XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranması zərurətini ortaya qoydu. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi uzun sürən mübarizədən sonra çar üsul-idarəsi şəraitində müstəmləkə ucqarında ana dilində “Əkinçi” qəzetinin çap edilməsi üçün icazə ala bildi. Qəzetin nəşri üçün Həsən bəy Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirdərək nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail oldu.
Milli mətbuatımızın inkişaf tarixi inkişafını əsasən 4 mərhələyə bölmək olar: birincisi, “Əkinçi” qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövr; ikincisi, Cümhuriyyət dövrü; üçüncüsü, sovet dövrü; dördüncüsü müstəqillik dövrü.
“Əkinçi”dən başlanan yol
Bakıda ilk qəzetin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları XIX əsrdə Tiflisdə çıxan rus qəzetləri əks etdirirdilər. Belə qəzetlərdən biri 1832-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan «Tiflis xəbarı» qəzeti idi. Lakin çarizmin ideoloji-siyasi təsiri altında olan həmin qəzetləri qəbul etməyən Azərbaycan xalqı özünün milli mətbuatını yaratmaq üçün uzun illər mübarizə aparmalı oldu. Bu mübarizənin nəticəsi olaraq da 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbuat orqanı – «Əkinçi» qəzeti işıq üzü gördü. Məhz buna görə də, 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir.
İlk vaxtlar «Əkinçi» qəzetinin bütün redaksiya heyəti bir adamdan ibarət olub. Belə ki, Həsən bəy Zərdabi həm naşir, redaktor, həm də korrektor və mürəttib olub. Ümumilikdə, 56 sayı işıq üzü görən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edilib və bu mətbu orqanda “Daxili xəbərlər”, “Əkin və ziraət xəbərləri”, “Elmi xəbərlər”, “Təzə xəbərlər” rubrikaları altında müxtəlif mövzularda yazılan məqalələr dərc olunub.
Qəzetə maraq oyatmaq məqsədilə Həsən bəy Zərdabi “Əkinçi”ni geniş kütlələr arasında pulsuz yaymalı olub. Eyni zamanda, bu cəfakeş insan dövrünün görkəmli ziyalılarını qəzet ətrafında toplaya bilib. “Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirovun və Əsgər ağa Goraninin, Şamaxıdan Seyid Əzim Şirvaninin və Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin və Tiflisdən Mirzə Fətəli Axundovun məqalə və digər yazıları dərc olunub. Məhz bu kimi müəlliflərin köməyi ilə “Əkinçi”nin səhifələrində elm və texnika, kənd təsərrüfatı, mədəniyyət sahələrindəki yeniliklərə geniş yer verilib. Ən başlıcası isə Həsən bəy Zərdabi məhz “Əkinçi”nin səhifələrində milli oyanışın xüsusiyyətlərini, milli birliyi yaratmaq məsələsini qoyub. Müxtəlif dillərdə yazılmış məqalə və xəbərləri isə Həsən bəy Zərdabi özü Azərbaycan dilinə tərcümə edirdi.
Qəzetin mütərəqqi ideyaları çar müstəmləkəçilərini ciddi şəkildə narahat edirdi. Məhz buna görə də, 1877-1878-ci illərin Rusiya-Türkiyə müharibəsinin başlanması ərəfəsində “Əkinçi”nin vəziyyəti daha da ağırlaşdı. Bu zaman çar senzurası qəzetin siyasi xarakterli məsələlərə toxunmasını qadağan etdi və 1877-ci ilin sentyabrında qəzetin nəşrini dayandırmaq haqqında hökumət sərəncamı verildi.
“Əkinçi” qəzeti çox tez bağlansa da, xalqımızın mədəniyyət salnaməsində böyük ad qoydu. “Əkinçi”dən sonra hər bir azərbaycanlıda qəzetə, oxumağa, məlumatlanmağa həvəs yarandı. Məhz xalqın qəzet istəyini əsas götürən ziyalılarımız “Əkinçi”dən sonra bir-birinin ardınca yeni mətbu orqanlar təsis etməyə başlayıblar.
“Əkinçi” işığında boy göstərən qəzetlər
“Əkinçi”nin nəşri dayandırılqdan iki il sonra Tiflisdə Səid Ünsizadənin rəhbərliyi ilə Azərbaycan dilində “Ziya” qəzeti çap olunmağa başladı. 1879-1884-cü illərdə işıq üzü görən bu qəzet “Əkinçi”nin ideya və ənənələrini davam və inkişaf etdirirdi. İlk nömrəsi 1879-cu il yanvarın 16-da çıxan və həcmi 4-8 səhifə olan qəzet həftədə bir dəfə litoqrafiya üsulu ilə çap olunurdu. 1880-cı ilə qədər 76 nömrəsi buraxılan qəzet həmin ilin dekabrın 6-dan etibarən, “Ziyayi-Qafqaziyyə” adı altında çıxmağa başladı. Qəzet mətbəə üsulu ilə çap olunub, nəşri 1884-cü il iyunun 1-dək davam edib və bu müddət ərzində qəzetin 104 nömrəsi işıq üzü görüb.
1880-ci ildə Tiflisdə Səid Ünsizadənin qardaşı Cəlal Ünsizadə tərəfindən “Kəşkül” adlı yeni qəzet nəşr olunmağa başladı. “Kəşkül” qəzetdən çox jurnala oxşayırdı. C.Ünsizadə təhsilli, Avropa və rus mədəniyyəti ilə tanış olan bir adam idi. “Kəşkül”də siyasət, ticarət, sənaye, sənətkarlıq və mədəniyyət məsələlərinə toxunulub. 1884-cü il yanvarın 1-dən “Kəşkül” həftəlik qəzetə çevrilib və 1891-ci ilədək nəşr edilib. “Kəşkül”ün başladığı hərəkatda Tiflisin rus ziyalıları, tərəqqipərvər Tiflis müəllimləri də iştirak ediblər. S.Ə.Şirvani, F.Köçərli, M.Şahtaxtlı, A.Qayıbov və başqaları qəzetlə fəal surətdə əməkdaşlıq ediblər. Qəzetin səhifələrində A.A.Bakıxanov, M.F.Axundov, S.Ə.Şirvani və başqalarının yaradıcılığına geniş yer ayrılıb.
“Kəşkül”ün bu istiqamətdəki addımlarını 1881-ci ilin yanvarından 1919-cu ilin martına qədər işıq üzü görən “Kaspi” qəzeti davam etdirib. Daha doğrusu, “Kəşkül”ün ideyaları “Kaspi” qəzetinin səhifələrində M.Şahtaxtlı, Ə.Ağayev və başqaları tərəfindən daha geniş təbliğ olunaraq, milli mənlik şüurumuzun formalaşmasında Azərbaycanın Avropaya, bütövlüklə dünya birliyinə inteqrasiyasının etibarlı əsaslar üzərində qurulmasına öz töhfəsini verib.
Məmmədağa Şahtaxtlının 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi yönlü “Şərqi-rus” qəzeti XX əsrdə Azərbaycan dilində çıxan ilk qəzet kimi tarixə yazılıb. 1903-1905-ci illərdə işıq üzü görən və Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi maarifçiləri öz ətrafında birləşdirən “Şərqi-rus” qəzeti Azərbaycanda mətbuatın inkişafında yeni mərhələnin başlanğıcını qoyub.
1906-cı il aprel ayının 7-də Tiflisdə “Molla Nəsrəddin” jurnalının işıq üzü görməsi milli mətbuatın inkişafında əlamətdar hadisəyə çevrilib. 1918-ci ilədək Tiflisdə nəşr edilən jurnal 1921-ci ildə Təbrizdə, 1921-1931-ci illərdə isə Bakıda çap olunub. Jurnalın yaradıcıları olan Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə tezliklə şair Mirzə Ələkbər Sabir, realist ədəbiyyatın nümayəndələri Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Salman Mümtaz və s. kimi onlarca istedadı redaksiya ətrafına toplayıblar.
Onu da qeyd edək ki, XX əsrin əvvəllərində “Dəvət”, “Hümmət”, “Təkamül”, “Zənbur”, “Babayi-Əmir” kimi qəzet və jurnallarla yanaşı, uşaqlar, valideynlər və maarif işçiləri üçün “Dəbistan”, “Məktəb”, “Rəhbər” jurnalları da çap edilib. Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Nəcəf bəy Vəzirov, Məhəmməd Əmin Rəsulzadənin yaxından iştirakı və rəhbərliyi ilə 1905-1918-ci illər ərzində ölkəmizdə nəşr olunan “Həyat”, “İrşad”, “Tərəqqi”, “Nicat”, “İşıq”, “Qurtuluş”, “Dirilik”, “Füyuzat”, “Təzə həyat”, “Yeni füyuzat”, “Şəlalə”, “İqbal”, “Açıq söz” və s. qəzet və jurnal səhifələrində millətin taleyüklü problemləri müzakirə edilib, dövrün feodal geriliyi, kəndlilərin ağır həyatı təsvir olunub, mədəniyyət, ədəbiyyat, dil məsələlərinə diqqət verilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat
1918-ci ilin mayında müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli mətbuatın inkişafında ikinci mühüm mərhələ başlandı. Cümhuriyyyətin 23 aylıq fəaliyyəti dövründə söz, fikir, mətbuat azadlıqlarının inkişafı istiqamətində müəyyən addımlar atıldı, «Mətbuat haqqında Nizamnamə» qəbul edildi. 1918-ci il iyulun 3-də Azərbaycan Cümhuriyyəti hökuməti «Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri»nin nəşri haqqında qərar qəbul etdi. Həftədə iki dəfə nəşr olunan hökumət xəbərlərində əsasən rəsmi qərarlar, əmrlər, təlimatlar dərc edilirdi. Sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı «Azərbaycan» qəzetininın ilk sayı çapdan çıxır. «Azərbaycan» qəzeti 1918-1920-ci illər ərzindəki nəşri zamanı Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini səhifələrində dolğun şəkildə əks etdirirdi.
Sovet hakimiyyəti dövründə mətbuat
Azərbaycan mətbuatının üçüncü mühüm dövrü sovet hakimiyyəti illərinə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Bakıda bolşevik hökumətinin qurulmasından sonra respublikada müstəqil və demokratik mətbuat ənənələrinə, demək olar ki, son qoyuldu. Xalq Komissarlığı Soveti 27 oktyabr 1920-ci ildə «Mətbuat haqqında» Dekret imzalayaraq 2 ay ərzində 90-dan çox qəzetin fəaliyyətini dayandırdı. 1922-ci ildə ədəbiyyat və nəşriyyat üzərində senzura rolunu oynayan «Qlavlit» yarandı, 1933-dən həmin quruma mətbuatda hərbi və dövlət sirlərini qorumaq səlahiyyəti də verilmişdi.
Keçmiş SSRİ-nin mövcud olduğu illərdə mətbuat Kommunist Partiyasının əlində ideoloji silaha, təbliğat və təşviqat vasitəsi funksiyasını yerinə yetirən təsisata çevrilmişdi. O dövrdə işıq üzü görən mətbuat orqanlarının demək olar ki, hamısı partiyanın orqanı idi. Təbii ki, ittifaqın tərkibində olduğumuz üçün keçmiş SSRİ-nin hər yerində olduğu kimi, Azərbaycanda da mətbuat vahid sovet ideologiyasının yayılmasında başlıca vasitə rolunu oynayırdı. 1969-cu ilin 14 iyul tarixində Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın bütün sahələrində, o cümlədən, mətbuatda canlanma baş verdi.
Ulu öndəriin 1969-1982-ci illərdə mətbuatın inkişafına dəstəyinin əsas nümunələrindən biri isə bugünkü “Azərbaycan” nəşriyyatıdır. Çünki məhz Ümummilli lider Heydər Əliyev bu binanı tikdirib. Əvvəllər Bakıda nəşr edilən mətbu orqanlar müxtəlif ünvanlarda yerləşsələr də, bu bina tikilib istifadəyə verildikdən sonra qəzet və jurnallar orada toplaşıblar.
Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində işıq üzü görən yeni, müstəqil qəzet və jurnallar Azərbaycanda dövrün mətbuat mühitinin formalaşmasında mühüm rol oynadı. Bu cür mətbu orqanların yaranması, əslində, dövrün, zamanın tələbi idi. Bu mətbuat orqanları elə bir vaxtda meydana çıxmışdılar ki, artıq kommunist ideologiyasına xidmət edən, Kommunist Partiyasının təbliğatçısı rolunu oynayan mətbuat cəmiyyətə lazım deyildi. Yaranmış tarixi vəziyyət həm də mətbuatın xalqın gerçək arzu və istəklərinin ifadəçisinə, Azərbaycanın müstəqilliyi ideyasının carçısına çevrilməyi tələb edirdi.
XX əsrin 80-ci ilin sonuna yaxın – Azərbaycanda milli azadlıq hərəkatının başlandığı dövrdə şübhəsiz, xalqı birləşdirən başlıca vəsitələrdən biri, bəlkə də ən birincisi də məhz mətbuat idi. Həmin ildən başlayaraq “Azərbaycan”, “Meydan”, “Azadlıq”, “Ayna” (Zerkalo), “Aydınlıq”, “Səhər”, “Həyat” və digər mətbuat orqanlarında dərc olunmuş analitik yazılar, ölkənin gələcəyindən narahatlıq hissi və vətəndaşlıq mövqeyi onları millətin obyektiv informasiya mənbəyinə çevirdi. Beləliklə, ölkə mətbuatı cəmiyyətin bütün təbəqələrinə nüfüz edən ictimai qüvvə – “dördüncü hakimiyyət” rolunu oynamağa başladı.
Müstəqillik dövrünün mətbuatı və Ulu öndərin bu istiqamətdəki xidmətləri
Mətbuat tariximizdə ən böyük hadisələrdən biri Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi idi. Bu, azad və demokratik Azərbaycan mətbuatının formalaşması üçün əsas şərt idi. Təbii ki, həmin dövrdə demokratik mətbuatın yaranması və inkişafı üçün ciddi əngəllər var idi ki, onlardan biri də senzuranın mövcud olması idi.
Ulu öndərin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ötən dövr ərzində ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı 50-yə yaxın qanun, fərman və sərəncamın qəbul olunması milli mətbuatın inkişafına göstərilən diqqətin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən etdi. 1999-cu il dekabrın 7-də “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu mətbuatın hüquqi bazasının zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə olmuşdur. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sonrakı dövrdə də davam etdirilmiş, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.
XXI əsrin əvvəllərində də mətbuat özünəməxsus şəkildə inkişaf edirdi. Belə ki, 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqamı” təsdiq olundu. Bir sıra qəzetlərin borcları silindi. 2003-cü ilin mart ayında isə media-hakimiyyət münasibətlərini tənzimləyən qurum – Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində müstəqil mətbuat tariximizdə əlamətdar hadisələr idi.
Prezident İlham Əliyev və milli mətbuatımız
Ümummilli liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişafına ciddi diqqət yetirir. Ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin olunması, tam sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsinə yaradılmış şəraitin, mətbuata dövlət qayğısının bariz nümunəsidir. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi, 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da dövlət başçısının bu sahədə atdığı uğurlu addımların məntiqi davam idi. 2005, 2010, 2015, 2020-ci illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130, 135, 140 və 145 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi, bir qrup jurnalistin mənzillə təmin olunması jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir. Mətbuat Şurası üçün yeni binanın ayrılması və onun müasir avadanlıqla təmin edilməsi ölkəmizdə azad mətbuatın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının sübutu olmaqla, azad mətbuatın inkişafına, jurnalist peşəkarlığının artırılmasına öz töhfələrini verməkdədir.
Dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları da mətbuata diqqətin bariz nümunəsidir. Bütün bunlar nəzərə alınaraq ötən dövr ərzində möhtərəm Prezidentimiz İlham Əliyevi bir neçə dəfə – 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
Pandemiyanya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda dövlətimizin başçısı İlham Əliyevin mətbuatı diqqət və qayğıdan kənarda saxlamayaraq, 2020-ci ildə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalaması media qurumları tərəfindən yüksək qiymətləndirildi.
Müharibə şəraitində yaşayan və bu müharibənin odundan, alovundan keçən ölkə olaraq həqiqətlərimizin təbliği, erməni yalanlarının ifşası, düşmənlə ideoloji mübarizədə fəallıq günümüzün əsas çağırışlarındandır. İllərdən bəridir ki, mətbuatımız müasir dövrün imkanlarından maksimum istifadə etməklə bu missiyasını layiqincə yerinə yetirir. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata Azərbaycan əsgərinin verdiyi tutarlı cavab zamanı, həmçinin Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən, ordumuzun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsi dövründə media da informasiya savaşında öndə oldu. Müharibə dönəmində bəlkə də ən çətin iş elə medianın üzərinə düşdü. Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Vətən müharibəsinin beynəlxalq mediada işıqlandırılması, sosial mediada təxribatların qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələr müstəsna xidmətlər göstərdi.
Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Möhtərəm Prezidentimiz İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 12 yanvar 2021-ci il tarixli, 1249 nömrəli Fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.
İnanırıq ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması, ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi baxımından Medianın İnkişafı Agentliyinin mühüm xidmətləri olacaqdır.
Rafiq Oday, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Respublikanın Əməkdar jurnalisti