Fransanın paytaxtı Parisə ezam olunarkən əsas missiyalarımdan biri də həmin ölkədəki səfirimizlə görüşmək, ondan həmvətənlərimizin durumu ilə bağlı müsahibə götürmək, həmçinin, oradakı Azərbaycan diasporunun nümayəndələri ilə söhbət etmək idi. Təəssüf ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev əvvəl mənimlə görüş təyin etsə də, son anda bu görüşümüz gerçəkləşməmiş qaldı.
Lakin Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva ilə görüşümüz baş tutdu. Hətta səfirliyin nümayəndələri həmin müddətdə keçirilən karate yarışlarına gəlməsə də, Mirvari xanım ailəsi və digər azərbaycanlılarla birgə zaldan idmançılarımıza dəstək verdi. Həmin yarışdan sonra onunla görüşüb, bizi maraqlandıran suallara cavab tapmağa çalışdıq.
Oxu.Az həmin müsahibəni təqdim edir:
– 1993-cü ilədək yaşadığım uşaqlıq illəri mənim həyatımın bünövrəsinin qoyulduğu bir dövrdür. Həmin ilin avqustunda Qubadlı rayonunu tərk etməli olduq. Yaşadığımız Xanlıq kəndindən Bakıya yalnız bir yol gedirdi. Onda 13 yaşım vardı. Sonuncu dəfə öz kəndimizə, evimizə baxdım. Fikirləşdim ki, bəlkə, bir də bura qayıda bilmədik. Bu görüntü hər zaman şəkil kimi yaddaşıma həkk olunub. İndi də o kəndə getsəm, evimizi tapa bilərəm. Mən Fransadakı yuxularımı da ora ilə bağlı görürəm.
– Adətən, Qubadlıdan olan məcburi köçkünlər Sumqayıtda məskunlaşır. Siz necə oldu ki, Bakıda yaşamalı oldunuz?
– Əslində, biz də ilk vaxtlar Sumqayıtda yaşamışıq. Bakıda qaldıqdan sonra bu şəhərə köçmüşük. Sumqayıtda inşası tamamlanmamış binalarda qalırdıq. Ailədə altı uşaq idik. Atam mühəndis, anam ibtidai sinif müəllimi işləyirdi. Onlar üçün bu qədər övladı belə şəraitdə böyütmək çox çətin idi.
Bakıdan Sumqayıta, oradan yenidən paytaxta köçmək bizə uyğunlaşmada problem yaradırdı. İkinci dəfə Bakıya köçəndə anamın dərs dediyi Maştağada məskunlaşdıq. Orda bir ailə öz evini təmənnasız verdi. Məhz orada da fransız dili ilə bağlı olan macəram başladı (gülür).
– Niyə fransız dili?
– Çünki Maştağada əcnəbi dillərdən yalnız fransız və fars dilləri tədris olunurdu. İngilis dili isə yox idi. Fars dili mənə perspektivi olmayan dil təəssüratı bağışlayırdı. Bir bacım universitetdə ingilis, digəri rus dilində oxuyurdu. Anam da mənim fransız dili təhsilinə yiyələnməyimi istəyirdi. Atam da həmişə fransız yazıçılardan Viktor Üqonun “Səfillər” romanından misal çəkərdi.
Fransız mədəniyyətinə olan sevgim, əlbəttə ki, atamdan mənə keçib. Mənə fransız dilindən dərs deyən xanım da rusdilli olduğundan tədris prosesim çətin keçirdi. O, fikirlərini azərbaycanca çətin çatdıra bildiyindən fransız dili mənim üçün çox çətin dil kimi görünürdü. Sonra Azərbaycan Dillər Universitetinin Tərcüməçilik fakültəsinə daxil olub, fransızcamı mükəmməlləşdirdim.
– Fransaya gəlişiniz necə baş tutub?
– Buraya gəlmək mənim üçün böyük bir arzu kimi görünürdü. Həyatda təsadüf deyilən şey yoxdur. İlk dəfə 2001-ci ildə Parisə təhsil üçün gedəndə təyyarədə Senatda işləyən Fransa-Qafqaz Dostluq Qrupunun rəhbəri Jan Boye ilə tanış olmaq imkanım oldu. Onda Paris-Bakı reysi yenicə açılmışdı və mən də təyyarədə bələdçi işləyirdim. Boye mənim məcburi köçkün olduğumu biləndən sonra dedi ki, bizə qonaq gəlmək istəyir. Onda biz Maştağadan Əhmədli qəsəbəsində yerləşən uşaq bağçasına köçmüşdük. Mən dostlarımı, tələbə yoldaşlarımı şəraitimiz olmadığından, evimizə dəvət edə bilmirdim.
Nəticədə, Boyeni də əmimizin yaşadığı evə dəvət etməli olduq. Onda qonağımız atama mənim Fransada təhsil almağım üçün hər bir köməyi edə biləcəyini bildirdi. Atam da buna razılıq verdi. Boye mənə Şengen vizası almaqda inzibati məsələlərdə kömək etdi. Parisdə fransız dili fakültəsinin filologiya ixtisasında daxil oldum. Orada üç il oxuduqdan sonra təhsilimiz beynəlxalq münasibətlər fakültəsinin Avropaşünaslıq ixtisasına dəyişdim. Parisdə təhsil ala-ala burada Azərbaycanı təbliğ etməyə başladım. Görürdüm ki, burada 2000-ci illərin əvvəllərində Azərbaycanı o qədər də yaxşı tanımırlar.
– Parisdə ilk yaratdığınız qurum necə adlanıb?
– İlk dəfə bir neçə tələbə ilə birgə Azərbaycan-Fransa Gənclik Assosiasiyasını təsis etmişik. O vaxtlar indikindən fərqli olaraq, dövlətin xaricdəki diaspor təşkilatlarına dəstəyi də yüksək deyildi. Ancaq daha sonra Diasporla İş üzrə Dövlət Komitəsi bizimlə maraqlanmağa başladı və gördü ki, bizdə o potensial var. 2008-ci ildə ailə həyatı qurdum və həyat yoldaşımın işi ilə bağlı Lion şəhərinə köçməli oldum. Yalan deməyəcəyəm, Lionda yaşadığımız dörd il ərzində özümü ancaq ailəmə həsr etdim.
– Həyat yoldaşınız fransızdır?
– Yox, o, İran kökənlidir. Bizim dili bilməsə də, nənəsi azərbaycanəsillidir. Fransada doğulduğu üçün heç farsca da yaxşı danışa bilmir. Bu ölkədə tanış olmuşuq. Evlənəndə də onunla şərt kəsmişdim ki, mən doğulduğum ölkəmin təbliğatı ilə məşğul olacağam. Məni belə qəbul edirsənsə, ailə həyatı quraq. O da razılaşdı.
– Maştağada oxuyanda fars dilinin potensialını görməmişdiniz. Amma tale sizə əslən İrandan olan ər qismət edib…
– (gülür) Görürsünüzmü, haradan haraya?! Əslində, atam fars dilində də təhsil almağımı istəyirdi. Danışa bilməsəm də, indi fars dilində başa düşürəm. Məşhur şairlərimiz bu dildə şeirlərini yazıb. Özüm də şeir yazmağı xoşlayıram. Əvvəl daha çox azərbaycanca şeirlər yazırdım. Amma Fransada gördüm ki, poeziyaya o qədər də maraq yoxdur. Burada bizdəki kimi, tədbirdə durub şeir söyləmək kimi vərdiş yoxdur (gülür). Yavaş-yavaş məndə şeir yazmaq həvəsi səngiməyə başladı. İndi daha çox vaxt tapanda fransızca fərqli üslubda şeirlər yazmağa çalışıram.
– Paris Azərbaycan Evi təşkilatının rəhbərisiniz. Bir qədər bu qurum barədə məlumat verin.
– 1992-ci ilin fevralın 24-də Ramiz Abutalıbov, Timurçin Hacıbəyli, Vəfa Mustafazadə və digər azərbaycanlılar tərəfindən təsis olunub. O dövrlərdə bu insanlar müxtəlif kitablar nəşr etdiriblər. 2012-ci ildə Moskvada yaşayan Ramiz müəllimin məsləhəti ilə bu təşkilatı yenidən dirçəltdik.
Demək olar ki, təşkilatın fəaliyyəti dayanmışdı. Mən bu təşkilata rəhbərlik edənədək quruma İran kökənli bir azərbaycanlı başçılıq edirdi. O vaxtdan bəri bir sıra tədbirlər, nümayişlər keçirmişik, Parisdə azərbaycanca dərslər təşkil etmişik. Bunda səfirliyin dəstəyi də mühüm rol oynayıb.
Sizinlə söhbət etdiyimiz bu məkanda iki sinif dərslər keçirilirdi. Ancaq uşaqların hər birinin dili bilmə səviyyəsində fərq olduğundan, bizim də o qədər çox sayda müəllim heyətimiz olmadığından, dərsləri dayandırmalı olduq. Həm də başa düşdük ki, Parisdə yaşayan azərbaycanlı uşaqlara maraqlı olan şey bizim tamaşalardır.
Novruz şənliklərinə, yumurta boyamaq kimi adət-ənənələrimizə bu uşaqlar daha çox maraq göstərir. Məsələn, “Dərviş Məstəli Şah” filmini nümayiş etdirəndə öz övladlarımın bu kinonu necə müzakirə etdiklərini görmüşdüm. Biz indi dərs keçə bilməsək də, o uşaqlara yalnız Azərbaycan ab-havasını hiss etdirə, Qarabağ, Xocalı soyqırımı haqda məlumatları çatdıra və əlifbamızı öyrədə bilərik.
– Hər halda Fransada doğulan azərbaycanlı uşaqların bizim dildə bilməsində valideynlərin də üzərinə böyük yük düşür…
– Təbii ki. Onlar evdə övladları ilə azərbaycanca danışmalıdırlar. Mən özümdən götürüm. Həyat yoldaşımla ünsiyyət dilimiz fransız dilidir. Buna baxmayaraq, çalışıram ki, oğlum və qızımla azərbaycanca danışım. Anam buraya gələndə onlar məcburdurlar ki, onunla azərbaycanca ünsiyyətdə olsunlar. Uşaqlar mütləq öz ana dillərində bilməlidirlər. Amma təəssüf ki, bir çox ailələrdə bu belə deyil. Bu ailələr fikirləşir ki, Fransada yaşayıramsa, mənə bu dil kifayət edir. Ancaq onlar dərk etmir ki, öz ana dilini bilmədikcə, bu uşaqlar böyüyəndə öz milli kimliyini itirəcək. Mən bunu uzun müddətdir ki, burada yaşayan iranlılar və türklərdə görmüşəm.
– Siz həm də Fransada Azərbaycan Dostları Assosiasiyasının baş katibisiniz. Bu qurumda necə işə başladınız?
– Bu assosiasiya Fransanın Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri olmuş Jan Peren tərəfindən 1998-ci ildə təsis olunub. O, ölkəmizi sevdiyi üçün belə bir qurum yaradıb. 2014-cü ilin mayında deputat Jan-Fransua Marselin rəhbərliyi altında təşkilat yenidən dirçəldi. Təbii ki, bu qurumun üzvlərinin əksəriyyəti fransızlardır. İyirmi nəfərlik İdarə Heyətində yeganə azərbaycanlı mənəm. İdarə Heyətində senator, deputat, yazıçı, bəstəkar, heykəltəraşlar var. Bu təşkilatın məqsədi Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycan həqiqətlərinin Fransaya çatdırılmasıdır.
– Bu məqsədlərə nə dərəcədə nail ola bilmisiniz? Çünki Fransa Azərbaycan tərəfdən baxıldıqda erməni lobbisinin güclü olduğu ölkə, loru dildə desəm, ermənipərəst bir dövlət kimi görünür…
– Mən bu işin içində olduğumdan, tam əminliklə Fransaya “ermənipərəst ölkə” deməzdim. Sadəcə, burada 500 mindən çox erməni mənşəli fransız yaşayır və onlar seçici qüvvəsidir. Artıq 5-6 ermənimənşəli fransız deputat var. Nə qədər erməni mənşəli jurnalistlər var. Fransada hansı sahəyə getsəniz, onlardan biri var.
Azərbaycana qarşı hər hansısa bir məqalə yazılırsa, o dəqiqə biz bilirik ki, bu, haradan gəlir? Bu məqalələrin 90 faizi ermənilər tərəfindən sifariş olunur. Bunun da arxasında erməni mənşəli fransızlar dayanır. Hər zaman ermənilər özlərini zorakılığa məruz qalmış xalq kimi göstərməyə çalışır.
Yerindən, tədbirin mahiyyətindən asılı olmayaraq, onlar həmişə türklər tərəfindən “soyqırımı”na məruz qaldıqlarını bildirir. Amma türk milləti mənim üçün qürurlu xalqdır. Onlar soyqırımına məruz qalsalar belə, heç vaxt bunu dilə gətirməz…
– Yəqin ki, ermənilər 1988-ci ildəki Sumqayıt hadisələrini də azərbaycanlıların törətdiyini bildirir. Söz düşmüşkən, sizin yeddi il əvvəl Parisdə acı xatirəniz də var. Ermənilər 2013-cü ilin fevralın 26-da Fransa parlamentində Sumqayıt hadisələri ilə bağlı tədbir təşkil edib və siz o tədbiri pozmağa çalışmısınız. Bu barədə danışardınız…
– Bu hadisəni bir dərs kimi saxlamağa çalışıram. Mənim Paris ətrafında yaşadığım qəsəbənin başçısı 17 il ərzində erməni mənşəli fransız olub. Orada kifayət qədər erməni var. Onlar da mənim azərbaycanlı olduğumu bilir. Hər gün gözlərində mənə qarşı nifrəti görürəm. Əvvəl azərbaycanlı olduğumu bilmirdilər. Bir-birimizi tanıdıqdan sonra salam-kəlamı da kəsdik. Amma bu nifrət hissi ilə heç nəyi dəyişmək mümkün deyil. Ortaq məxrəcə gəlmək lazımdır…
Fransa parlamentində keçirilən o tədbirə gedəndə ağlıma da gəlməzdi ki, orada başıma belə bir iş gələr. Ona görə də o tədbirə, əslində, tək yazılmışdım. Sadəcə olaraq, mənimlə paralel Vüsal Hüseynov adında Parisdə təhsil alan bir azərbaycanlı da vardı. Xahiş etdim, onu da buraxdılar. Zalda tanıyanlar mənim də orada olmağımı görüb pis-pis baxırdılar. Tədbir heç bir müzakirə olmadan keçdi. Halbuki ora getməkdə məqsədim təşkilatçılara sual vermək idi. Ancaq belə bir imkan yaradılmadı.
Zalda Sumqayıtda öldürülmüş ermənilərin xatirəsinə bir dəqiqəlik sükut üçün ayağa qalxmaq istənildi. Biz etiraz olaraq qalxmadıq. Onda qışqırmağa başladılar ki, qalxın ayağa. Məcbur olub qalxdıq və onda mən dedim ki, biz bunu Xocalıda qətlə yetirilmiş 613 nəfər insan üçün edirik.
Bunu iki dəfə təkrarladım və belə çıxdı ki, ayağa qalxanlar da Xocalı soyqırımını yad edirlər. Ondan sonra tədbiri təşkil edən büronun rəhbəri bizim üstümüzə şığıdı. Sonradan mənə hücum edənlər arasında arvadı erməni olan fransız deputat Fransua Roşbluan (yeri gəlmişkən, Fransa Milli Assambleyasının sabiq deputatı 2010-cu ilin iyununda rəsmi Bakının icazəsi olmadığı üçün Dağlıq Qarabağa səfər etdiyindən Azərbaycan hökuməti tərəfindən qara siyahıya salınıb – S.M.) da oldu.
O, əvvəldən mənə tərs-tərs baxır, replikalar atırdı. Biz ordan çıxmaq istəyəndə saçımdan dartıb “hara gedirsən, qal burada” demişdi. Orada 90 faiz ermənilər idi. Ermənistanın Fransadakı səfiri də orada iştirak edirdi.
– Səhv etmirəmsə, orada kömək çağıranda senatorlardan biri sizə yardım etməyə çalışıb…
– Həmin vaxt məni Vüsal müdafiə edirdi ki, oradan çıxa bilim. Ona görə də başları daha çox Vüsalı döyməyə qarışdı. Vüsalla birtəhər oradan çıxa bilsək də, dairəvi olduğundan, yenidən həmin zala düşdük. Orada bir erməni mənə şillə vurdu, gözümün altı şişmişdi. İkinci dəfə oradan çıxanda, Vüsal orada qaldı. Onda mən kömək axtarmağa çalışdım.
Bir otaqda 40-a yaxın senator və deputatlar iclas keçirirdi. Əvvəldən tanıdığım xanıma ağlayaraq dedim ki, kömək edin, orada bir azərbaycanlını döyüb öldürəcəklər. Senator mənə dedi ki, ovaxtkı səfirimiz Elçin Əmirbəyova zəng vurun, bura gəlsin. Təbii ki, onda mən kimə necə zəng vurmaq hayında deyildim. Həmin gün də Xocalı soyqırımı ilə bağlı azərbaycanlıların tədbiri vardı.
Nəhayət o tədbirdəki şəxslərə xəbər verildi. Həmin tədbiri işıqlandıran Azərbaycanın Fransadakı kanallarının müxbirləri də parlamentə gəldilər. Ermənilər də deyirdilər ki, azərbaycanlılar öncədən bunu planlaşdırıblarmış (gülür). Azərbaycanlılar gəldikdən sonra bizi xəstəxanaya apardılar.
– Bəs bu döyülmə faktları Fransa mətbuatına çıxmadı?
– Çıxdı, amma çox yüngül formada. Təbii ki, onlar mətbuatda çox güclüdürlər və hər bir yerdə adamları var. Hər hansısa məlumatı “boğmaq” və ya onu şişirtməyi onlar yaxşı bacarır.
– Fransa mətbuatında çalışan azərbaycanlılar heçmi yoxdur?
– Təəssüf ki, yoxdur. Çünki ermənilərdən fərqli olaraq, azərbaycanlıların buraya gəlişi 90-cı illərdən sonra olub.
– Amma aktyor, rejissor və yazıçı Robert Hüseyn və ya fransızca desək, Rober Oseyn (Haşiyə: Rober Hüseynin atası Əminulla Hüseynov (fransızlar onu Andre Oseyn kimi tanıyırdı) 1905-ci ildə Səmərqənddə doğulmuş Azərbaycan və fars mənşəli bəstəkar, tar solisti olub. O, Rusiya İmperiyasındakı oktyabr inqilabından sonra Qərbi Avropaya mühacirət edib – S.M.) Azərbaycan əsillidir…
– Bəli, bəli. O, bizim təşkilatın İdarə Heyətinin üzvlərindəndir. Fransızlar onu çox sevir. Onun atası azərbaycanlı, anası Anna Minevskaya yəhudi əsilli rus olub. Bunu özü də hər zaman deyir ki, əsli azərbaycanlıdır. Amma onun bu məsələdə müdaxilə etməsi asan deyildi. Hələlik Fransa mətbuatında azərbaycanlılar yoxdur deyə, söz demək imkanımız zəifdir.
Türklərdən bir xanım Fransa mətbuatında çalışır. Amma türklərə də o imkan verilmir. Onlar yazsalar da, bizim haqda müsbət yazının dərcinə icazə verilmir. Deyək ki, Azərbaycan barədə bir tədbir işıqlandırılır, sonda hər zaman bizim əleyhimizə mənfi fikir səsləndirirlər. Bu da indiyədək Azərbaycan barədə mənfi yazılmış məqalələrdən qaynaqlanır. Bir jurnalist ki heç vaxt Azərbaycana ayaq basmayıb, necə onun barədə mənfi məqalə yaza bilər ki?!
“Google”da axtarışla məqalə yazmaq mümkün deyil. 3-4 il əvvəl məşhur fransız jurnalistlərindən biri Qarabağ haqqında məqalə yazmışdı. “Facebook”da onu tapıb özünə yazmışdım ki, siz bu məqaləni erməni tərəfdən yazmısınız, olmazdımı Azərbaycan nöqteyi-nəzərindən də işıqlandırasınız?! Onun redaktoru erməni mənşəli idi. Həmin jurnalist də mənə gülməli cavab yazmışdı ki, ermənilərlə ünsiyyət qurmaq bizimkilərdən daha asandır.
Dedim ki, mən sizinlə danışa bilərəm, heç vaxt bizim fikrimizi öyrənməyə çalışmamısınız, bəlkə, ermənilər hər şeyi düz demir. Əslində, onun dediyi jurnalist cavabı deyildi. Azərbaycanın 20 faiz ərazisinin işğal altında olması faktı əksər dövlətlər tərəfindən tanınıb. Bu ki yalan deyil. Məsələn, Xocalı soyqırımı haqqında Fransa mətbuatında məqalə tapmaq çox qəliz məsələdir.
