Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Sumqayıtda 6 il açıq-aşkar heroin satmış, sumqayıtlıların narkobaron adlandırdıqları Namiq Əhməd oğlu Şamilovun və dəstə üzvlərinin cinayət işi üzrə proses keçirilir. İş üzrə zərərçəkənlər Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarıdır. Narkobaronun 20 nəfərlik dəstəsində 2 qadın və 2 polis zabiti də olub. Polislər narkobaronun heroini rahat şəkildə satdırması üçün ona “krışa”lıq ediblər. MTN əməkdaşları narkobaronun dəstəsini zərərsizləşdirərkən iki əməliyyatçı ölümlə üz-üzə qalıb, 5-6 əməliyyatçıya isə daş, bıçaq, dəmir parçaları ilə bədən xəsarətləri yetirilib.
Hazırda 20 nəfərlik narkobandanın üzvlərindən Sərraf Xubalıyev, Ramiz Yarəliyev, Vüsal Bəkirov, Tahir Şamilov, Zöhrab Şamilov, Elnur Əhmədov, Arzu Ələkbərova və Asya Qasımova məhkəmə qarşısına çıxarılıblar. Dəstə üzvləri sui-qəsd, odlu silah saxlama, qaçaqmalçılıq, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, narkotiklərin qanunsuz dövriyyəsi və digər maddələrlə ittiham olunurlar. Narkodəstənin cinayət işi ilə tanış olduqca ən çox baxılan detektiv filmlərinin süjeti göz önünə gəlir. Eyni zamanda cinayət işinin çox səthi araşdırılması qənaəti formalaşır.
(yazının əvvəlini burdan oxuya bilərsiniz)
Narkobaron Sumqayıt qəbiristanlığının yanında görüş təyin edib
İstintaq materiallarına görə 2011-ci il aprelin 7-də MTN narkobandanın zərərsizləşdirilməsi üçün əməliyyat keçirib. Buna kimi isə narkobanda Sumqayıt şəhəri və ətrafında yaşayanları “ağ ölüm”lə zəhərləməkdə davam edib.
Narkobaron N.Şamilovun ifadəsindən:
“Zəng edən şəxsin ”mal” dedikdə Sərraf Xubalıyevin göndərdiyi heroini nəzərdə tutduğunu başa düşdüm. Həmin vaxt Sumqayıtda olduğum üçün onunla danışıb, razılaşıb Baki şəhərində, «20 Yanvar» metrostansiyası yaxınlığında yerləşən körpünün altında görüşdük. Əvvəllər heç vaxt görmədiyim, adını və soyadını bilmədiyim alçaq boylu, bığ saxlamayan, arıq bədən quruluşlu, qara saçlı, təxminən 35-40 yaşlarında olan həmin şəxs sellofan torbanı mənə verib getdi. Avtobusla Sumqayıta qayıdıb Saray qəsəbəsində tanımadığım bağ evinin yanında sellofanı torpağa basdırdım. Sonradan çıxarıb satmaq üçün qardaşım Tahir Şamilova verdim. Bir müddət sonra Sərraf Xubalıyev zəng edib narkotikin pulunu istəməyə başladı. Aprelin 7-də Sərraf Xubalıyevə zəng edib ondan əlavə 500 qram heroin istədim. Dedi ki, əvvəlki narkotikə görə borclusan, həmin pulu qaytar. Ona dedim ki, sənə narkotikə görə 8 min dollar borcluyam, görüşək verim. Dedi ki, Bakıdadır, axşam 7 üçün Sumqayıtın girəcəyində yerləşən qəbiristanlığın yanında görüşə gələcək. Bundan sonra özümün «Wolksvagen-Tiquan» markalı, Az 90 XA 410 nömrə nişanlı avtomaşınla görüşə getdim. Sumqayıt şəhərində yerləşən gömrük postunun yanından sola döndükdən sonra Sərraf Xubalıyevin yolun kənarında dayandığını gördüm. Görüşə özünün idarə etdiyi «Mersedes» markalı avtomaşını ilə gəlmişdi. Maşını saxladım, Sərraf Xubalıyev gəlib maşınıma oturdu. Bu vaxt bir avtomaşın qarşımızda saxladı. Maşından düşənlərin hüquq-mühafizə orqanlarından olduğunu başa düşərək dərhal idarə etdiyim maşını surətlə arxaya tərəf sürməyə başladım. Bu vaxt arxada dayanan maşını vurdum”.
“Maşına atəş açdılar…”
N.Şamilovun ifadəsindən məlum olur ki, idarə etdiyi maşına yol açmaq üçün maşını bir neçə dəfə öndə və arxada dayanan maşınlara çırpıb. Həmin vaxt avtomaşından bir neçə nəfər əməkdaş düşərək onun maşınına tərəf gəlməyə başlayıblar. Arxadakı maşını vurub kənara atdıqdan sonra maşını Sumqayıt şəhəri istiqamətinə döndərərkən qarşısında dayanmış iki nəfər əməkdaşı vurub. Cinayət işindəki ifadələrdən bəlli olur ki, narkobaronun idarə etdiyi maşınla üstündən keçdiyi MTN-çilərdən biri əməliyyata rəhbərlik edən şəxs olub. N.Şamilov onların üstündən keçərək yüksək surətlə Sumqayıt şəhərinə, yaşadığı evinə tərəf sürüb. Həmin vaxt onun idarə etdiyi maşına tərəf güllə atılsa da, o, maşını saxlamayıb. Onu saxlamağa çalışan şəxslərdən qaçmaq niyyəti ilə maşını Sumqayıt şəhəri istiqamətinə sürüb.
İş materiallarında narkobaronun maşınla üstlərindən keçməklə ağır bədən xəsarəti yetirdiyi MTN-in əməliyyata rəhbərlik edən şöbə rəisinin və əməliyyatçısının ifadəsi var.
Şöbə rəisi deyib ki, N.Şamilovun S.Xubalıyevə 7 aprel 2011-ci ildə Sumqayıt şəhərində yerləşən qəbiristanlığın yanında görüş təyin etməsi ona məlum olub. Həmin dəstə üzvlərinin yaxalanması üçün MTN-də yaradılmış əməliyyat qrupunun tərkibində özü də olub. Nəzarətdə saxlanılan Sərraf Xubalıyev idarə etdiyi “Mercedes” markalı, Az 10 RD 704 nömrə nişanlı avtomaşınla Bakıdan çıxıb Sumqayıt şəhərinə görüş yerinə gedərkən izlənilib: “Sərraf Xubaliyev Sumqayıt şəhəri, Sülh küçəsi, 41-ci məhəllə istiqamətində, yolun sağ tərəfində yerləşən qəbiristanlığın yanına gələrək orada Namiq Şamilovu gözləməyə başladı. Ondan təxminən 10 dəqiqə sonra həmin yerə Namiq Şamilov özünün idarə etdiyi ”Wolksvaqen Tiquan” markalı, Az 90 XA 410 nömrə nişanlı avtomaşınla gəldi, onun avtomaşınında özündən başqa azyaşlı oğlu Samir Şamilov da vardı. Sərraf Xubalıyev Namiq Şamilovun ora gəlməsindən sonra öz avtomobilindən düşüb onun avtomobilinə əyləşdi. Bundan sonra əməliyyat qrupunun istifadəsində olan 2 “VAZ-2107″ markalı və bir ”Tofaş” markalı əməliyyat avtomaşınları Namiq Şamilovun idarə etdiyi avtomobilin önündə, arxasında, sol tərəfində saxlamaqla onu mühasirəyə aldı. Əməliyyat qrupunun üzvləri onun avtomaşınına yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək MTN-nin əməkdaşları olduqlarını deyib avtomaşından düşmələrini tələb etdilər. Lakin Namiq Şamilov buna məhəl qoymayaraq qapıları içəridən bağlayıb avtomaşının önündə, arxasında saxlanılan avtomobilləri möhkəm zərbə ilə vurub əzdi. Həmin vaxt mən və əməliyyatçı avtomobilinin arxasında dayanmışdıq. Bizi vurub yerə yıxdı. Hiss etdim ki, avtomobil üstümüzdən keçdi”. Bundan sonra huşsuz vəziyyətdə olan idarə rəisi heç nəyi xatırlamadığını deyib. Sonradan bilib ki, ağır vəziyyətdə onları Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasina, oradan da Bakı şəhərinə xəstəxanaya aparıblar. Əməliyyatçının durumu həddən artıq ağır olduğundan onu Türkiyəyə, Gülhanə Hərbi Tibb Akademiyasına müalicəyə göndərilib. Əməliyyatın nəticəsi haqda idarə rəisi vəziyyəti yaxşılaşandan sonra öyrənib:
“Namiq Şamilov avtomobili ilə qaçaraq Sərraf Xubaliyevlə birlikdə özünün yaşadığı Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 21 ”B” saylı ünvanda yerləşən evin həyətinə gedib. Orada onun yaxalanması üçün əməliyyat tədbirini həyata keçirən MTN-in əməliyyat qrupunun əməkdaşlarına qarşı müqavimət göstərməkdə davam edib. Hətta əvvəlcədən özü tərəfindən köməyə çağırdığı dəstə üzvləri Zöhrab Şamilov, Həzrət Şamilov, Elnur Əhmədov, Məcid Şamilov xidməti vəzifələrinin yerinə yetirən MTN-in əməkdaşlarına qarşı zor tətbiq ediblər. Orada çoxlu adamlar olduqlarına görə köməyə MTN-in xüsusi təyinatlıları, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları da gəlib. Namiq Şamilov, Sərraf Xubalıyev hərəsi bir bloka qaçıb girməklə gizlənməyə çalışıblar. Amma MTN əməkdaşları onları və narkobandanın hadisə yerində olan digər üzvlərini yaxalayıb”.
Şöbə rəisi əməliyyatın növbəti gün davam etdirildiyini və narkobandanın azadlıqda qalan üzvlərinin ələ keçirildiyini bildirib. İş materiallarında S.Xubalıyevə İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi heroini satan həmyerlisi, Yardımlının Gendərə kəndinin sakini Habil Əliyevin adı var. Şöbə rəisi ifadəsində qeyd edir ki, bu şəxs uzun müddətdir ki, MTN tərəfindən axtarışdadır. Narkobandanı himayə edən polis zabitlərinin işi ayrıca icraata verilib. Həmin cinayət dosyesini də oxucularımıza təqdim etməyə çalışacağıq.
E.MƏMMƏDƏLİYEV, “Yeni Müsavat” qəzeti