmış, respublkamızın təşkilatla əlaqələrinə yeni nəfəs vermişdir.

Dövlət başçısının ötən illərdə praqmatizmə və əməli siyasətə söykənən iqtisadi siyasətinin qayəsində məhz insan amili dayanmışdır. Cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. “Hər bir məmur xalqının xidmətçisi olmalıdır”, – deyə hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir. Dövlət başçısı ötən 18 ildə ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə əsasən müəyyənləşdirmiş, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər, həyata keçiriləcək layihələr barədə dolğun məlumatlandırılmasını zəruri saymışdır.

Müasir dövrdə hər bir dövlətin tərəqqisi “insan meyarı”, yəni həyat keyfiyyətinin, şəxsiyyətin dövlət tərəfindən təmin olunan vəziyyətinin önə çəkilməsi ilə ölçülür. Şəxsiyyət azadlığı, insanların maddi rifah səviyyəsi, hər bir fərdin özünü cəmiyyətdə təsdiqetmə imkanı, insan və vətəndaş hüquqlarının qorunması – “insan meyarı”nın bu və digər elementləri onu dövlətin inkişafının qiymətləndirilməsinin əsas ünsürlərinə çevirir. Bu mənada əminliklə demək olar ki, tarixin heç bir mərhələsində Azərbaycan cəmiyyəti son illərdəki kimi sürətli dəyişikliklərə uğramamış, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmamışdır.

“Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır” deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev keyfiyyətcə yeni mərhələdə insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. Bu yanaşma respublikamızın qısa müddətdə həm də elektron xidmətlər sahəsində əldə etdiyi böyük uğurlara əsaslanır. Son 10 ildə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir. Yeni, müasir, şəffaf və çevik xidmət növü vətəndaşların dövlətə olan inam və etimadını, güvənini daha da artırmaqla yanaşı, ölkə rəhbərinin neqativ hallara qarşı mübarizədə prinsipial siyasi iradə nümayişinin bariz təcəssümü olmuş, respublikamızın beynəlxalq arenada nüfuzu daha da yüksəlmişdir.

Ümumiyyətlə, respublikamızda həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək cəmiyyətin sosial sifarişini əks etdirir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Sahibkarlığın sürətli inkişafı, bazar münasibətləri şəraitində qiymətlərin optimallaşdırılması əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Hər bir islahatın bu təbəqənin maraqlarına vura biləcəyi cüzi ziyan belə təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya edilir.

2018-ci ilin 11 aprelində ölkəmizdə keçirilmiş prezident seçkilərindən sonra vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər genişləndirilmişdir. Yeni mərhələdə aparılan islahatların əsas hədəfi xüsusən də aztəminatlı və həssas əhali qruplarının ölkədəki inkişaf proseslərindən daha dolğun və hərtərəfli şəkildə bəhrələnmələrinə şəraitin yaradılmasıdır. 2020-2021-ci illərdə koronavirus pandemiyası səbəbindən bir sıra region ölkələrində iqtisadi artımın zəifləməsinə rəğmən Azərbaycanda ümumi daxili məhsulun 4,8 faizlik artımı qarşıdakı dövr üçün ciddi sosial tədbirlərin gerçəkləşdirilməsinə imkan yaratmışdır.

Dünyada pandemiya ilə əlaqədar qlobal-iqtisadi böhranın müşahidə olunduğu və bu prosesin ölkəmizə də təsirsiz keçmədiyi bir şəraitdə Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin uğurlu sosial-iqtisadi inkişafını təmin etmişdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi Artımın bərpası və Post Konflikt Quruculuğu” hesabatına əsasən, 2021-ci ilin may ayından etibarən Azərbaycanda iqtisadi geriləmə dayanmış, respublikamız inkişaf baxımından pandemiyadan əvvəlki səviyyəyə yüksəlmişdir. Lakin bu da danılmaz həqiqətdir ki, məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması fonunda dünyada enerji daşıyıcılarının qiymətinin və məcmu tələbin artması, iqtisadi fəallığın dinamikası əmtəələrin qiymət artımına da səbəb olmuşdur. Yaranmış vəziyyətdə hökumət vətəndaşlara, xüsusən də aztəminatlı, həssas qruplardan olan insanlara dəyən maddi ziyanın kompensasiyası üçün bütün zəruri tədbirləri reallaşdırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı əhalinin sosial müdafiəsi tədbirləri baxımından xüsusilə əhəmiyyətli olmuşdur. Dövlət başçısının müvafiq sərəncamları ilə bu günlərdə minimum əməkhaqqının, sosial ödəniş, müavinət və təqaüdlərin, bir sıra müəssisələrdə çalışan vətəndaşların məvaciblərinin artırılması bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna əsasən, ilk dəfə olaraq 29,9 miyard manat təşkil edəcək büdcə xərclərinin 13,9 mlrd. manata yaxını və ya 46,4 faizə qədəri sosial təyinatlı olacaqdır. 2021-ci illə müqayisədə sosial xərclər 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artırılmışdır. Sosial xərclərin büdcədəki xüsusi çəkisinin bu səviyyəyə yüksəlməsi Azərbaycanın sosialyönümlü siyasət yürütdüyünü bir daha təsdiqləyir.

