Azərbaycan 44 günlük Vətən müharibəsini parlaq qalibiyyətlə sona çatdırdıqdan sonra qarşıda duran əsas hədəflərdən biri diplomatik masada da bu qələbəni möhkəmlətmək idi. Heç şübhəsiz ki, hərb cəbhəsində öz xalqını qələbəyə daşıyan Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev diplomatiya meydanında da bu uğurların davamını gətirməkdədir. 6 oktyabrda Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüş də bu baxımdan istisna təşkil etmədi. Praqa görüşü Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasına doğru atılmış mühüm bir addım kimi yadda qaldı. Həm də bu görüşü Azərbaycanın növbəti diplomatik uğuru kimi də səciyyələndirmək olar.
Praqa danışıqları gedişində Azərbaycan prezidenti Cənab İlham Əliyev Ermənistanın 10 noyabr 2020-ci il razılaşmasının şərtlərini yerinə yetirməli olduğunu bir daha vurgularaq qeyd etdi ki, Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Ölkə prezidenti əlavə etdi ki, o, hələ də Nikol Paşinyandan Naxçıvana avtomobil yolu üçün marşrutla bağlı sualına cavab ala bilməyib. Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri pozması son dərəcə biabırçı faktdır. Lakin Azərbaycan hələ səbr edir və danışıqlar prosesinə sadiqlik nümayiş etdirir.
Cənab İlham Əliyev Praqada yerli mediaya müsahibəsində Qarabağda yaşayan ermənilərlə bağlı fikir bildirərək qeyd etdi ki, onlarAzərbaycan vətəndaşlarıdır və biz onların taleyini, gələcəklərini heç bir ölkə ilə, o, cümlədən Ermənistanla da müzakirə etmək fikrində deyilik.Prezident bu məsələnin ölkənin daxili işi olduğunu bildirdi. Praqa görüşündəki daha bir uğur Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıması ilə bağlı səsləndirdiyi Bəyanat oldu. Belə bir mühüm tədbirdə bu Bəyanatın səsləndirilməsi şübhəsiz ki, Ermənistanın üzərinə bir daha ciddi məsiliyyət qoymuş olur.
Azərbaycanla Ermənistan arasında danışıqlar daha öncə Bakının təklif etdiyi beş prinsip əsasında aparılır. İndiyədək Ermənistanda bu prinsiplərə dair verilən bəyanatlar ziddiyyətli olub. Burada ən vacib məqamlardan biri iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasıdır.Qeyd etmək lazımdır ki, sərhədlərin müəyyənləşdirilməsi həm də çox incə və vacib məsələdir. Belə ki, burada “iki ölkə arasında mövcud olmayan sərhədləri” müəyyənləşdirmək lazım gələcək. Bunun üçün sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan və Ermənistandan olan komissiyalar birlikdə işləyərək yekun qərara gəlməlidirlər. Bu prosesdə təkcə Sovetlər birliyi dönəminin xəritələrinə deyil, həm də 1919-1920-ci illərin xəritələrinə də istinad olunmalıdır.
Bütün beynəlxalq toplantılarda olduğu kimi Praqa görüşündə də Azərbaycan Respublikasının maraqları qalib ölkənin qalib lideri Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə qorundu. Artıq döyüş meydanında qazandığımız hərbi qələbələr diplomatik masadakı uğurlarımızı şərtləndirməkdədir. Ölkəmizin milli maraqları bundan sonra da yüksək səviyyədə təmin olunacaq.
Cavid Məmiyev, YAP Sumqayıt şəhər təşkilatının sədr müavini