Müharibə qədər təhlükəli: Koronovirus dünyaya nə vəd edir? – TƏHLİL

1327

Dünya üzrə 27 ölkədə 80 minə yaxın yoluxma, bu gün səhərə olan məlumata görə, 2500-dən çox insan ölümü. Bu, hazırda dünyanın bir nömrəli məsələsinə çevrilmiş koronavirus statistikasıdır. Amma rəqəmlər çox şərtidir. Çünki hər saat ölü sayı və yoluxanlar artır.

Çinin şərqində – Uhan şəhərində ötən ilin dekabrında ilk dəfə müşahidə olunan və yanvarda xəstəlik kimi qeydə alınan koronavirus və ya “Covid-19” virusu sürətlə dünyaya yayılır. Virus artıq bizim regiona da çatıb. İranda, rəsmi məlumata görə, 80 nəfərdən çox bu virusa yoluxub, 12 nəfər vəfat edib.

Ancaq virusun yayıldığı Qum şəhərindən olan deputat Əhməd Əmirabadi Farahani xəstəliyin ilk qeydə alındığı 13 fevraldan indiyədək ölənlərin sayının 50 nəfər olduğunu bildirib. Artıq İranla qonşu olan ölkələr sərhədləri bağlayıb, Azərbaycan isə İrandan qayıdan vətəndaşları xüsusi nəzarət altına alıb.

Koronavirus artıq sonuncu dəhşətli epidemiya hesab olunan SARS virusunu keçib. Belə ki, 2001-2002-ci illərdə yayılan SARS virusu yer kürəsində cəmisi 8100 nəfərə yoluxub və 774 nəfər xəstəlikdən ölüb. SARS qlobal iqtisadiyyata 40 milyard dollar zərər vurub.

Hazırkı koronavirus statistikası göstərir ki, SARS-dan daha dəhşətli olacaq.

Hələlik koronavirusun vaksini tapılmayıb, mütəxəssislər yalnız havaların isinməsinə ümid edir. Çünki ehtimal olunur ki, koronavirus 37 dərəcə istilikdə yox olur. Havaların isinməsinə üç ay qalıb. Virus isə hər keçən gün sürətlə yayılır.

Məsələ ondadır ki, hazırda virus həm də dünyada böyük miqyasda qorxu və ajiotaja səbəb olmaqdadır. Hələlik vahiməli vəziyyətə çatmasa da, mütəxəssislər hazırkı sürətlə yayılacağı təqdirdə, koronavirusun 1918-ci ildə dünyada 50 milyon insanın ölümünə səbəb olan “ispan qripi” və ya 1957-1958-ci illərdə yayılan və 1,1 milyon insanın həyatına son qoyan “Asiya qripi” kimi dəhşətli nəticələr doğura biləcəyindən narahatdır. Çünki koronavirusdan ölüm halları az narahatlıq doğuran 2 faizdən 4 faizə yüksəlib. Bu isə təhlükə siqnalıdır.

Ancaq müasir dünyada qrip virusları yalnız “tibbin məsələsi” olmaqdan çıxıb, həm də qlobal iqtisadi, siyasi və digər təsirləri var.

Məsələn, koronavirusun yayıldığı Çin hazırda 1,4 milyard əhalisi olan və dünya iqtisadiyyatının 16 faizinə sahib nəhəng ölkədir. Çin iqtisadiyyatının həcmi 14,140 trilyon dollardır. Hazırda dünyanın bir çox böyük markalarının da istehsalı Çində həyata keçirilir. Bunların bir qismi artıq müəssisələrini bağlayıb.

Bundan başqa, indi iqtisadçılar bu virusun dünya iqtisadiyyatına vuracağı zərərləri hesablayır.
Məsələn, 2001-2002-ci illərdə yayılan SARS virusu dünya iqtisadiyyatına 0,1 faiz mənfi təsir edib. Lakin indi durum daha təhlükəlidir. Çünki hazırda 2003-cü illə müqayisədə, Çinin ixracatı və xarici ticarəti beş dəfə artıb. Turist sayı altı dəfə artıb.

İlkin hesablamalara görə, koronavirus ən çox xidmət sektoruna təsir edəcək. Hazırkı hesablamalara əsasən, virus Çin xidmət sektoruna 50 faiz təsir edəcək.

Ən yaxşı ehtimala görə, koronavirus nəticəsində Çin iqtisadiyyatında artım bu il 0,1 faiz, daha pessimist ehtimala görə isə 1 faiz olacaq.

Müsbət ehtimallara görə, Çin iqtisadiyyatında bu il proqnozlaşdırılan 6 faizlik böyümə 5,5, hətta bəzi ehtimallara görə, 4,8 və ya 4,9 faizə düşəcək. Dünyadakı iqtisadi artımın 0,4 faiz azalacağı proqnozlaşdırılır. “Oxford Economic” Çinin 2020-ci ilin ilk üç ayında ötən illə müqayisədə, iqtisadi artımın 4 faiz azalacağını proqnozlaşdırır.

Virus nəticəsində ilk olara ən ağır zərbəni aviaşirkətlər alıb. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) yaydığı proqnozda hava nəqliyyatının bu il 2009-cu ildən indiyədək ilk dəfə tələbinin azalacağını qeyd edib. Ümumilikdə, bu il hava yolları 29 milyard dollar ziyan edəcək.

Çin şirkətlərinin zərəri 12,8 milyard dollar hesablanır. Halbuki bu il qlobal miqyasda 4,1 faiz artım proqnozlaşdırılırdı. Ancaq ötən illə müqayisədə, bu il müştəri sayının 8,2 faiz azalacağı ehtimal olunur.

Qızıl da son yeddi ildə ən yüksək qiymətə satılıb. Bir unsiya qızıl 1637 dollara satılır. Sonuncu dəfə 2013-cü ildə qızıl ABŞ-da 1600 dollardan baha satılıb.

Çin yuanı isə dollar qarşısında 1 faizdən çox dəyər itirib. Çin dövlət istiqrazları isə 2014-cü ildən bu yana ən çox ucuzlaşma nümayiş etdirib. Çin Mərkəzi Bankı isə bazarı müvəqqəti sabitləşdirmək üçün qısa müddətə faizləri aşağı alıb və bazara 129 milyard dollar (900 milayrd yuan) vəsait buraxıb.

Qlobal epidemiya planetin geri qalan hissəsini də ciddi şəkildə təhdid edir. İlkin olaraq Çinin gündəlik neft tələbatı 250 min barel azalıb və bu, dünya bazarında neft qiymətlərinə təsir edib.

Eyni zamanda, Çinin xammal aldığı Yaxın Şərq ölkələri, Braziliya kimi dövlətlərin iqtisadiyyatına ciddi təsir edəcək. Həmçinin, Çinlə ticarət əlaqələri olan Avropa Birliyi ölkələri, ABŞ və digər ölkələrin iqtisadiyyatının ciddi zərər görəcəyi təxmin edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər