Hər kəs onu milyonçu kimi tanısa da, xeyirxah insan kimi daha çox xatırlanır. Söhbət postsovet məkanında ilk azərbaycanlı milyonçu Yelmar Məmmədovdan gedir.
Yelmar Məmmədov 28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olub. Orta məktəbi bitirəndən sonra Bakıya gələrək ali məktəbə imtahan verir, ancaq müsabiqədən keçə bilmir. Bundan sonra doğulduğu rayona qayıtmaqdan vaz keçən Yelmar Məmmədov 1975-1976-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir.
1976-cı ildə onu hərbi xidmətə aparırlar. Hərbi xidmətini Rusiyanın Çita şəhərində başa vurur.
Hərbi xidmətdən sonra, 1978-ci ildə tale təsadüfən onu Özbəkistanın paytaxtına – Daşkəndə gətirir. Şəhər və adamları onun xoşuna gəlir. Bir müddət Daşkənddə qalıb fəhlə işləyir, eyni zamanda 1983-cü ildə Daşkənd Ali Milis Məktəbinə daxil olur. Sonralar isə Moskvada Ümumittifaq Ali Hüquq Məktəbinin qiyabi şöbəsində təhsil alır.
Ehtiyac üzündən Daşkəndi tərk etməyə məcbur olan Yelmar Məmmədov Rusiya Federasiyasının Komi Muxtar Respublikasındakı Uxta şəhərinə gedib çıxır. Uxta şəhərində Neft Kəşfiyyatı İdarəsində işə girən Yelmarın bəxti nəhayət üzünə gülür. O, əvvəlcə fəhlə, sonra usta, mühəndis, şöbə rəisi və baş mühəndisin müavini olur.
Biznes sahəsində uğur əldə edən Məmmədov az sonra Komi Muxtar Respublikasında xalq deputatı da seçilir.
O, 1990-cı ildə “Mariya” Assosiasiyasını təsis edir. Bundan sonra fəaliyyəti bir qədər də genişlənir. Bir neçə şəhərdə “Mariya” Assosiasiyasının filiallarını yaradır. Eyni zamanda bir neçə bank açır. Rusiya televiziyası ilə göstərilən “Mariya Assosiasiyası” adlı sənədli filmdən sonra keçmiş SSRİ-nin hər yerində rəsmi milyonçu azərbaycanlı tanınmağa başlayır. Həm milyonçu, həm də səxavətli adam kimi şöhrətlənən Yelmarın sorağı vətəni Azərbaycana da gəlib çatır.
O, 1992-ci ilin avqust ayında müvəqqəti Azərbaycana qayıdır. Bakıda olduğu dövrdə siyasətə meyl edən Yelmar Məmmədov Azərbaycan Yurddaş Partiyasının sədr müavini seçilir.
Lakin Yelmar Məmmədov arzu və istəklərini gerçəkləşdirə bilmir, ömrü yarıda qırılır. Onun ölümü də müəmmalı olub. 38 yaşlı 38 yaşında dünyasını dəyişən Yelmar Məmmədovun dörd övladı – iki qızı, iki oğlu qalıb.
Bəs hazırda Yelmar Məmmədovun uşaqları haradadır? Onun mirası kimə qalıb?
“Yurddaş” Partiyasının sədri, vaxtilə Yelmar Məmmədovla yaxın olan Mais Səfərli Modern.az-a açıqlamasında deyib ki, Yelmarı vətənpərvər insan kimi xatırlayır.
“Yelmar çox vətənpərvər insan idi. O, vaxtilə Rusiyanın müxtəlif şəhərlərində çalışıb. Onun çox da böyük olmayan biznesi vardı. Heç bir dayağı və köməyi olmadan yüksək səviyyəyə gəlib çatmışdı. Həmişə ehtiyacı olan insanlara əl tutardı. Heç bir insanı əliboş qaytarmazdı. O, Azərbaycanda çox böyük işlər görmək arzusunda idi. Hətta, o zamanlar bir bank da açmışdı. Lakin rəhmətə gedəndən sonra bank da bağlandı”.
Mais Səfərlinin sözlərinə görə, Yelmar Məmmədovun övladları arasında Azərbaycanda yaşayanı da var.
“Yelmarın 2 oğlu 2 qızı var. Birinci həyat yoldaşından olan bir oğlu və qızı dünənə qədər Sumqayıtda yaşayırdılar. İndi isə harada yaşadığını bilmirəm.
İkinci həyat yoldaşından olan uşaqlar isə Rusiyada yaşayır. İkinci həyat yoldaşı rus idi. Üçüncü həyat yoldaşı da azərbaycanlı idi. 1995-ci ildə dünyasını dəyişəndə üçüncü həyat yoldaşı Nəzakət Qocayeva yanında olmuşdu. Onlar Yasamal qəbiristanlığında dəfn olunublar”
Milyonçunun mirasının kimə qalmasına gəlincə, Mais Səfərli deyib ki, güman ki, övladlarına qalıb.
“Yelmarın o qədər də böyük mirası yox idi. Müəyyən şeylər onun sonuncu övladına qalıb. Çünki 2 uşağı Rusiyadadır və güman ki, uşaqlarına qalıb”
Mais Səfərli Yelmar Məmmədovun siyasi iddialarına da aydınlıq gətirib.
“Yelmar Azərbaycan vətəndaşı deyildi. O, Rusiya vətəndaşı idi. Ona görə də onun Azərbaycanda siyasətə meylli olması doğru deyildi. Əslində Yelmarın siyasətə gəlmək meyli yox idi. Bir çox jurnalistlərlə münasibəti vardı. Hətta, o, Rusiyada yaşadığından Azərbaycanda gedən prosesləri bilmirdi. Bəzən proseslərə çox emosional yanaşırdı. Azərbaycan siyasətini dərindən bilən adam deyildi. Bu da ondan irəli gəlirdi ki, o, siyasətçi deyildi. Siyasi məsələlərlə məşğul olmamışdı. İkincisi isə o, uzun illər Azərbaycandan kənarda yaşamışdı. Azərbaycanı dərindən tanımırdı”.
“Milyonçunun ölümü isə müəmmalı olmuşdu. O zamankı hökumət adamları onun ölümü ilə bağlı istintaq işləri aparmağa çalışmışdılar. Çünki onunla dost olanlar da vardı. O vaxt rəsmi məlumatlarda bildirilirdi ki, onlar Daşkənddə olan zaman yatdıqları otağa qaz sızması olub və tanınmış iş adamı xanımı ilə birgə qazdan boğularaq dünyasını dəyişiblər. Onun Rusiyada kimlərlə çalışdığını bilmirdim. Hər halda, Rusiyada biznes qurmaq asan deyildi”-deyə Mais Səfərli bildirib.