Nominatlar arasında sumqayitxeber.com saytı da var
Dekabrın 4-ü saat 15-də Ambassodor Otelində Milli Net -2010 qaliblərinin mükafatlandırılmasına həsr olunan Təqdimat mərasimi keçiriləcək.
01 oktyabr 2010-cu il tarixdə başlanan Milli İnternet Mükafatı uğrunda Müsabiqəyə 04 dekabrda yekun vurulacaq və 14 Nominasiya üzrə qaliblərin adları açıqlanacaq.
Hər bir Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə Müsabiqənin əsas Mükafatının – tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Eyni zamanda Nominantlara Müsabiqənin Diplomlarının verilməsi nəzərdə tutulub.
Hazırda 14 Nominasiya üzrə 74 Nominant arasında keçirilən səsvermənin 2-ci mərhələsi davam edir. Səsvermə 02 dekabr tarixdə başa çatacaq.
Xatırladaq ki, müsabiqəyə ümumilikdə 437 sayt təqdim olunub və 309 sayt müsabiqə şərtlərinə uyğun gəldiyi üçün qəbul olunub.
“Media və İnformasiya” nominasiyası üzrə 27 sayt müsabiqəyə qoşulub və səsvermənin 1-ci mərhələsinin yekununda 7 sayt Nominant statusu alıb ki, onlardan biri də sumqayitxeber.com saytıdır.
Təqdimat mərasimində İnternet ictimaiyyətinin nümayəndələrinin, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Təqdimat mərasiminin İnternetdə birbaşa yayımlanması nəzərdə tutulub.
Milli Net-2010 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.