2022-ci ildə büdcə gəlirlərinin mühüm bir hissəsi qeyri-neft sektorunun payına düşəcək – gəlirlərin 52,4 faizini neft sektoru, 47,6 faizini qeyri-neft sektoru təmin edəcəkdir. Büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun, sahibkarlar sinfinin payının ildən-ilə yüksəlməsi hökumətin həyata keçirdiyi iqtisadi diversifikasiya siyasətinin, biznes mühitinin sağlamlaşdırılması tədbirlərinin real nəticələridir.

Vətən müharibəsindən sonra azad edilmiş ərazilərin bərpa və yenidənqurulması tədbirlərinin prioritet məsələlərdən olmasına baxmayaraq, hökumət əhalinin sosial müdafiəsi tədbirlərinə, sosial siyasətin reallaşdırılmasına yenə də mühüm məsələ kimi yanaşır. Əslində hökumətin son 18 ildə həyata keçirdiyi bir çox layihələr sosial mahiyyəti ilə diqqəti cəlb etmişdir. Dəniz səviyyəsindən 3000 min metrədək hündürlükdə yerləşən Qubanın Xınalıq kəndinə yolun, sovetlər dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya qaz kəmərlərinin çəkilməsi, eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin ləğvi – bütün bunlar Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələrinin çox cüzi qismidir.

Növbəti il üçün büdcə siyasətinin əsas məqsədləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərin bərpası, qeyri-neft sektorunun dayanıqlı inkişafına, makroiqtisadi vəziyyətin sabit saxlanılmasına və dinamik inkişafın stimullaşdırılmasına nail olmaqdan ibarətdir. 2022-ci ilin dövlət büdcəsi layihəsi sosial-infrastruktur layihələri, habelə pandemiya şəraitində təminatlı sosial müdafiə tədbirləri ilə yanaşı, ölkəmizin müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını da hədəfləyir ki, bu da obyektiv reallığın diktə etdiyi zərurətdir. İcmal büdcə proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərclərinin 4 milyard 499 milyon 238,9 min manat təşkil edəcəyi gözlənilir.

Hərbi xərclərin artırılmasını zərurətə çevirən başlıca amillərdən biri də işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin, qərargahların, istehkam-müdafiə qurğularının, sərhəd zastavalarının yaradılması, habelə Ermənistan və İranla sərhəd ərazilərdə etibarlı təhlükəsizlik çətirinin formalaşdırılmasıdır.

Əminliklə deyə bilərik ki, məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin inamla davam etdirilməsi 2020-ci ildə üzləşdiyimiz ədalətsiz münaqişənin güc yolu ilə Azərbaycanın maraqlarına uyğun həllinə gətirib çıxarmışdır. 2003-cü ildən bu yolda addım-addım irəliləyən Prezident İlham Əliyev Azərbaycan xalqını illərdir həsrətində olduğu Qələbə sevincinə qovuşdurmuşdur. Son 18 ildə çevik xarici siyasət yürüdən Azərbaycan Respublikasının xarici siyasətdə müəyyənləşdirdiyi əsas hədəflərdən biri də Ermənistanın təcavüzkarlıq siyasətinin qlobal miqyasda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün doğurduğu təhdidlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olmuşdur. Respublikamız diplomatik fəaliyyət sferasında məhz hücum taktikasından çıxış edərək, Ermənistanın və ermənipərəst dairələrin yalan üzərində qurulmuş saxta təbliğatını ifşa etmişdir. İqtisadi-siyasi, təbliğati müstəvilərdə üstünlüyü ələ alan respublikamız 44 günlük Vətən müharibəsinin başlanmasına qədər Ermənistanın işğalçı siyasət yürüdən, özünü qlobal iqtisadi layihələrdən təcrid edən, Cənubi Qafqazda təhlükəsizliyi təhdid edən və sülh danışıqlarını pozmağa çalışan dövlət kimi tanınmasına nail olmuşdur.

44 günlük Vətən müharibəsinin başa çatmasından bir ildən çox vaxtın keçməsinə baxmayaraq, bu gün də hər bir azərbaycanlı dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin sevincini yaşayır, torpaqlarımızın işğaldan azad edilməsindən fəxarət hissi keçirir. Azərbaycan 30 illik barışmaz mübarizə mərhələsinin məntiqi yekunu olaraq, beynəlxalq hüquq normalarını, BMT qətnamələrinin icrasını məhz döyüş meydanında – “dəmir yumruğ”u sayəsində bərpa etmişdir.

2021-ci il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı Prezident İlham Əliyev demişdir: “Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı ilə tarixi haqsızlığa son qoyulmuş, “Dağlıq Qarabağ” termini tarixin arxivinə gömülmüşdür. Tərkibinə Xankəndi şəhərinin, habelə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil olduğu Qarabağ iqtisadi rayonunun yaradılması, eləcə də Cəbrayıl, Kəlbəcər, Laçın və Zəngilan rayonlarını birləşdirən Şərqi Zəngəzur iqtisadi rayonunun formalaşdırılması Azərbaycanın birliyinin və bölünməzliyinin bir daha təsdiqi olmuşdur.

Vətən müharibəsindəki Zəfərdən sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin Cənubi Qafqaz regionunda abad, müasir zonaya çevriləcəyini bəyan etmişdir. Qısa zamanda regionda mühüm infrastruktur layihələrinin icrasına başlanılması, Tərtərdən Suqovuşana və Talış kəndinə, eləcə də Füzulidən Şuşa şəhərinə yeni yolların çəkilməsi, Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə tikilərək istifadəyə verilməsi, Zəngilan və Laçın beynəlxalq hava limanlarının təməlinin qoyulması, Horadiz-Ağbənd dəmir yolu xəttinin bərpasına başlanılması, “ağıllı kənd”, “ağllı şəhər”, “yaşıl enerji” kimi innovativ layihələrin reallaşdırılması və digər tədbirlər dövlət başçısının işğaldan azad edilmiş ərazilərimizin bərpasına və yenidənqurulmasına həssas münasibətinin göstəriciləridir.

30 ilə yaxın müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən iqtisadi təsərrüfat dövriyyəsinə cəlb edilməsi ölkəmizin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaqdır. Görülən işlər deməyə əsas verir ki, yaxın illərdə işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, həyata keçirilən quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını möhkəmləndirəcək, Azərbaycanın inkişafında yeni mühüm mərhələ açacaqdır.

Prezident İlham Əliyevin müharibədən sonra dəfələrlə bəyan etdiyi kimi, bu gün Ermənistanın üzləşdiyi sosial-iqtisadi böhrandan çıxmasının yeganə yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaq, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkmək, revanş iddialarından, işğalçı ideologiyadan imtina etməkdir. Yalnız bu cür konstruktiv yanaşma əsasında sərhədyanı ərazilərdəki hərbi münaqişələrə birdəfəlik son qoyulması, qarşıdurma riskinin aradan qaldırılması, münaqişə səhifəsinin birdəfəlik bağlanması mümkündür.

Ermənistan 30 ildən çox müddətdə işğalçı siyasət yürüdərək özünü regional layihələrdən təcrid etsə də, heç bir məqsədinə nail ola bilməmişdir. Bu gün faktiki olaraq Ermənistan regionda müstəqilliyini tamamilə itirmiş, müstəmləkə altında olan dövlətə çevrilmişdir. Prezident İlham Əliyev bununla bağlı haqlı olaraq demişdir: “Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu”.

2022-ci ilin dövlət büdcəsində diqqəti cəlb edən mühüm məqamlardan biri də işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpası və yenidənqurulması, habelə burada mühüm sosial-infrastruktur layihələrinin reallaşdırılması tədbirləri üçün 2,2 milyard manat həcmində maliyyə vəsaitinin nəzərdə tutulmasıdır. Bunda məqsəd işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin yüksək dimanizmlə və keyfiyyətlə aparılması, müvafiq sosial-iqtisadi, enerji, kommunal və nəqliyyat infrastrukturunun yaradılması, doğma yurdlarına qayıdacaq vətəndaşların normal yaşayışı və işgüzar fəaliyyəti üçün yüksək şəraitin yaradılmasıdır. Ayrılmış vəsaitin müəyyən qismi eyni zamanda qeyd olunan ərazilərdə müasir inzibati infrastrukturun yaradılmasına, şəhərsalmaya, mədəni-tarixi abidələrin bərpası və yenidənqurulmasına yönəldiləcəkdir.

Hazırda qarşıda duran əsas vəzifələrdən biri də azad edilmiş ərazilərin zəngin resurslarından, infrastruktur potensialından səmərəli istifadə, bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla, həmin ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının səmərəli realizəsi baxımından bir sıra stimullaşdırıcı tədbirləri özündə ehtiva edir. Sərəncam əsasında həyata keçiriləcək tədbirlər həmin ərazilərdə iqtisadiyyatın canlandırılması, investisiya cəlbediciliyinin yüksəldilməsi, müasir istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi və sənaye potensialının reallaşdırılması baxımından əhəmiyyətli olacaqdır.

Sərəncam azad edilmiş ərazilərdə iqtisadi fəaliyyət üçün optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması, əlverişli sahibkarlıq mühitinin formalaşdırılması baxımından bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sənəd əsasında işğaldan azad edilmiş ərazilərdə əmək resurslarının səmərəli idarə olunması, emal sənayesi və xidmət infrastrukturunun yaradılması məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi nəzərdə tutulur. Bu, həmin ərazilərə həm yerli, həm də xarici investisiyaların təşviqi və cəlbi baxımından yeni imkanlar açır.

Sənəddə işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, istehsal fəaliyyəti ilə məşğul olacaq sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi nəzərdə tutulur. Digər stimullaşdırıcı addım işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsidir.

Sərəncam müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsini, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsini və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsini nəzərdə tutur. Bu və digər güzəştlər gələcəkdə gənc və yüksəkixtisaslı kadrları azad edilmiş ərazilərdə işləməyə həvəsləndirəcək. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi də sərəncamda əksini tapan mühüm məqamlardan biridir.

Xüsusi vurğulamaq istərdik ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən abadlıq-quruculuq işlərinə Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva da layiqli töhfələrini verir. Dövlətimizin başçıcı cənab İlham Əliyevi işğaldan azad edilmiş ərazilərə səfər zamanı müşayiət edən birinci xanım Mehriban Əliyeva özünəməxsus səmimiyyətlə paylaşımlar edir, ictimai diqqəti erməni vandalizminin ağır fəsadlarına yönəldir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihə və tədbirlər barədə ictimaiyyətə müəyyən mesajlar, məlumatlar verir.

Heydər Əliyev Fondu Qarabağda, xüsusilə Şuşa şəhərində tarixi mədəniyyət abidələrinin, dini ziyarətgahların təmiri və bərpası prosesində yaxından iştirak edir. Fondun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, mütəxəssislər qrupu işğaldan azad olunan ərazilərdə ermənilər tərəfindən dağıdılmış dini abidələrin, məscidlərin bərpasına dair layihənin icrasına başlamışdır.

Birinci vitse-prezidentin göstərişi əsasında Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi diqqətdə saxlayır, onların qayğısına qalır. Fond bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Fondun dəstəyi ilə Vətən müharibəsində ağır yaralanan bir neçə qazimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilmiş və müasir protezlərlə təmin edilmişlər.

İslahatlar və abadlıq-quruculuq prosesində Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Dövlət rəhbərinin müəyyən etdiyi prioritetlərin icrasına ümumxalq dəstəyi hər addımda özünü qabarıq göstərir. Bu gün Azərbaycan xalqı cənab İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, bizi Azərbaycanımızın parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı dəstəkləyir.

Qüdrət Kərimov,  YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvü,  “Xəzər” Səhimdar Cəmiyyətinin sədri, iqtisad elmləri doktoru

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər