Milli Teleradio Şurası, tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi “Real” TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verib. Telekanalın tezliklə fəaliyyətə başlayacağı gözlənilir.
Mirşahinin “Real” TV-yə əsasən keçmiş ANS telekanalının əməkdaşlarını topladığı bildirilir.
“Real” TV-dən Modern.az-a verilən məlumata görə, Mirşahin Ağayevin yeni komandasında fəaliyyəti dayandırılmış ANS telekanalının aşağıdakı əməkdaşları çalışacaq:
Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Ayşəm Rüstəmova, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailəoğlu…
Hələlik baş redaktor və redaktorlar müəyyən olunmayıb.
Onu da bildiriblər ki, “Real” TV layihəsi Mirşahin Ağayevə məxsusdur və Vahid Mustafayev bu layihədə yer almayacaq.
Eyni zamanda, “Real” TV-nin ofisinin Əhməd Rəcəbli küçəsində yerləşdiyi məlum olub. 5 mərtəbəli binada yerləşən ofisdə son hazırlıq işləri görülməkdədir.
TV-nin yaxın günlərdə yayıma başlayacağı bildirilir. Qeyd olunur ki, artıq texniki avadanlıqlar alınıb, kameraların bir hissəsi ofisə gətirilib, digərləri də gətiriləcək. ANS-ə məxsus köhnə avadanlıqları götürmək isə mümkün olmayıb. Məlum olduğu kimi, prokurorluq ANS-in qapısını möhürləyib.
Yeni telekanalın əməkdaşlarının Modern.az-a bildirdiyinə görə, televiziyanın rəsmi internet saytı da artıq hazırdır: http://tvreal.az/ . Hazırda saytdakı texniki işlər yekunlaşmadığından daxil olmaqda müvəqqəti çətinliklər var.
Keçmiş ANS-çi olaraq “Real” TV komandasında təmsil olunacaq jurnalist Afət Telmanqızı yeniliklərlə bağlı Modern.az-a danışıb:
““Real” TV-də hər şey real olacaq. Xəbər kanalı olan TV-nin işi günün bütün saatlarında xəbər vermək olacaq. Var qüvvəmizlə tamaşaçıların görüşünə gələcəyik. TV-də peşəkar komanda çalışacaq. İnsanların efirdən tanıdığı, sözünə inandığı jurnalistləri yenidən efirimzidə görəcəksiniz. Mirşahinin sözünü eşitmək istəyənlər, Ləman Ələşrəfqızının reportajları üçün darıxanlar, Ayşəm, Vüsalə, Xatirə, Lalə, Natiq, Mehman, Orxan, Ziyanın xəbərlərini gözləyənlər, yaxın vaxtlarda ekran başına toplaşacaqlar”.
Jurnaslit bildirib ki, kanala Mirşahin Ağayevin rəhbərliyi hər şeyi deyir:
“Bu kanal sözün ustadının öz başına cəm etdiyi operativ xəbər kanalı olacaq. Tezliklə hər şey real olacaq. Xəbər gözləyin”.