2019-cu ili “Azərbaycanda sosial-iqtisadi inqilablar” ili adlandıra bilərik. Dünyanın əksər ölkələri həm sosial-iqtisadi, həm də siyasi baxımdan təlatümlər, geriləmələr yaşadığı, çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycanda 2019-cu il başlayandan vətəndaşların iqtisadi rifahının yüksəldilməsi, sosial müdafiəsinin gücləndiirlməsi istiqamətində davamlı addımlar atılır. Bu qərarları incələyərkən maraqlı bir fakt da çıxır ortaya: maaş, təqaüd, müavinət artımları, güzəştlər, kompensasiyalarla bağlı təşəbbüslər birbaşa Prezident İlham Əliyevin özündən gəlir. Deməli, xalqa uzanan əl birbaşa prezidentin, dövlət başçısının əlidir!..
Biz ötən aylarda dövlət başçısının xalqla təmaslarında çox maraqlı bir jestlərin şahidi olurduq. Prezident insanlarla parklarda, şəhərin müxtəlif yerlərində görüşür, onlara əl uzadır, problemlərini dinləyir, şikayət məktublarını şəxsən özü alırdı. İmzalanan sosial paketlər isə o anlama gəlir ki, Prezident insanların əlini həm də onların rifahının yüksəldilməsinə xidmət edən sərəncamlarla sıxır….
2019-cu il başlayandan bu yöndə xeyli sayda sərəncam, fərman, göstərişlər verilib. Onlardan daha çox əhatəli olanlara diqqət edək:
– Prezidenti İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” 8 fevral 2019-cu il tarixli sərəncamı ilə minimum əməkhaqqının artırılması kifayət qədər əhatəli sənəddir.
Həmin sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırıldı.
Həmin sərəncamla minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edib.
– Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamına əsasən sosial müavinətlər və Prezidentin aylıq təqaüdləri artırıldı.
Sərəncam ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasını, habelə həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsini nəzərdə tutur.
Bu sərəncamla, sosial müavinətin məbləği yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manatdan) 150 manata, II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 61 manatdan) 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata çatdırılıb. Habelə, sosial müavinətin məbləği valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) üçün 61 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin isə 146 manatdan 300 manata qaldırılıb.
Qeyd edilən sərəncam həmçinin, Prezidentin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradıb. Sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi yer alıb. Eyni zamanda müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, o cümlədən döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
Dövlət başçısının Sərəncamı ilə müharibə əlillərinə də Prezidentin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 182 manatdan 250 manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə 121 manatdan 210 manata çatdırılması təmin edilib. Bundan başqa, sənəd əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Prezidentin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) də şamil olunmasını və bu təqaüdün məbləğinin 73 manatdan 100 manata çatdırılmasını nəzərdə tutulur. 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği hazırda 121 manatdır ki, bu məbləğin də 150 manata çatdırılması Sərəncamda əksini tapıb.
– Fevralda Prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” da Sərəncam imzaladı.
Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırıldı – 40 manatdan 60 manata çatdırıldı.
– 2019-cu ildə Azərbaycan Prezidenti dünyada analoqu olmayan, vətəndaşları kredit məngənəsindən xilas edən sərəncama imza atdı.
Dünyada baş verən iqtisadi təlatümlərin nəticəsi olaraq, Azərbaycanda 2015-ci ildə iki dəfə devalvasiya baş verdi. Bundan sonra yüz minlərlə Azərbaycan vətəndaşının banklardan götürdüyü dollar kreditlərinin ödənməsində problemlər yaranmışdı, insanların kreditləri devalvasiya səbəbindən iki dəfə yüksəlmişdi. Prezident fevralda fiziki şəxslərin problemli kreditlərinin həll olunması ilə bağlı fərman imzaladı. Sadə dillə desək, bu fərmanla 10 min ABŞ dollarına qədər kredit götürmüş vətəndaş devalvasiyadan sonra nə qədər artıq pul ödəmişdisə, kompensasiya şəklində özünə qaytarıldı, üstəlik, faiz, dəbbə, cərimələri ləğv olundu. 800 min nəfərədək kredit borcu olan vətəndaş və onların ailə üzvləri – üst-üstə təxminən 3 milyona yaxın Azərbaycan insanı kredit məngənəsindən qurtardı!
– Martın sonunda Bakıda “Diqlas” Ticarət Mərkəzi yandı. Xeyli sahibkara ziyan dəydi. Prezident çətin vəziyyətə düşən sahibkarları naümid buraxmadı. Mağazaları yanan sahibkarlara 10 min, piştaxtaları yanan kiçik ticarətçilərə isə 2 min manat yardım ayırdı…
Prezidentin bu sərəncamlarının ardıcıllığı və mərhələli şəkildə bütün zümrələri əhatə etməsi onu göstərirdi ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi bəzilərinin iddia etdiyi kimi, hansısa bir kampaniya deyil, bu, ardıcıl və davamlı xarakter daşıyan siyasətdir. Görünən budur ki, ölkəmizdə kifayət qədər uğurlu sosial dövlət modeli formalaşıb.
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin nə qədər geniş miqyaslı olduğunu sadəcə onların əhatə dairəsinə diqqət etmək kifayətdir.
Prezident İlham Əliyevin 18 iyunda imzaladığı sosial paket də bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, yaxud da növbəti mərhələ kimi qiymətləndirilir.
İmzalanan sosial paket minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını; dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılmasını; hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılmasını;
dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılmasını; dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur.
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min insanı əhatə edəcək.
Maaşları artırılanların sırasına Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və digər işçiləri daxildir.
İlkin hesablamalara görə, bu sosial paket 3 milyondan artıq insanın sosial müdafiəsinin gücləndirilməsi deməkdir. Yəni bu sərəncamlar 3 milyondan artıq vətəndaşı əhatə edəcək.
Ən həssas və azgəlirli qruplar isə bu sərəncamlarda xüsusi diqqətə alınıb. Təkcə onu demək kifayətdir ki, sərəncamlara təxminən 700 min nəfər müəllimin maaşı artırılır.
Bu sevindirici sərəncamdan sonra daha bir şad xəbər gəldi: 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Azərbaycanda pensiyalar da artırılır! Pensiyaların minimum həddi 160 manatdan 200 manata yüksəldiləcək. Bunun da müəllifi məhz Prezidentdir. Belə ki, Milli Məclisə dövlət başçısı İlham Əliyevin imzası və təqdimatı ilə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi daxil olub. Qanun layihəsi bu ay müzakirəyə çıxarılacaq və təbii ki, qəbul olunacaq.
İlkin hesablamalara görə, pensiya artımı da 700 minə yaxın pensiyaçını əhatə edəcək…
Məsələnin sosial-iqtisadi cəhətləri iqtisadçılar tərəfindən şərh edilir və heç şübhəsiz ki, insanlar qısa müddətdə göstərilən qayğını öz həyatlarında hiss edəcəklər.
Digər bir vacib məqam odur ki, məlum artımlardan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşır. Bu, dövlətimizin ciddi uğuru və nüfuzudur. Habelə, düşmənlərimizə göz dağıdır.
Və sonda bir incə məqama toxunaq. Sosial şəbəkələrdə gedən müzakirələrdə maaş və təqaüd artımları birmənalı şəkildə təqdir olunur. Fikir mübadilələrində maaşları artırılmayan azsaylı insanlar da iştirak edir. Onlar da öz məvaciblərinin nə zaman artırılacağına dair sorğular edirlər.
Gedən proseslərə diqqət edək: proses mərhələli şəkildə bütün zümrələri əhatə edir və vətəndaşların işləyən, təqaüd alan hissəsinin təxminən 90 faizi bu sevinci yaşayıb. İlin sonunadək hər bir vətəndaşın oxşar sərəncamların əhatə dairəsinə düşəcəyinə şübhə yoxdur.
Elşad MƏMMƏDLİ, “Yeni Müsavat”