Birinci Qarabağ Müharibəsində nizamlı ordu olmadığı üçün polis əməkdaşları hərbi əməliyyatlara cəlb olunmuşdular. Onlardan biri də Qubadlı rayon Əyin kənd sakini Əhmədov Mahir Humay oğludur.
Mahir Əhmədov 1970-ci ilin aprel ayının 28-də Qubadlı rayonunun Ermənistanla sərhəddə yerləşən Əyin kəndində anadan olub. 1987-ci ildə orta məktəbi bitirib. 1988-1990-cı illərdə sovet ordusu sıralarında xidmət edib. 1990-cı ilin may ayında Daxili İşlər Nazirliyində xidmətə qəbul olub. Qubadlı Rayon Polis Şöbəsində xidmət edən Mahir Əhmədova xidməti silah təhkim olunub. O, həmin silahla döyüş yolu keçib. Hər dəfə döyüşə gedəndə Mahir Əhmədovun ondan nigaran qalan ailə üzvlərinə dediyi bir söz var idi: “Öncə Vətən!”. Əhmədovlar ailəsi onun bu sözləri deyib döyüşə getməsini hələ də çox yaxşı xatırlayır.
Mahir Qubadlı rayonunun sərhəd kəndlərinin düşmən hücumundan qorunması istiqamətində həyata keçirilən hərbi əməliyyatlarda aktiv iştirak edib. Döyüşlərdə böyük şücaət göstərib. 1992-ci ilin oktyabr ayının 20-si isə hər zaman Əhmədovlar ailəsinin yaddaşında faciəli gün kimi yadda qalıb. Həmin gün Qubadlının Başarat kəndi yaxınlığında döyüş əməliyyatlarında iştirak edən polis serjantı Mahir Əhmədov qəlpə yarası alaraq qəhrəmancasına şəhid olub. Qəlpə onun ürəyinə tuş gəlmişdi. Şəhidimiz doğulduğu kənddə torpağa tapşırılıb.
22 yaşında şəhid olan oğlunun yoxluğuna dözə bilməyən anası isə 1993-cü il mart ayının 18-də vəfat edib. O da oğlunun yanında dəfn edilib. Mahirin iki bacısı, bir qardaşı var. Atası Humay Əhmədov isə Qubadlı rayon Əyin kənd məktəbinin direktoru işləyib. O, 2014-cü ildə Sumqayıt şəhərində vəfat edib.
Artıq Mahir Əhmədovun şəhid olmasından 30 il ötür. O, şəhadətindən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Əhmədovlar ailəsi Mahirin qəhrəmanlığı, onun döyüşlərdə göstərdiyi şücaətlə fəxr edirlər.
Şəhidimizin 30-cu ildönümündə onun ailə üzvləri və döyüş yoldaşı ilə həmsöhbət olduq. Söhbət əsnasında məlum oldu ki, həmin dövrün daxili işlər naziri Abdulla Allahverdiyevin adından şəhidimizin atasına oğlu Mahir Əhmədova “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilməsi ilə bağlı teleqram göndərilibmiş. Şəhidin ailə üzvlərinin sözlərinə görə, həmin teleqramdan sonra ölkədə hakimiyyət dəyişikliyi olduğu üçün Mahir Əhmədova “Milli Qəhrəman” fəxri adı verilməsi rəsmən təsdiqlənməyib. Hazırda Mahirin ailə üzvlərinin və yaxınlarının yeganə arzusu şəhidimizə rəsmən “Milli Qəhrəman” adının verilməsidir.
Qubadlı rayonu işğaldan azad edildikdən sonra Mahir Əhmədovun döyüş yoldaşları rayonun Əyin kəndinə səfər ediblər. 30 ildən sonra ilk dəfə şəhidimizin və anasının məzarlarını ziyarət ediblər, orada onların xatirə lövhələrini ucaldıblar.
Müxbir: Murad İbrahimli
Video: Ayxan Məlikov