Sosial sahə ən çətin və məsuliyyətli sahələrdəndir. Ona görə də bu sahədə yaranan problemlər, məncə insan durduqca olacaq. Əsas odur ki, bu problemləri görəsən, düzgün qiymətləndirəsən və onların ədalətli həllinə səy göstərəsən. Bu mənada mən Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin fəaliyyətini, xüsusən cəmiyyətdə geniş rezonans doğuran yeni iş prinsiplərini, DOST kimi dəyərli layihələrin həyata keçirilməsini dəstəkləyir, Sahil Babayev və onun komandasına yeni uğurlar arzulayıram.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib.
Deputat bidlirib ki, əhali ilə işləyən, pensiya, müavinətlər və sair ödənişlərə nəzarət edən insanların vəzifə maaşları daha yüksək olmalıdır:”Çünki hal hazırda Əmək nazirliyinin xüsusən də rayonlarda işləyən əməkdaşlarının məvacibləri 250-300 manat civarındadır. Bu da istər-istəməz neqativ hallara, yəni rüşvətxorluq, korrupsiya və sairə gətirə bilən bir amildir. Ona görə bu çətin sahələrdə işləyən insanların vəzifə maaşlarının əhəmiyyətli dərəcədə yüksəldilməsini istərdim ki, həmin sahəyə bilikli, kreativ, sağlam cavanların axını güclənsin”.
Deputat vurğulayıb ki, ədalət prinsipini saxlayaraq bütün şəhid ailələrinə prezidentin bu yardımı edilməlidir: “Lakin bəzi vərəsələrin əvvəlki illərdə müəyyən məbləğdə sığorta pulları aldıqları halda, bu pullar hesablanmalı və inflyasiya nəzərə alınaraq 11 min manat məbləğindən çıxılmalıdır. Məsələn: kimsə 10 il qabaq 100 dollar ya da 50 min manat ( 5 şirvan) pul alıbsa, hal hazırda bu məbləğ təkrar hesablansın və ümumi məbləğdən çıxarılsın. Qalan vəsait vərəsəyə verilməlidir. Qoy bu proses uzadılsın, kimsə bu pulları nisbətən gec alsın, lakin sosial ədalət prinsipi saxlanılaraq, ictimai narazılıq aradan qaldırılacaq”.
Deputat söyləyib ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət 2018-ci ilin səviyyəsindədir: ” Bu bizi qətiyyən razı sala bilməz, çünki real tələbat o müavinətdən ən azı 10 dəfə çoxdur. Mən təklif edərdim ki, 2-ci, 3-cü və sonrakı doğuşa görə müavinətlər proqressiv şəkildə ödənilsin, yəni 1-ci uşağa görə müavinət 100 manatdırsa, 2-ci uşağa görə 200, 3-cü uşağa görə 300 və s olsun. Çünki, statistikaya görə respublikada doğum əvvəlki illərə nisbətən aşağı səviyyəyə düşüb və gənc ailələri stimullaşdırmaq lazımdır”.
Deputat təklif edib ki, I qrup əlilə ailə üzvlərindən biləvasitə qulluq edən insanlara həm əmək stajı hesablansın, həm də onlar müəyyən məbləğdə heç olmasa yaşayış minimumu həddində məvacib ala bilsinlər:”Çünki məlumdur ki, belə insanlar yalnız xəstənin qeydinə qalmalı olduğundan başqa işlə məşğul ola bilmirlər. Əlil dünyasını dəyişəndə isə ona uzun illər fədakarcasına qulluq edən yoldaşı, bacısı ya anası maddi dəstəkdən tamamilə məhrum olurlar, yeni iş axtarmaq, işə çıxmaq çoxu üçün artıq gec olur”.