Kimsə yazmağa cəhd etsə, ermənilərin təzyiqi ilə üzləşir. Biz özümüz bunun şahidi olmuşuq. Yalnız bir fransız jurnalist çəkinmədən Xocalı soyqırımı barədə yazıb. Təbii ki, ona da təzyiqlər oldu. Amma belə jurnalistlərin sayı Fransada azdır. Ermənilərin Fransadakı diasporunun rəhbəri Frank Papazyanın da təzyiq etmək imkanları var.
– Bayaqkı məsələyə qayıtsaq, siz döyülmə faktı ilə bağlı 2014-cü ilin yanvarında Paris Ali Məhkəməsinə müraciət etmişdiniz. Niyə döyülməyinizi sübuta yetirə bilmədiniz?
– Məndə üç, Vüsalda isə səkkiz gündən sonra göyərtilər getdi. Əslində, Vüsalda daha ciddi zədələr vardı. Ekspertiza döyülmə faktını təsdiqləsə də, kimlər tərəfindən döyülməyimizi sübuta yetirə bilmədik. Əlimizdə sübut yox idi. Həmin zalda çəkilən videoların hamısı ermənilərin əlində idi.
Üstəlik, parlament daxilində olan müşahidə kameraları da sübut kimi təqdim olunmadı. Çünki Fransa parlamentində belə bir olayın baş verməsi yerli dövlət adına utandırıcı bir məqam idi. Bir fransız “narahat olmayın, mən hər şeyi gördüm, məhkəmədə şahidlik edəcəyəm” desə də, sonradan həmin adamı görmədim. Şahidlik etmək istəyənlər belə, kənara çəkildilər. Əlimizdə sübut olmadığı üçün 2015-ci ildə məhkəmə işi bağlandı.
– Vüsal Hüseynov indi hardadır?
– O, Azərbaycana qayıtdı. Artıq evlənib, işləyir. Ona da təşəkkürümü bildirirəm ki, o olmasaydı, hadisələr mənim üçün daha pis məcrada başa çata bilərdi. Sağ olsun ki, öz azərbaycanlılığını, cəsarətini göstərib məni qorudu. Ümid edirəm ki, Azərbaycana gedəndə onu görmək imkanım olar.
– Siz 19 ildir ki, Fransada yaşayırsınız və artıq bu ölkənin vətəndaşlığını almısınız. Hazırda Fransada nə qədər azərbaycanlı yaşayır?
– Bu barədə rəsmi məlumatı səfirliyin konsulluq şöbəsi verə bilər. Amma onların verdiyi məlumat qeydiyyatdan keçmiş azərbaycanlılara əsasəndir. Əslində, Fransada yaşayan azərbaycanlıların sayı daha çox ola bilər. Məsələn, Nant şəhərində 500-dən çox azərbaycanlı yaşayır. Qeyri-rəsmi desəm, bu say 10 mindir.
– Əksəriyyət Fransanın hansı şəhərində yaşayır?
– Nantda.
– Azərbaycanlıları həmin şəhərə cəlb edən nədir?
– Məncə, elə bir xüsusi səbəb yoxdur. Bizimkilərdən kimsə oraya köçüb, daha sonra onların yaxınları, qohumları, tanışları gəlib və beləcə o şəhərdə çoxalıblar. Strasburq şəhərində də azərbaycanlılar çoxdur. Fransada təhsil alan tələbələrimizdən bəziləri ailə həyatı quraraq Strasburqda qalıb. Parisdə, Lionda da azərbaycanlılar çoxdur. Lakin Fransanın cənubunda, məsələn, Nitsa şəhərində azərbaycanlıların sayı azdır.
– Sonda karate millimizin Parisdəki final görüşlərini arenadan izlədiniz? Bu barədə fikirlərinizi bilmək maraqlı olardı…
– Tək karate yox, idmanın digər sahələrində atletlərimizin uğurlu çıxışı, bayrağımızı qaldırması böyük fəxrdir. Azərbaycan və Türkiyədən başqa, heç bir dövlətin iki idmançısı ilin ən yaxşısı ola bilmədi. Lakin bu iki qardaş ölkənin birdən-birə iki karateçisi 2019-cu ilin ən yaxşısı kimi Parisdə mükafatlandırıldı. Təbii ki, bu da qürurverici hissdir. Arzu edirəm ki, Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan çoxlu karateçi ilə təmsil olunsun.
Səbuhi Musayev
FOTOLARın əksəriyyəti Sənan Məhərrəmova məxsusdur.