MİLLİ — MƏNƏVİ DƏYƏRİMİZ NOVRUZ!

390

İzahını zəngin tariximizdə, maddi – mədəniyyət abidələrimizdə, dilimizdə, dinimizdə, şifahi xalq, yazılı ədəbiyyatmızda, əsrarəngiz musiqimizdə axtaran tarixçilərimizin yeddi min il yaş verdikləri milli – mənəvi dəyərlərimiz öz başlanğıcını qədim daş dövründən götürür. Milli-mənəvi dəyərlərimiz dedikdə, milli bayramımız olan xonçalı Novruzu xatırlamamaq mümkün deyil. Tərcüməsi “Yeni Gün” olan Novruz adında sait səslərin dəyişməsi ilə qədim İran və türk mənşəli xalqların qeyd etdikləri bir bayramdır. Azərbaycanda da mənşəyi qədimlərə dirənən Novruz dini inanclara görə tərəfdaşları tərəfindən Həzrət Əlinin hakimiyyətə gəldiyi günə hesablansa da bəzi tədqiqatçılar bunun xilafətin uydurması hesab etmişlər. Əslində Novruzun təbiətin oyanmasını müjdə verən bir bayram olması illər, qərinələr ötdükcə öz təsdiqini tapmışdır. Kainat özü dörd ünsürdə — su, hava, od, torpaqda birləşdiyi kimi Novruz da bu dörd ünsürü özündə say hesabı dörd çərşənbə ilə cəmləşdirmişdir. Azərbaycanda “Bahar bayramı” kimi də simvolizə edilən Novruzun ilk çərşənbəsi “Su çərşənbəsi” adlanır. Məlumdur ki, canlılara olduğu kimi torpağa da can verən nemət sudur. Su ilə cana gələn torpağın “Od çərşənbəsi”ndə artıq günəş şüalarının təsiri altında donu açılmağa başlayır. Bu çərşənbədə tonqalların qalanıb “ağırlığım – uğurluğum tökül” deyibən üstündən atılmalar adət halını alıb. “Yel çərşənbəsi” günəşdən ilham almış torpaqdan yenicə boylanan bənövşəni, laləni, nərgizi öz sərin mehi ilə oyadır. “Torpaq çərşənbəsi” isə artıq su ilə islanmış, odla isinmiş, küləklə arıtlanaraq təmizlənmiş torpağın yaz əkinləri üçün yararlı vəziyyətdə olmağını nişan verir. Novruzun atributu “səməni” buna əyani sübütdur. Torpağın cücərtdiyi “səməni” xonçalarda müxtəlif növ şirniyyatların — şəkərbura, badambura, qogal və paxlava, müxtəlif növ çərəzlərin — qoz, fındıq, püstə, badam və s. əhatəsində daha da gözəl görünür. Şirniyyatlardan söz düşmüşkən, Novruz özü kainatın dörd ünsürünü simvolizə etdiyi kimi, bayramda qız – gəlinlərin sevə-sevə bişirdikləri qoğal–günəş, şəkərbura–ay, paxlava – ulduz kimi səma cisimlərinə işarə vurur. Novruz adətlərinə görə naz-nemətlə bəzədilmiş süfrəyə “plov” la birgə baş hərfi “s” olan səməni, su, süd, səbzi, sirkə, sumaq, sünbül kimi yeddi sayda nemət qoyulur.
Şənliklərə şənlik qatan Koca və Keçəl də təbiətin bir parçası olaraq bayramın atributlarına çevrilmişdir. Kəndirbazlar, pəhləvanlar, oyunbazlarla bir meydanı bölüşən, baharı ehtiva edən Kosa, Keçəli — qış fəslini yola salmaqda israrlıdır.
Novruz öz adət-ənənələri ilə də çox sevilir. İnanclara görə bu gün də bayram ərəfəsində yorğan – döşək havaya verilir, xalça – palaz yuyulur, otaqlar silinib – süpürülərək qapıya atılan xurcun və torbalara bayram payı qoyulur. Qulaq falı, üzük falı, yumurta, xoruz döyüşdürmə, şam yandırma, tonqal ətrafında yallı getmə Novruzun əsrlərin süzgəcindən süzülüb bu günümüzə qədər gəlib çatan sevimli xüsusiyyətlərindəndir.
