Mirşahinə sərt – cavab

1036

“ANS” Televiziyasının prezidenti Vahid Mustafayevin yeni çəkdiyi və son günlər barəsində müxtəlif ittihamlar səsləndirilən “Xoca” filminin baş prodüsseri Mirşahin Ağayev “Qafqazinfo”ya müsahibəsinə reaksiyalar gəlməyə başlayıb. “Musavat.com” və “Minval.az” az saytından “Qafqazinfo”ya daxil olan reaksiyanı olduğu kimi təqdim edirik: 

“Bu film indiyə qədər bir sıra mütəxəssislər tərəfindən tənqid olunub, Azərbaycan adına olan bu layihənin zəif məqamlarına iradlar bildirilib. Lakin musavat.com və minval.az saytlarının əməkdaşları videomateriallarla sübut ediblər ki, filmdə biabırçı plagiatlar, sözün həqiqi mənasında oğurluq halları var. Bu barədə hazırlanan video-çarx artıq internet məkanında yayılıb və filmin müəlliflərinin Azərbaycan adına olan mühüm bir layihədə hansı xətalara, xalturalara yol verdiyini ifşa edib.

ANS və filmin yaradıcı heyəti bu konkret faktlara cavab vermək, bu cür mühüm layihəyə niyə oğurluq qatdıqlarını, niyə ölkəni biabır etdiklərini izah etmək əvəzinə, heç bir əsas olmadan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun üzərinə hücuma keçiblər. Bildiririk ki, “Xoca” filmində yol verilən biabırçı oğurluq faktlarının ifşası minval.az və musavat.com saytlarının birgə layihəsidir, bu mövzu barədə “Yeni Müsavat” qəzetində hələ də heç bir yazı dərc olunmayıb. Rauf Arifoğlu bu saytların təsisçisi olaraq, onların yayım siyasətinə qarışmır. Lakin onminlərlə seyirçi kimi qeyd olunan və “Xoca” filminin yaradıcı heyətinin miskin oğurluğunu ifşa edən video-çarxı bəyənib, yaradıcı heyətin bu hərəkətini təqdir edib.
Mirşahin Ağayev isə “Qafqazinfo” saytına verdiyi bu müsahibədə uzağa gedərək, Azərbaycan adına olan mühüm bir layihəyə haram qatanları ifşa edən məlum video-çarxın müəlliflərini sözün həqiqi mənasında oğurluq edənləri təhqir edib. Müxbir sual verir: – Bəlkə, Xocalı haqqında film olmasaydı, adam bu qalmaqalın yaranmasına sevinərdi. Amma elə kadrlar təqdim edirlər ki, “Brest qalası” filmiylə eynidir. O müqayisələri siz də gördünüzmü?

Onun cavabının bu hissəsinə diqqət edin:

– Sözün düzü, bu müqayisələrdən xəbərim var. Bu mənim danışmaq istəmədiyim mövzudur. Yuli Sezarın vaxtından bu dünyada bir çox proseslər var ki, təkrarlanır. “Romeo və Culyetta” , “Leyli və Məcnun” olub. Və heç vaxt demək olmaz ki, “Romeo və Culyetta” intihar faktını “Leyli və Məcnun”dan plagiat edib…

Əslində bu, bizim iddiaların təsdiqidir. Lakin M. Ağayev bundan sonra məntiqi sayıla biləcək addımı – xalqdan üzr istəməyi – atmaq əvəzinə, “Xoca” filminə dair plagiat kadrları, o cümlədən də Liviyanın dövlət himnini oğurladıqlarını ifşa edənləri təhqirə keçir: “Mən hesab edirəm ki, bu Ankarada Xocalı hadisələrini qəbul edərək aksiya keçirən azərbaycanlılara ermənilərin təhriki ilə stendlərə hücumun davamıdır. Hesab edirəm ki, bu ermənilər və erməniləri müdafiə edən fransızlar tərəfindən həyata keçirilən provakasiyanın davamıdır. Sadəcə olaraq bunu edənlər Azərbaycanda ermənilərə işləməklə məşğuldurlar. İşin içində Azərbaycanın uğurlarına, onun maraq və mənafeyinə işləyən məqamları göstərmək əvəzinə, hardasa nələrisə axtarıb tapmaq, qara-qura şeylər əldə etmək və bunu ANS Şirkətlər Qrupunun və onun prezidenti, rejissor Vahid Mustafayevin işinin üstünə kölgə salmaq məqsədilə etmək, kişilikdən uzaq bir hərəkətdir.”

Biz isə bunu oğrunun bağırması kimi qiymətləndiririk. Ancaq onu da qeyd etməyi vacib bilirik ki, burada doğrunun – bizim bağrımız qətiyyən yarılmadı, qorxmadıq. Əksinə deyəcəyimiz var: Biz hesab edirik ki, Azərbaycana, onun milli məsələsinə dair mühüm bir layihəyə haram qatmaq, oğurluq etmək, onun musiqisini, qos-qoca bir dövlətin himnini oğurlayıb, buraya əlavə etmək, bununla da hamımızı biabırçı vəziyyətə salmaq kişilikdən uzaq bir hərəkətdir. Erməniyə işləmək elə bu cür olur” .

Musavat.com və Minval.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər