Müasir gənclik niyə kitab oxumur?

1568

kitabOxuyursa, hansı mövzuda olan kitablara üstünlük verir??

Nemət Tahirin təqdimatında

Müasir dövrümüzdə informasiya bolluğu olduğu üçün, daha doğrusu, bu informasiyaları əldə edəcək vasitələrin (televizor, kompüter, mətbuat və s.) kütləvləşməsi insanları mütaliədən uzaqlaşdırmaqdadır. Bu, xüsusilə gənclik dövrün yaşayanlara arasında daha geniş yayılıb, desək, yəqin ki, yanılmarıq. Buna baxmayaraq hələ də kitab oxuyan insanlarımız var. Bəs bu insanlar hansı mövzuya daha çox müraciət edirlər?

Bu mövzuda kiçik bir sorğu apardım –   tələbəsi olduğum SDU-nin tələbə və müəllimlərinə, kitabxanaçılara müraciət etdim.

Nəticəni və deyilən fikirləri olduğu kimi oxucularımıza çatdırırıq:

SDU-nin müəllimi, elmlər namizədi Sevinc Həmzəyeva:

“Elə bir zaman kəsiyinə müsafir olmuşuq ki, iqtisadi böhran, maddi çətinlik insan qəlbinin ağır yükünə çevrilib. Bir tikə çörəyin ehtiyacında, soyuq qışın sərt üzünə baxıb donan kəsin harayına yetənmi var? Azmı bunlar??? Hə bəs etmirmiş kimi ucuzlaşan dəyərlər, dəyərsizləşən mənəvi ucalıqlar. Bu sınağın qarşısında yenilən yenilir. Amma mənəvi zəngin olanlar sınağa baxmayaraq, içində sarsılar, lakin alçalmaz.

Belə şərait, belə zaman insan qəlbini darmadağın edir. Çörək pulu ehtiyacında olanlar kitaba vaxtmı ayırsın?

Ancaq belə şəraiti mənfurlar üzə tez çıxardar. Əlverişli şərait yaranır onlar üçün. Qarşısına çıxanın canına susayır, min fırıldaqla özlərinə cəh-cəlal qururlar – təbii ki, başqalarının zəhməti hesabına…

Daim bu dünyadan küsənlər özlərinə oxşar qəhrəmanların prototipini psixoloji romanlarda axtarır, ya da cinayət dolu dünyanın hər oyunundan baş çıxartmaq üçün mənən silahlanmaq istəyir. Buna görə dedektiv əsərlərə üstünlük verirlər.

Məncə heç nəyə baxmayaraq sevgiyə ac olanlar elə sevgi romanları ilə təsəlli tapacaqlar”.

Professor, publist – şair, SDU-nun filologiya fakültəsinin müəllimi Rafiq Yusifoğlunun cavabı isə belə oldu:

“Biz tarixən oxumağı sevməyən xalqıq. Elə əsrlər boyu maarifçilərimiz bunu aradan qaldırmağa çalışıblar. Ancaq məncə, kitaba marağın azalmasını indiki dövr üçün normal qarşılamaq lazımdır”.

SDU-nun filologiya fakültəsinin müəllimi Eyvaz Eminalıyev: “Evimizə daxil olub bizi ailəmizi ucuz verlişlərlə təhqir edən televiziya və bir çox bayağı internet saytları gəncliyimizi mənəvi dəyərlərdən uzaqlaşdıraraq həm cismi, həm də zehni cəhətdən çılpaqlaşdırır”.

Sumqayıtın tanınmış bukinistlərindən biri Xan Rəsuloğlu:

“20 ildən artıq müddətdə ticarətdə işləyən kitabçı kimi deyərdim ki, Sovet dövrü ilə müqayisədə kitab oxuyanların sayı az qala min dəfə azalıb… Amma baxır hansı mənada…. Məlumdur ki, kompüter dövrüdür, oxucuların müəyyən hissəsi informasiyanı artırmaq üçün üslubun dəyişib. Eləcə də vaxt problemi və vaxtını praktiki işlərə sərf etmək ehtiyacı da oxucuların sayına təsir edir.

İndi vəziyyət bir az başqa cürdür. Əgər ali məktəblərə hazırlıq çabalarını və orta məktəb dərsliklərini, tapşırıqları nəzərə almasaq, oxuyanların sayının azaldığını görərik. Bunu elə kitabların tirajına baxdıqda da görmək olar.

Bu günlərdə Azərbaycan dövlətçilik tarixində önəmli bir iş görüldü: Prezidentin fərmanı ilə latın qrafikasında çap olunan kitabların tirajı 25000-ə çatdırılıb. O ki qaldı, gənclərimizin kitaba marağı məsələsinə çox qəribə bir mənzərə ilə qarşılaşırıq. Mütaliə də dövrümüzün əhval-ruhiyyəsinə uyğundur, yəni minillərin sınağından çıxıb gəlmiş kitablar 1-2 manata satılmır, amma şou xarakterli yüngül əsərləri 5-10 manata alırlar. Məhz yüngül oxu üçün, düşünməmək üçün oxuyurlar. Yəni, ciddi oxucular azalıb – bunun isə bir səbəbi var – dolanışıq problemi”.

SDU-nun kitabxanasının bədii Şöbəsinin müdiri: Kamilə Novruzova:

“Bədii Şöbədə 20683 kitab var. Ən çox istifadə olunan bədii kitablar M.F.Axundzadənin, N.Gəncəvinin, İ.Əfəndiyevin, S.Vurğunun, B.Vahabzadənin, N.Həsənzadənin, M.Hüseynin, Anarın kitablarıdır.

Bizdən ən çox soruşulan və qıtlıq təşkil edən müəlliflər isə Ç.Abdullayev, Əlibaba Hacızadə, Z.Babanlıdır”. – (Göründüyü kimi, burada da dərs vəsaiti və kriminal, sevgi mövzusu üstünlük təşkil edir – N.T.)

IV kurs tələbəsi Ziba: “Etibarını itirmə ki, sənə inansınlar”. Nədir inam, etibar? Kiçik hərflə yazılan bu sözlər böyük anlamlar ifadə edir. İnsanın insana inamı nəinki lazımdır, bu, hətta insanın cəmiyyətdə yer tutması üçün labüddür. İlk növbədə insanın özünün özünə inamı, etibarı olmalıdır. Bununla yanaşı təkcə özündə deyil, özgələrdə də özünə qarşı inam yaratmalıdır. Bəs bunu necə etməli, necə qorumalı? Verdiyin sözü tutmaqla! Lakin söz verən zaman da yaxşı düşünmək lazımdır. Təsadüfən deyilməyib ki,

Görə bilmədiyin işi gözüyumlu,

Söz verib öhdənə götürmə, oğlum!

Dramaturq Lope Veqanın “Seviliya ulduzu” əsərində ideya istiqamətləri çoxşaxəlidir. Burada mənim diqqətimi çəkən əsas məsələdən başlıcası “söz vermək”, “inam, etibarı saxlamaq” konsepsiyasıdır. Əsərdə baş verən bədbəxtliklərin səbəbi məhz bu anlayışlar üzərindədir. Əsərdəki Cəngavərin ehtiyatsızlığı , diqqətsizliyi üzündən sevdiyi qız Estrelya, qızın qardaşı, Cəngavər özü də faciəvi həyat yaşayır. Niyə? Çünki bilmədiyi məsələyə görə gözüyumlu söz vermişdi. Fərqi yox, bu söz səhvənmi verilmişdi, ya yox! Bu məsələdə məni gənc oxucu olaraq maraqlandırıb düşündürən məsələ gəncin tutduğu işdə nə qədər haqlı olub-olmaması deyil. Burada məni maraqlandıran məsələ onun nə olsa belə sonadək verdiyi sözünün qulu yox, ağası olmasıdı! Bu da içilən anda bərabərdir. Sözündən dönsəydi, andını pozmuş olacaqdı, hətta, müqəddəs kitabımız “Qurani Kərim”də də yazılıb ki, Məhəmməd Peyğəmbər (ə.s) verilən sözə əməl etməyi vacib buyurmuşdur.

Sözündən dönənlər mütləq cəzalandırılacaq. Tarixən, elə indinin özündə də sözünü tutan kəslərə insanlığın böyük ehtiyacı olub. Bizim bugünkü günümüzdə  bizə məhz belə insanlar xüsusilə lazımdır – sözü ilə əməli birgə, vəhdətdə olanlar! Belə olan halda bəs niyə gənc yeniyetmə nəsildə bu hissləri aşılayan əsərlər geniş, kütləvi şəkildə yazılmasın! Niyə bu mövzular əsərlərimizin ideya xəttini təşkil etməsin?…

Başqa bir tələbə, Aynurə isə deyir ki:

Ən xoşladığım və böyük  məmnuniyyətlə oxuduğum əsərlərin böyük bir qismini  məhz qadın taleyini əks etdirən əsərlər təşkil edir desəm yanılmaram. İstənilən əsərdə qadın obrazının müxtəlif yaş mərhələsi, mühiti, gəncliyi, səhv yaxud düzgün seçimi, həyati sınaqları, bu sınaqlara qarşı mətincəsinə mübarizəsi və yaxud sadəcə olaraq buna baş əyməsi bunu bir növ taleyin qismətimi yaxud sınaq kimi problemlər məni daha çox maraqlandırır. Bəlkə də bunlar məni ona görə maraqlandırır ki, mən də gəncəm. Bunları mütaliə etməklə bir növ hər bir kəs özünü gələcəyin istənilən “sürpriz”inə hazırlaya bilər. Yay tətilində mütaliə etdiyim əsər türk ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Səbahəddin Əlinin müəllifi olduğu “İçimizdəki şeytan” romanı oldu. Əsərin baş qəhrəmanı – Məcidədir. Məcidə yeniyetmədir, pianinoda çalmağı bacarır. Xalasının köməkliyi ilə İstanbula gəlir və konservatoriyada oxuyur, burada Ömərlə tanış olur. Onunla görüşür. O zamankı mühitdə bu hal qəbuledilməz hal kimi qarşılanır. Bu hal xalasıgilə – yəni xalası və xalasının ərinə bəhanə verir ki, onu evdən uzaqlaşdırsınlar. Birinci səbəb isə o idi ki, Məcidə atasını itirmişdi, o vəfat etmişdi. Xalasıgil hər ay əldə etdikləri puldan məhrum olmuşdular. Pulla alınıb-satılan bu mühitdə Məcidələr təbii ki, bu vəziyyətin çarəsizləri idi.

Məcidə evləri olmadığı üçün yenicə tanış olduğu Ömərlə evlənir. Ömərin də vəziyyəti eynilə Məcidə kimidir. Son olaraq onlar hər ikisi həyatın zərbələrinə davam gətirə bilmir.  Məcidə həyatının çiçəklənən çağında bir gül kimi solur.

Ceyhunə filologiya fakültəsinin IV kurs tələbəsidir. Tələbə olaraq müasir gənc nəslin təlim və tərbiyəsi, onun dininin, əxlaqının inkişafı, “Vətən”, “Ana” mövzularına hansı prizmalardan necə yanaşmaları onu da düşündürür: “Bu istiqamətdə maraqlarım, arzu və istəklərimi gerçəkləşdirmək məqsədi ilə ara-sıra mütaliə edirəm. Və bir filoloq olaraq başa düşürəm ki, hər bir inkişafın təməlində mütaliə durur. Ümumilikdə müasir dövrdə mütaliəyə maraq azalıb. Əslində isə məlumat və informasiyanın haradan və necə əldə edilməsindən asılı olmayaraq o, daima mübadilə edilməli, bu prosesdən müsbət nəticələr əldə edilməlidir.

Təbii ki, filologiya fakültəsində təhsil aldığımdan tez-tez dünya və milli yazarların əsərləri ilə tanış olur, onları mütaliə edirəm. Bununla yanaşı olaraq müqayisələr aparır, təhlillər, tələbə yoldaşlarımızla fikir mübadilələri, bəzən də bu mövzuda mübahisələr edirik. Qeyd edim ki, dərsdən mütaliəyə vaxt ayırır, məni düşündürən məsələlərlə bağlı kitabları əldə edib oxuyuram. Son olaraq mütaliə etdiyim və hələ də davam etdirdiyim İslam dini, Müsəlman şəxsiyyəti, İslam əxlaqı və b. mövzularla bağlı dini və ictimai əsərlər olub. Misal olaraq kitabça formasında olan Peyğəmbərimizin dilindən müsəlman şəxsiyyəti, hadisələrlə bağlı olan “Gül ətirli hekayələr”, Anar Eyvazovun “Oruc”, O. Bilgənin “Müxtəsər Elmihal” əsərləri, “Ən böyük əxlaq” əsəri, eləcə də türkcədən tərcümə olan “Boşanmaq üçünmü evlənirik?” adlı əsər və b.əsərləri göstərmək olar. Qeyd edim ki, dini mövzulara müraciət etməyim təsadüfi olmadı. Ətrafımda, cəmiyyətdə bəzən insanların hərəkət və davranışları ilə sözünün düz gəlməməsi, “Allah!” deyərək, onu yad edərək qədəhləri gənc cütlüklərə uzatmaları, evində, üstündə gözdən, bəd nəzərdən qorumaq üçün müxtəlif vasitələrdən istifadə edilməsi, evlərdən dini şəkillərin, imamların şəkillərinin asılması, müəyyən xəstəliklərdən azad olmaq üçün pirlərə, ocaqlara gedənləri və b. bu kimi digər səbəblər oldu. Təəssüflə qeyd etməliyəm ki, XXI əsr informasiya, kompüter əsri olduğu halda, XIX əsrdə Ə.Haqverdiyevin əsərlərində, C.Məmmədquluzadənin, Sabirin əsərlərində, onları o dövrdə düşündürən bir sıra məsələlər indi də aktuallığını demək olar ki, itirməyib. Bunu bir ictimai bəla hesab edir, bunun həlli yolu olaraq müdafiəni ön plana çəkirəm. Düşünürəm ki, elmsiz, təhsilsiz ancaq xurafat hökm sürə bilər. “Mənim babam, atam bu cür ibadət edib, həm oruc tutub, həm də onların həyat yoldaşları falçıya da gediblər”. “Maşınımdan göz muncuğu asıram ki, o, maşınımı, məni qorusun”-deyərək bu cür xurafata uyuruq. Baxın, biz bu gün şou-proqramlara, seriallara, müxtəlif filmlərə vaxt ayırır, onları izləyirik. Başa düşmürük ki, sonda əldə edəcəyimiz heç nə olmayacaq. İtirdiyimiz isə ən qiymətli olan vaxt olacaq!

Tükəzban, SDU-nun tələbəsi:

Bədii ədəbiyyat mənim üçün zövq və dünyagörüş məsələsidir. Tarixi mövzudan başqa istənilən səpkili əsərləri oxumağı xoşlayıram. Yetər ki, əsərdə uzunçuluğa, bayalılığa yol verilməsin. Oxuduğum hər bir əsər mütləq orijinal və düşündürücü olmalıdır, məni nə isə yazmağa vadar etməlidir.

Ən sevdiyim əsərlər V.Hüqonun “Səfillər”, Drayzerin “Cenni Herliard”, “Dahi”, Cek Londonun “Martin İclen”, Mopassanun “Həyat”, E.L.Voyniçin ”Ovod”, S.D.Xədicənin “Fosforlu Cevriyyə”, O.N.Kamalın “Yad qızı” romanları, Ə.Nesinin, Anarın hekayələridir. Bu əsərlərin hər birini oxuduqdan sonra özümü bir yaş böyümüş hiss etmişəm. “Ovod”ı oxuyarkən Arturla bərabər mən də güllələnmişəm, “Səfillər” romanında Jau Valjanın Kazeftasız filmlərini anbaan mən də yaşamışam. Bax, məni haldan-hala sala biləcək bədii əsəri sevirəm. Təkcə “Səfillər” romanının mənə bağışladığı təəsurat bəlkə də bütün ömrüm boyunca oxuyacaqlarıma bərabərdir.

Gülnarə, tələbə:

Bildiyiniz kimi, ədəbiyyat tərbiyəvi əhəmiyyət kəsb edir. Buna görə də müasir Azərbaycan gəncliyinin milli ədəbiyyatımıza çox böyük ehtiyacı var. Çox təəssüf ki, gəncliyimiz daha çox kriminal əsərlər oxumağa, ya da internet-klublara daha çox üstünlük verir. Müasir gəncliyin maraq dairəsi olduqca genişdir. Və tələbləri də böyükdür. Biz torpaqları işğal altında olan bir ölkənin gəncləriyik. Və bizim vətənpərvərlik mövzusunda yazılmış əsərlərə daha çox ehtiyacımız var. Bu mövzuda yazılmış ədəbiyyat o qədər təsirli olmalıdır ki, bizdə Vətənə məhəbbət, düşmənə nifrət hissini daha da alovlandırsın. Həmçinin ailə-məişət mövzusuna ehtiyacımız var. Möhkəm ailə, saf məhəbbət, böyük və kiçiklərlə davranış qaydaları, milli adətlərimiz bu mövzuda öz əksini tapmalıdır. Çox təəssüflə qeyd etməliyəm ki, ədəbiyyatımızı demək olar ki, təbliğ etmirik. Gənclərimizə ədəbiyyatımızı sevdirmək, maraq oyatmaq, orta və ali məktəb ocaqlarında müəllimlərimizin, televiziya işçilərinin, həmçinin yazıçı və şairlərimizin borcudur.

Cəfərova Kəmalə, tələbə:

Mən tətil müddətində Tahir Kazımovun “Səsin sehri” bədii əsərini, “Müvəffəqiyyətə gedən yol”, “Gənclərlə üz-üzə” kitablarını oxumuşam. Hal-hazırda Paulo Caulonun “Əl-Kimyagər” əsərini oxuyuram. Ümumiyyətlə, mütaliə üçün daha çox dünya ədəbiyyatı nümunələrinə üstünlük verirəm. Çünki bu əsərlər insanı düşünməyə vadar edir. Müəllif özü heç bir fikir söyləmir. Nəticə çıxarmağı oxucunun ixtiyarına buraxır. Daha çox psixoloji əsərləri sevirəm. “Müvəffəqiyyətə gedən yol”, “Gənclərlə üz-üzə” kitablarını ona görə oxudum ki, bu kitablar insanı həyatın mənasını başa düşməyə, qarşıya çıxan çətinlikləri dəf etməyə, insanı mübariz olmağa çağırır. “Gənclərlə üz-üzə” kitabı da gəncləri nikbin olmağa, bədbinliklərdən uzaq olmağa, irəliyə doğru uğurla addımlamağa, tənbəllikdən uzaq olmağa çağırır. İndi oxuduğum “Əl-Kimyagər” əsərində isə bir çoban oğlan: “Həyat nədir? Hamətlərə inanmaq lazımdırmı?” sualları ilə yola düşür, dünyanı, dünya dilini dərk etmək istəyir. Əl-Kimyagər ona dəyərli məsləhətlər verir. Oxuduğum kitablardan belə bir nəticəyə gəldim ki, insan hər hansı bir şeyi əldə etmək istəyirsə, mütləq qarşısına məqsəd qoymalı, inadından dönməməli, bu gün ilə yaşayıb gələcəyə nikbin baxmalıdır.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Gunay
    Aprel 19, 2011 - 19:21

    Cunki muasir dovrde genclerin maragina sebeb olan elave eylence novleri coxdur. Halbuki kitab oxumaq mütalie etmek bos vaxt qalanda yada dusmemelidi, her kesin heyat terzine cevrilmelidi bunu derk eden her bir genc oz heyatini geleceyini temin etmis olur ve cemiyyetimiz, Azerbaycan gencliyi daha saglam ve savadli selikde inkisaf etmis olur, bunu bir kitabxanasunas kimi deyirem, ve cox sadamki kitabxanaciliq informasiya fakultesi magistrantiyam ve bunu meselelerin tedqiqatcisiyam, duzgun tebligat en yaxsi vasitedir, sizi tebrik edirem

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər