Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi toplaşdı

679

Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən maddi yardımların gəlir vergisindən azad olunan məbləği 10 min manatdan 20 min manata qədər artırılıb

Noyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclası keçirilib. Musavat.com bununla bağlı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili iclası açaraq gündəlik barədə məlumat verib. Bildirib ki, iclasın gündəliyinə gələn ilin büdcə zərfinə dair qanun layihələri ilə yanaşı, bir sıra digər qanun layihələri də daxildir. Komitə sədri büdcə layihəsinin birinci oxunuşu zamanı komitələrdə və plenar iclasda kifayət qədər məlumat verildiyini, plenar iclasda birinci oxunuşda qaldırılan konseptual məsələlərə hökumətin plenar iclasda cavab verəcəyini, hazırda isə ikinci oxunuşun tələblərinə uyğun maddələr və istiqamətlər üzrə müzakirələrin keçiriləcəyini bildirib.

Büdcə layihəsi barədə məlumat verən komitə sədri bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı makroiqtisadi mühit əlverişlidir. Həm ÜDM-in artması, həm də qeyri-neft sektorunun artım tempinin yüksəlməsi, makroiqtisadi sabitliyin qorunması, manatın məzənnəsinin sabit qalması, inflyasiyanın növbəti ildə orta illik göstəricisinin aşağı olması onu deməyə əsas verir ki, həm dövlət büdcəsi layihəsinin ümumi parametrləri, həm də onun icrası üçün əlverişli zəmin var.

Sonra Tahir Mirkişili komitənin gündəliyindəki məsələlərdən ikisində – “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihələrinin mətnində birinci oxunuşun müzakirələri nəticəsində dəyişikliklər olunduğunu qeyd edib və büdcə məsələlərinin müzakirələrindən əvvəl bu barədə məlumat vermək üçün Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayevaya söz verib.

Samirə Musayeva deputatların birinci oxunuşda qaldırdığı məsələlər əsasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrində edilən dəyişikliklər barədə məlumat verib. Bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə mənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilib, həmçinin şəhid ailələrinə və müharibə əlillərinə göstərilən maddi yardımların gəlir vergisindən azad olunan məbləği 10 min manatdan 20 min manata qədər artırılıb, “Müharibədə yaralanan” anlayışı “Müharibə iştirakçıları” termini ilə əvəz olunub.

Bundan başqa, Milli Məclisin kənd təsərrüfatı məhsullarında istehsalçıdan sonra bütün növbəti həlqələrdə tətbiqi nəzərdə tutulan ƏDV-nin yalnız məhsulun ticarət əlavəsinə görə hesablanması ilə bağlı təklifi də nəzərə alınıb.

“Nağdsız hesablaşmalar haqqında” Qanundaisə pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit də 4 min manat məbləğində müəyyən edilib.

Sonra iclasda büdcə layihəsi və onunla bağlı məsələlərin müzakirəsi başlanıb.

Müzakirələrdə komitə sədrləri Tahir Mirkişili, Hicran Hüseynova, Qənirə Paşayeva, Musa Quliyev, Siyavuş Novruzov, komitələrin sədr müavinləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Sahib Alıyev, deputatlar Vüqar Bayramov, Arzu Nağıyev, Məzahir Əfəndiyev, Vahid Əhmədov çıxış ediblər, dövlət büdcəsi ilə bağlı fikirlərini açıqlayıblar, rəylərini səsləndiriblər. Deputatlar şəhid ailələri üzvlərinin və müharibə veteranlarının təhsilinin artırılmasının, qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmirinin diqqətdə saxlanılmasının vacibliyini bildiriblər. Millət vəkilləri, həmçinin seçiciləri düşündürən məsələləri hökumət üzvlərinin diqqətinə çatdırıblar, gələn ildə regional infrastruktur layihələrinin icrası, qaz, su təminatının həlli kimi məsələləri qaldırıblar. Çıxışlarda aidiyyatı dövlət orqanlarının büdcə planlamasında proqnozlarını təqdim etməsinin əhəmiyyəti vurğulanıb.

Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək qaldırılan məsələlərlə bağlı ətraflı izahat verib.

Satınalmalarla bağlı qaldırılan bəzi məsələlərin hökuməti də qane etmədiyini qeyd edən nazir bu sahənin təkmilləşdirlməsi istiqamətində işlər aparıldığını deyib. Subsidiyalardan, xüsusən aqrar sahənin subsidiyalaşmasından və hökumətin bu sahədən gözləntilərindən danışan nazir subsidiya həcmlərinin artmasının gətirə biləcəyi risklərin hökumətin də gündəliyində olduğunu bildirib. Ümumi gəlirlərin 88,8%-nin Bakı şəhərinin, 11,2%-nin digər regionların payına düşdüyünü qeyd edən Samir Şərifov regionların gəlirlərinin müəyyən hissəsinin rayonlarda saxlandığını bildirib. Avtomobil parkını yenilənməsində hökumətin elektromobillərə və hibrid avtomobillərə üstünlük verdiyi bildirilib və bu istiqamətdə nəzərdə tutulan stimullaşdırıcı tədbirlər barədə məlumat verilib.

Nazir büdcə vəsaitlərinin idarə olunması ilə bağlı da deputatlara məlumat verib. Qaldırılan bir çox məsələlər üzərində hökumət tərəfindən iş aparıldığını vurğulayan maliyyə naziri bildirib ki, deputatların təmsil etdikləri rayonlarla və seçicilərlə bağlı gündəmə gətirdikləri problemlər əsasən növbəti büdcə planlaşdırılmasında öz həllini tapa biləcək məsələlərdir.

Sonra iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, təhsil nazirinin müavini İdris İsayev də çıxış edərək öz sahələri üzrə qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrdən sonra deputatlar “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

Müzakirələrin sonunda ikinci oxunuşda olan “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Su Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrinin və birinci oxunuşda olan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

Onlayn iclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.

Musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər