Milli Qurtuluş Günü Sumqayıtda qeyd edildi – FOTOLAR

1368

Sumqayıt şəhərində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyatından bəhs edən filmə baxılıb. Dəyirmi masa ətrafında davam etdirilən tədbirdə çıxıxş edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov qeyd edib ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdışı ölkəni parçalanma təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edərək inkişaf yoluna çıxardı. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun – Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi.

Diqqətə çatdırılıb ki, Dahi Lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda başlatdığı milli qurtuluş savaşı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi sayəsində Qarabağın işğaldan qurtulması ilə özünün zirvəsinə çatdı. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, eləcə də Xocalıda üçrəngli bayrağımız dalğalanır.

Çıxışlarda bildirilib ki,bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş qüdrətli ölkədir. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilməkdədir.

Ötən dövrə nəzər saldıqda aydın görürük ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün – 15 iyun tariximizin ən parlaq səhifələrindən biridir. İllər ötəcək, nəsillər dəyişəcək, amma müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev və onun tarixi xidmətləri xalqımızın yaddaşında əbədi qalacaq.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər