“Əgər hərə öz qohumunu, öz dostunu məktəbə göndərsə onda əlbəttə bizim işimizin nəticəsi istədiyimiz kimi olmayacaq”
Dünən Sumqayıt şəhər «Kimyaçılar» mədəniyyət sarayında Sumqayıt şəhər təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Təhsil naziri Misir Mərdanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vidadi Bağırov kimi rəsmilər də iştirak edib.
Təhsil Naziri Misir Mərdanovun çıxışını olduğu kimi diqqətinizə çatdırırıq:
“Biz son 10 il ərzində hər halda istədiklərimizin hamısına nail olmamışıq”
Sumqayıtın özünəməxsus ənənələri olub, Sumqayıtın ümumtəhsil sahəsində nailiyyətləri ölkə səviyyəsində nailiyyətlərdən öndə olub. Sevindirici hal ondan ibarətdir ki, son illərdə bu dinamika, inkişaf daha çox sürətlə irəliyə doğru getməkdədir. Bu bizim hamımızı sevindirir. Ona görə də mən düşünürəm ki, həm Vaqif müəllim, həm Vidadi müəllim, həm də çıxış edən bütün təhsil işçiləri müsbət məsələlərlə bağlı kifayət qədər danışdılar. Mən yalnız bir neçə problemə toxunmaq istəyirəm. Yəni biz son 10 il ərzində hər halda istədiklərimizin hamısına nail olmasaq da, istədiklərimizin böyük bir hissəsinə nail olmuşuq və mənim fikrimcə, təhsil sahəsində bizim ən böyük uğurumuz ondan ibarətdir ki, biz Azərbaycanda ümumi orta təhsili ölkə ictimaiyyətinin, ölkə rəhbərliyinin diqqət mərkəzinə gətirdik. Bu gün Azərbaycanda cəmiyyətdə müzakirə olunan, tənqid olunan və uğurları qeyd olunan elə bir sahə yoxdur ki, o təhsillə müqayisə olunsun, təhsili də məhz, ümumi orta təhsillə müqayisə olunsun. Ancaq 20-30 il bundan qabaq bu məsələni müqayisə etsək, heç biz oxuyanda və yaxud sonra universiteti bitirəndə, müəllim işləyərkən heç ümumi təhsil ölkə ictimaiyyətinin diqqət mərkəzində deyildi. Heç kəs məndən inciməsin orta məktəb müəllimini, bağışlayın məni, heç hesaba almırdılar. Ancaq bu gün cəmiyyətimiz orta məktəb müəllimini yaxşı tanıyır. Orta məktəbə böyük diqqət göstərir və orta məktəb müəllimi bu gün Azərbaycan Prezidentinin şəxsən diqqət mərkəzindədir. Cari tədris ilində dövlət başçısı, təhsillə bağlı 40-dan çox fərman və sərəncam imzalıyıb: bir tədris ili ərzində 470 nəfərdən çox təhsil işçisi, bunların daha böyük əksəriyyəti orta məktəb müəllimləri olub, prezidentin sərəncamı ilə müxtəlif fəxri adlara, ordenlərlə və medallarla təltif olunub. Yəni bu ölkə başçısının birbaşa təhsilə qayğısı deməkdir.
Nailiyyətlərimizlə öyünməməliyik və nailiyyətlərimizi son hesab etməməliyik…
Əvvəl onu deyirəm ki, nailiyyətlərimizlə öyünməməliyik və nailiyyətlərimizi son hesab etməməliyik. Bu il dövlət və dövlətin başçısı Azərbaycan təhsilindən daha böyük uğurlar gözləyir. Problemlərimiz daha çoxdur: müəllim nüfuzu, məktəbin nüfuzunu istədiyimiz səviyyəyə çatdira bilməmişik. Mənə belə gəlir ki, əsas diqqətimiz ona yönəlməlidir ki, biz necə edək ki, məktəbin statusunu qaldıraq, müəllimin nüfuzunu qaldıraq. Səbəbi çoxdur və burda qeyd olundu ki, niyə yüksək bal toplayan məzunlar qayıdıb məktəbdə işləmir, bunun da səbəbləri çoxdur. Əsas səbəb odur ki, biz məktəbin və müəllimin statusunu istədiyimiz səviyyəyə qaldırmamışıq. Əlbəttə bu nə məndən, nə sizdən asılıdır. Bu bütün ölkədən asılıdır. Mən belə düşünürəm ki, nə vaxt biz müəllimin və məktəbin statusun arzu olunan səviyyəyə çatdırsaq, onda Azərbaycan dünyada daha çox tanınacaq, onda bele suallar cəmiyyətdə yaranmayacaq. Ondan da bir az qabaq ən böyük problemimiz hesab olunan Qarabağ problemi də öz həllini avtomatik olaraq tapacaqdır. Bu məsələlər hamısı bizim birliyimizə bağlıdır. Bu məqsədə çatmaqda əsas amil məktəbdə çalışan müəllim və məktəb direktoru amilini hesab edirəm. Əgər biz bu iki problemi yoluna qoya bilsək sizi inandırıram ki, bizim nailiyyəltərimiz qat-qat yüksək olacaqdır. Əgər biz təhsil sistemində və məktəblərimizdə ədaləti bərpa edə bilsək, haqqı bərpa edə bilsək, bizlər öz nüfuzumuzu düzəltmiş olarıq. Bu sahədə xeyli iş görülsə də mən hesab edirəm ki, məktəblərdə çalışan müəllimlərin xeyli hissəsi məktəbdə çalışmağa, müəllim adını daşımağa layiq olmayanlardır. Biz bu işi həll etməliyik və bu istiqamətdə son bir neçə ildə addımlar atmışıq. O addımları ardıcıl olaraq atmaqda israrlıyıq. Əgər biz məktəbi məbəd adlandırsaq, əgər ulu öndər Heydər Əliyev təhsili millətin gələcəyi hesab edirsə onda biz gərək məktəbi müəllimin adına layiq olmayanlardan təmizləyək. Bu nə mənim gücüm daxilindədir, nə də şəhər başçısının…Bu bütünlükdə cəmiyyət tərəfindən həll olunmalıdır.
Əgər hərə öz qohumunu, öz dostunu məktəbə göndərsə onda əlbəttə bizim işimizin nəticəsi istədiyimiz kimi olmayacaq…
Mənə belə gəlir ki, bu gün Azərbaycan cəmiyyətinin qarşısında olan ən önəmli məsələ bundan ibarətdir ki, bu məbədə biz hər kəsi yaxın buraxmayaq və məktəbdə qiymətləndirmə məsələsinə diqqət yetirək. Müəllimi də, məktəbləri də nüfuzdan salan ən ciddi məsələ ondan ibarətdir ki, dərsə gələn, oxuyan, dərsə gəlməyib oxumuyan ədalətli qiymətləndirilsin. Əgər bircə uşaqda belə hal mümkündürsə, o uşaq sənin dediyin heç bir şeyi eşitməyəcək, bəlkə də şagirdləri özlərini öz aralarında qiymətləndirməyə geniş yer ayırmaq lazımdır.
Mən öz həyatımda şahidi olduğum bir məsələni olduğu kimi sizə demək istəyirəm…
Mən xeyli vaxt bundan öncə, bir il yarım idi BDU-da rektor işləyirdim. Magistaturaya qəbul imtahanı keçirirdim. İlk dəfə, heç kəsə pis gəlməsin, xahiş edən də var, “qohumumdur” deyən də var, müəllim övladı da var, bu gün də var, sabah da olacaq. Vəzifəli adamların uşaqları da var idi. Mən belə bir qərar qəbul elədim ki, Beynəlxalq münasibətlər fakültəsində Magistaturaya qəbulu tələbələr özləri aparsın. Universitetin zalına yığdım uşaqları, elan elədim ki, siz 25 nəfər qurtarmısınız. Sizin içinizdən 5 nəfər magistraturaya girməlidir. Özünüz o 5 nəfəri seçin, Çünki uşaqlar özləri özlərini bizdən yaxşı tanıyır və bir nəfər arxadan əl qaldırdı, dedi ki, Misir müəllim mənim atam nazirdi, Sabir Rüstəmxanlının oğlu idi. Dedi bilirəm o sizdən xahiş edibdir, siz də onun xatirini çox istəyirsiniz yəqin ki, məni qəbul edəcəksiniz, ona görə mən indidən bu xahişi geri götürürəm. Yəni o seçimin qarşısında ədalət qalib gəldi. Bu baxımdan mənə elə gəlir ki, uşaqların qiymətləndirilməsi 80% ədalətli olmalıdır. Mən tam əminəm və sizi də inandırıram ki, əgər şagirdlərin qiymətləndirilməsində, məktəbə müəllimlərin qəbulunda 80% ədalətli olsaq, bizdən heç kəs narazı qalmaz. Mən istərdim ki, Azərbaycan cəmiyyətində və onun ən öncül hissələrindən biri olan Sumqayıtda bu işlər olsun.
Bizim cəmiyyətimizdə ən ciddi problemlərdən biri ətrafımızda baş verən hadisələrə biganəliyimizir. Biz müxtəlif məsələlərdə çox biganəyik. Əsasən düşünürük ki, mənə dəymirsə başqasına dəyirsə, cəhənnəmə dəysin. Üzr istəyirəm ifadəmə görə. Mənim üçün yaxşıdırsa nəyimə lazımdır? Mənə toxunmursa kimə nə olur olsun. Yəni bu biganəlik bizim cəmiyyətimizin ən ciddi problemidir. Yaxınlarda başıma gələn bir hadisəni sizə danışmaq istərdim. Berlin şəhərində idik və bizi tanıyan adamlar maşınla bizi bir yerə yeməyə aparırdılar. Bizi aparan şəxs maşından düşüb bir yeri soruşmaq istəyirdi. Birdə gördüm bir qoca qadın, əlində də çəlik cumdu sürücünün üstünə. Az qaldı ki, sürücünü söysün və döysün. Mənə qəribə gəldi ki, bu qoca qadının bu sürücüylə nə işi var? Sən demə qadın görür ki, sürücü maşından düşdü, ancaq maşının matorun söndürmədi. Qoca qadın qaçıb gəlib ki, sən niyə maşını söndürmədin, sən mənim şəhərimin ekalogiyasına ziyan vurursan. Baxın vətənpərvərliyə…