Yerlə–göyün cəmləşdiyi, yəni, gecə ilə gündüzün bərabərləşdiyi, ilk yazılı mənbələrdə tarixi bizim eradan əvvəl 505 – ci ilə hesablı Novruz təqvimdə mart ayının 21-nə təsadüf edir. Bolluq, firavanlıq rəmzi olan Novruz bayramını qeyd etmək bahar fəslinin ilk gününü qarşılayaraq yaşamaq deməkdir. Böyük Nizami “Siyasətnamə”sində, ölməz Ömər Xəyyam “Novruznamə”sində qədimlərin dərinliyindən qopub gələn bu əsrarəngiz bayramı hifz etmişlər.
Ulu öndər Heydər Əliyev bir vaxtlar “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır” demişdi… Onun “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kimi fikirlərini də zaman sübuta yetirməklə dövlət başçısının mədəniyyətimizin fonunda milli-mənəvi dəyərlərimizin qarantı olduğunu bir mesaj kimi dünya ictimaiyyətinə çatdırmış və çatdırmaqdadır. Bu gün yeni tarix yazan ölkə başçısı milli-mənəvi dəyərlərin hamisi, mühafizəçisi kimi beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Onun 29 sentyabr 2022 – ci il tarixli sərəncamı ilə 2023 – cü il “Heydər Əliyev ili” elan edilmişdir. Çoxşaxəli bir əsrlik tarixin çözələndiyi zaman aralığında “Xalq öz mədəniyyəti ilə tanınır” fikrinə sadiq Heydər Əliyevi bütün dövrlərin milli – mənəvi dəyərlərinin hamisi adlandırsaq yəqin ki, səhv etmiş olmarıq, cünki onun “Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır” və… “Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz” şüarı gəlişi gözəl söz xatirinə deyilməyib. Böyük öndər türkdilli xalqların milli tarixlərinə, doğma dillərinə, mədəniyyət və incəsənətlərinə, ədəbiyyatlarına sadiqliyini yüksək qiymətləndirmiş, bu baxımdan 1993-cü ildən fəaliyyətini altı sayda türkdilli ölkənin birliyi üzərində qurmuş “Türksoy”-un fəaliyyətində Azərbaycanın rolunu qüvvətləndirmişdi. “Türksoy”-un sayəsində bu gün “Azərbaycan Muğamı”, “Azərbaycan Aşıq Sənəti”, “Azərbaycan Xalçaçılıq Sənəti”, “Tar İfaçılıq Sənəti”, “Çovkan Qarabağ Atüstü Oyunu”, “Kəlağayı Sənəti”, “Lahıc misgərlik sənəti” və sair milli bayramımız “Novruz” ilə birgə UNESCO – nun qeyri – maddi irs siyahısına daxil edilmişdir. Ümummilli liderin sosial-humanitar istiqamətdə apardığı siyasəti dəstəkləyən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məqsədyönlü fəaliyyəti ilə hal-hazırda ölkəmiz bu siyahıda 19 sayda nümunə ilə qərarlaşıb. Heydər Əliyev Fondunun bu istiqamətdəki məqsədyönlü fəaliyyəti bununla məhdudlaşmır, dini bayramlarımız, Qurban, Ramazan bayramları, milli bayramımız “Novruz” ilə birgə daha mütəşəkkil, daha miqyaslı şəkildə qeyd olunur. BMT Baş Assambleyasının 23 fevral 2010-cu il tarixdə keçirilən 64-cü sessiyasının iclasında 21 mart “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Bu gün müqəddəs Novruzu işğal altından azad edilmış torpaqlarda qürur hissi ilə qarşılayan Azərbaycan xalqı sülhün, barışın, tolerantlığın rəmzi Novruza – Yurdumuza xoş gəldin, deyir!
Sənurə Lazımova,
Sumqayıtın Tarixi Muzeyinin elmi katibi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər