Azərbaycanın dahi oğlu, Ulu öndər Heydər Əliyevin 19 il əvvəl Vətənimizin çox ağır bir dövründə onun harayına çataraq, böyük bir xilaskar kimi Bakıya gəldiyi tarixi gün – Milli Qurtuluş günü münasibətilə «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun inzibati binanın qarşısında kimyaçıların iştirakı ilə geniş mitinq keçirilmişdir. 1000-ə yaxın adamın iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Ulu öndərin və ölkə rəhbərinin portretləri, Azərbaycanın üçrəngli bayraqları, ölkəmizin müstəqilliyinin və azadlığının əbədi olduğunu ifadə edən şüarlarla Etilen-polietilen zavodunun qarşısındakı geniş meydançaya toplaşmışlar. Tədbirdə çıxış edənlər Heydər Əliyevin siyasi müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik, idarəçilik təcrübəsi sayəsində 1993-cü ilin iyun günlərində özünün böyük xilaskarlıq missiyasını yerinə yetirərək, Azərbaycanı böyük faciələrdən və ağır fəlakətdən – imperiya qüvvələrinin qurbanı olmaqdan, müstəqilliyini itirmək təhlükəsindən xilas etməsindən söhbət açmışlar.
Qeyd olunmuşdur ki, Ulu öndər 90-cı illərdə ölkəmizi ağır iqtisadi böhrandan qurtararaq, tənəzzül etməkdə olan iqtisadiyyatının yenidən dirçəldilməsi, inkişaf etdirilməsi üçün mühüm, kompleks tədbirlərin həyata keçirilməsinə, ölkəmizin neft yataqlarının, xüsusilə Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının perspektiv istismarı ilə bağlı məsələnin ən səmərəli həlli yolunun tapılmasına nail olmuşdu. Ulu öndər çox düzgün olaraq bunun ən optimal variantını bu mühüm və qlobal məsələyə dünyanın neft çıxarılması sahəsində qabaqcıl texnologiyaya və geniş təcrübəyə malik neft şirkətlərinin cəlb edilməsində, «Əsrin müqaviləsi» adlanan beynəlxalq neft kontraktının imzalanmasında görürdü.
Natiqlər bunu bir daha diqqətə çatdırmışlar ki, bu gün məhz Ulu öndərin müdrik iqtisadi siyasəti, uzaqgörən neft strategiyası sayəsində Azərbaycanın neft gəlirləri ölkəmizin müxtəlif sahələrinin, o cümlədən qeyri-neft sektorunun sürətli inkişafında son dərəcə mühüm rol oynayır.
Çıxış edənlər unudulmaz, dahi rəhbərə minnətdarlıq hissi ilə bildirmişlər ki, məhz onun ölkənin neft-kimyasına diqqət və qayğısının nəticəsi olaraq hələ ötən əsrin 80-ci illərində respublikanın neft-kimya kompleksi o dövrün ən müasir və qabaqcıl texnologiyaları əsasında yaradılmış «EP-300» və «Polimir-120» və unikal enerji kompleksi olan Buxar-generator qurğularına sahib olmuşdu ki, bu gün məhz həmin qurğuların sayəsində ölkənin kimya sənayesi dünya bazarında tələbatın yüksək olduğu kimyəvi məhsullar istehsal edir.
Tədbirdə dahi rəhbərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin Ulu öndərin ənənələrini uğurla davam etdirərək, Sumqayıtda neft-kimya sənayesinin inkişafı, onun müasir tələblər səviyyəsində yenidən qurulması üçün mühüm tədbirlər həyata keçirməsindən minnətdarlıqla danışılmışdır. Qeyd olunmuşdur ki, 2010-cu ilin aprelində «Azərikimya»nın Dövlət Neft Şirkətinin tərkibinə verilməsi Sumqayıtın neft-kimya kompleksinin inkişafında mühüm bir mərhələnin, dönüş mərhələsinin başlanğıcı olmuşdur. Ölkə Prezidenti tərəfindən müvafiq Sərəncamın verilməsindən sonra Dövlət Neft Şirkətinin dəstəyi ilə «Azərikimya»da yeniləşməyə, müasirləşməyə, yeni texnika və texnologiyaların tətbiqinə geniş imkanlar açılmışdır.
Ölkə Prezidentinin hər bir azərbaycanlının sağlamlığına göstərdiyi diqqət və qayğının davamı olaraq kimyaçılarımıza yüksək səhiyyə xidməti göstərmək imkanlarına malik, müasir standartlara uyğun avadanlıqlarla təchiz edilmiş «Kimyaçı» poliklinikası və Təcili tibbi yardım Mərkəzinin istifadəyə verilməsi də sosial sahədə atılan mühüm addımlardandır. Gənc kimyaçı kadrların hazırlanması məqsədilə müxtəlif ixtisas və peşələr üzrə xüsusi kursların fəaliyyət göstərəcəyi yeni Təlim-tədris Mərkəzinin yaradılması da kimyanın sabahına, onun gələcək inkişafına olan diqqət və qayğının təzahürüdür.
Ölkə Prezidentinin müvafiq sərəncamları ilə respublikamızda və regionda ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə Sumqayıtda Azot gübrəsi (karbamid) zavodunun yaxın zamanlarda başlanacaq inşası və onlarla kiçik və özəl sənaye müəssisəsinin yerləşəcəyi Sumqayıt kimya sənaye parkının yaradılması ilə minlərlə sumqayıtlının işlə təmin olunmasına nail olunacaqdır ki, bu da daha bir sosial problemin – işsizliyin azaldılmasında mühüm rol oynayacaq.
Mitinqdə qeyd olunduğu kimi, bütün bunlara görə kimyaçılar ilk növbədə 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Azərbaycana yeni həyat bəxş etmiş, onun möhkəm və sarsılmaz iqtisadi-siyasi təməlini qoymuş Ulu öndər Heydər Əliyevə minnətdardırlar.
Tədbirin sonunda mitinq iştirakçılarının bəyanatı səsləndirilmişdir.
***
Qurtuluş günü münasibətilə mitinq iştirakçılarının qəbul etdiyi BƏYANATın mətnini də sizlərə təqdim edirik:
Biz – Sumqayıt kimyaçıları, Ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə yenidən Vətənin xilaskarı olaraq ölkə rəhbərliyinə qayıdışından sonra müasir Azərbaycanın qurucusu kimi onun dövlətçilik təməllərinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə siyasi nüfuzunun artırılmasında misilsiz xidmətlərini minnətdarlıqla yad edərək, dahi rəhbərin ideallarına daim sadiq olduğumuzu bildiririk.
Ulu öndərin layiqli davamçısı kimi Azərbaycanın daha yüksək tərəqqisi naminə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının son illərdə həyata keçirdiyi geniş miqyaslı qlobal tədbirlər sayəsində ölkəmiz daha da inkişaf edərək, sivil bir dövlətə çevrilməkdədir.
Biz – Sumqayıt kimyaçıları, həmişə olduğu kimi, Ulu öndərin dövlətçilik və azərbaycançılıq ideyalarına sədaqətimizi ifadə edərək, Vətənimizin müstəqilliyinin, azadlığının qorunması, ölkəmizin yüksək tərəqqisi, regionda və bütün dünyada nüfuzunun artırılması sahəsində Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətini, sülhsevər daxili və xarici siyasətini yüksək dəyərləndirir, ürəkdən bəyənir və dəstəkləyirik.
Xalqımız əmindir ki, Ali Baş Komandan kimi Azərbaycanın işğal altında qalmış torpaqlarının düşməndən tezliklə azad edilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən keçirilən mühüm tədbirlər tezliklə öz müsbət nəticəsini verəcəkdir. Kimyaçılarımızın hər biri Ali Baş Komandanın etibarlı və sədaqətli əsgəri kimi bu ali məqsədin reallaşması yolunda daim ölkə Prezidentinə, dövlətimizə möhkəm arxa-dayaq olmağı özünün şərəf işi, əsl vətəndaşlıq borcu hesab edir.
Biz – Sumqayıt kimyaçıları, ölkəmizin dünyanın ən güclü, yüksək inkişaf etmiş ölkələrindən birinə çevrilməsi, xalqımızın müqəddəs istək-amallarının reallaşması istiqamətində ölkə başçısının gərgin və yorulmaz fəaliyyətinin Azərbaycana yeni nailiyyətlər, qələbələr qazandıracağına inanır və bu yolda xalqımıza böyük uğurlar arzulayırıq.