Moskva Bəyannaməsi Azərbaycanın növbəti diplomatik uğurudur

706

Artıq məlum olduğu kimi, fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
Moskva Bəyannaməsinin əsas qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürüblər.
Mühüm məqamlardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Bu xüsusda, hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürüblər.
Bəyannamədə tərəflər digər məsələlərdə olduğu kimi, davamlı inkişafa və hər iki dövlətin iqtisadi potensialından səmərəli istifadəyə böyük əhəmiyyət verərək iki ölkə arasında iqtisadi qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məqsədilə ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə uyğun olaraq əmtəə və xidmətlərin sərbəst hərəkəti üçün əlverişli şəraitin yaradılmasını, eləcə də regional iqtisadi əməkdaşlığın irəlilədilməsinə yardım göstərəcəklərini öhdəlik kimi qəbul ediblər.
Tərəflər milli qanunvericilikləri çərçivəsində metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaqlarını üzərlərinə götürüblər.
Bəyannamədə tərəflər milli qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə ediblər.
Tərəflərdən hər biri öz ərazisində digər Tərəfin humanitar, elmi-texniki, mədəni və informasiya əlaqələrinin inkişafına yönəlmiş, o cümlədən də ikitərəfli sazişlər əsasında və milli qanunvericilik çərçivəsində informasiya-mədəniyyət mərkəzləri vasitəsilə fəaliyyətini dəstəkləyəcəklərini öhdələrinə götürüblər ki, bu da respublikamızın xüsusilə post-müharibə dövründə daha da inkişafı, dünyaya tanıdılması üçün olduqca lazımlıdır və Azərbaycanın növbəti diplomatik uğurudur.

Emin Əliyev, YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər