MM komitə sədri: “Səfirliklərin işinin qiymətləndirilməsində xarici investisiyaların cəlbi əsas göstəricilərdən biri olacaq”

1829

“Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində Prezident İlham Əliyev ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsini prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
T. Mirkişili deyib ki, dövlət başçısının apardığı fəal iqtisadi diplomatiya nəticəsində ölkəmiz regionda ən çox xarici investisiya cəlb edən ölkə olub və bunun nəticəsində də iqtisadi qüdrətimiz dəfələrlə artıb. Xarici investisiyaların böyük bir hissəsi neft-qaz sektoruna cəlb olunsa da, bu sektordan əldə etdiyimiz gəlirlər nəticəsində qeyri-neft sektorunun da sürətli inkişafına nail olmaqdayıq. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanda çox gözəl sərmayə iqlimi var. Azərbaycan bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirib, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində əlverişli investisiya iqlimi yaradıb. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb, bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlayıb: “Eyni zamanda Azərbaycanda artıq müasir infrastruktur mövcuddur. Əlverişli qanunvericilik bazası formalaşıb və bu bazanın təkmilləşməsi üçün davamlı işlər görülür. Potensial investorların ilk növbədə diqqət yetirdikləri Dünya Bankının “Doing Business” hesabatına, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxsaq, Azərbaycanın infrastruktur layihələrinin səviyyəsinə görə yüksək yerlərdə qərarlaşdığı göz önündədir. Davos Forumunun hesabatında elektrik təchizatı sahəsində Azərbaycan dünya miqyasında ikinci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdədir, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Azərbaycanda əsas infrastruktur layihələri artıq ya başa çatıb, ya da başa çatmaq üzrədir. İnvestorlar üçün isə investisiya iqlimi və infrastruktur layihələri önəmli amillərdir. Digər tərəfdən, son illər ərzində Azərbaycanda çox güclü kadr potensialı formalaşıb. Çünki dövlət xətti ilə minlərlə gənci dünyanın aparıcı ali məktəblərində təhsil alıb, onların böyük hissəsi Azərbaycana qayıdıb. Öz universitetlərimizdə də təhsilin keyfiyyətinin yüksəlməsi prosesini müşahidə edirik. Kadr potensialı da investorları cəlb edəcək əsas amillərdəndir. Xarici investorlar üçün digər mühüm amil təhlükəsizlik və siyasi sabitlikdir. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. Ölkəmizdə mövcud olan siyasi sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir”.

Parlamentin komitə sədri qeyd edib ki, dövlət başçısı Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində müsahibəsində Azərbaycanın fəal iqtisadi diplomatiya həyata keçirməsi üçün ölkəmizin xaricdəki diplomatik korpusu, ticarət nümayəndəlikləri qarşısında proqram xarakterli vəzifələr müəyyənləşdirib: “Gələn ilin iyul ayında investorları qəbul etməyə hazır olacaq Ələt Azad İqtisadi Zonasının nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək. Bununla bərabər, xarici ölkələrdəki səfirliklərə göstəriş verilib ki, öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat versinlər. Azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Dövlət başçısı bundan əvvəl də diplomatik korpusla görüşlərində Azərbaycanın iqtisadi maraqlarının təşviqi ilə bağlı səfirlərin qarşısına vəzifələr qoymuşdu. Səfirliklər real iş aparmalı, praktiki nəticələr ortaya qoymalı, xarici iş adamlarının Azərbaycana gəlməsi və investisiya yatırması üçün bütün potensial imkanlardan istifadə etməlidirlər. Dövlət başçısının fikirlərindən də göründüyü kimi, bundan sonrakı dövrdə səfirliklərin işinin qiymətləndirilməsində bu amil ən önəmli göstəricilərdən biri olacaq. Digər tərəfdən, Azərbaycanın müxtəlif ölkələrlə hökumətlərarası komissiyaları fəaliyyət göstərir. Lakin bu komissiyaların işini tam səmərəli və onların praktiki nəticələrini qənaətbəxş hesab etmək olmaz. Hökumətlərarası komissiyalar işlərini əvvəlcədən razılaşdırılmış proqram üzrə qurur, daha çox podratçı şirkətləri ölkəyə cəlb edir. Lakin son 15 ildə dövlət sərmayəsi hesabına Azərbaycanda böyük işlər görülüb, bütün infrastruktur yeniləşib və müasirləşib. Hazırkı mərhələdə isə işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə, Ələt Azad İqtisadi Zonası kimi mühüm əhəmiyyətə malik layihələrin reallaşdırılmasına xarici investisiyaların cəlb edilməsi, ölkəyə yeni texnologiyaların davamlı gəlməsini təmin etmək həmin komissiyaların qarşısında duran əsas vəzifələrdəndir. Hökumətlərarası komissiyaların işi də ilk növbədə, ölkəmizin iqtisadiyyatının davamlı və texnoloji inkişafı üçün xarici resursların cəlb edilməsi, ölkəmizdə istehsal edilən son məhsulun isə xaricə satışı üçün əlverişli şəraitin yaradılması olmalıdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər