Müharibə veteranı: “Sumqayıtlı məmur bir neçə il qabaq məni aldadaraq evimi satdırıb”

1168

O, rahat, firəvan həyatından imtina edərək cəbhəyə yollanıb, ən ağır döyüşlərdə iştirak edib. Bu qanlı döyüşlər yüzlərlə igid oğullar kimi onun üçün də silinməz izlər buraxıb, keçmiş peşəkar boksçu sağlamlığını itirib və cəbhədən evinə birinci qrup əlil kimi qayıtmalı olub. Söhbət Malik Məcidovdan gedir. Maliklə bu həftə redaksiyamızda görüşüb, söhbətləşdik. O, müharibədə iştirakçısı olduğu ağır döyüşlər və bugünkü güzaranı barədə danışdı.

– Necə oldu ki, cəbhəyə yollanası oldunuz?

– Mən sovet ordusunda xidmət etmişəm. Ordudan tərxis olunduqdan sonra Sumqayıtda Boruyayma Zavodunda işə başladım. Müharibə başladığı ərəfədə könüllü dəstələr yaranırdı, 91-ci ildə isə artıq ordu formalaşırdı. Mən də idmançı idim və özümdə döyüşmək gücü, istəyi hiss edirdim. Şıxova yola düşdüm – o zaman milli ordu əsgərlərini burada yığırdılar. Bizi ilk öncə Şuşaya apardılar. Şuşada, Kərkicahan istiqamətlərində ağır döyüşlərimiz oldu. Döyüşlərdə erməni texnikasının üstünlüyü hiss olunurdu. Sonra bizi Bakıya qaytardılar ki, burada ikinci bölük formalaşdırılmalıdır.

– Deyəsən, kimlərsə milli ordunun formalaşmasına qarşıydı.

– Bəli, Sovet hökumətinin Milli Təhlükəsizlik Orqanları, eləcə də Sovet hakimiyyətinin bərqərar olmasını istəyənlər Azərbaycanın Milli Ordusunun yaranmasını istəmirdilər. O dövrdə xalq hərəkatı da davam edirdi. İkinci bölüyün yaradılması sadəcə bir hiylə idi, bizim üçün qurulmuş tələ idi. Hər şey Daşaltı əməliyyatı ilə tamamlanmalı idi. Bizə Bakıda, o vaxtkı rus hakimiyyət orqanları dedi ki, bu əməliyyatdan heç biriniz sağ çıxmayacaqsınız. Xalq hərəkatının üzvləri isə bizimlə görüşdə bildirdilər ki, hər şey sizlərdən asılıdır, əgər siz bu döyüşə gedib, sözünüzü desəniz, Azərbaycan müstəqil olacaq. Bildirdilər ki, rus hakimiyyəti Azərbaycanın müstəqilliyini, ordusunun yaranmasını istəmir – buna görə də sizi qorxutmağa çalışırlar.

 “Erməni əsgər elə bildi ki, ölmüşəm”

– Ancaq siz Daşaltıya yollandınız. Nə baş verdi orda?

– Bu əməliyyat öncədən qurulmuş oyun imiş. Bizi 3 gün Laçında, Şuşada ac-susuz fırlatdılar. Əməliyyat başlayanda biz Nəbilər kəndi tərəfdə, Tutbağı deyilən yer varıydı, ordan girdik. Ancaq… urra ağzımızda qaldı. Bizə elə avtomatlar verilmişdi ki, bu silahlar normal döyüşməyə imkan vermirdi. Kəndə (Daşaltını nəzərdə tutur – red.) girəndə gördük ki, hərə bir tərəfdə can verir, 3 nəfər qalmışdıq. Bu mənzərəni görən kimi özümüzü itirdik, hərəkətsiz qaldıq. Bu anda məni vurdular, yıxıldım, o biri 2 nəfər isə qaçıb gizlənə bildi, mən də onların dalınca sürünməyə başladım. Bir az süründüm, gördüm ki, yaxınlıqda bizimkilərdən biri can verir, onu itələyib gizlətdim, özüm plomyotun qabağına düşdüm. Burada yenidən güllə yaraları aldım, bədənim demək olar ki, tam dağıldı. Sonra gördüm ki, erməni yaxınlaşdı. Başladı məni təpikləməyə. Dedim ki, mən onsuz da ölürəm, kişi ol, əziyyət vermə, öldür məni. Birdən hiss etdim ki, hardansa uçub, düşdüm yerə. Bundan sonra xeyli müddət özümdə olmamışam. Gecə ayılıb gördüm ki, məni vurub atıblar yarağanadan, elə biliblər ki, ölmüşəm. Sonra sanki yuxular görməyə başladım. Bir az keçdi ayıldım, başladım yumruğumun üstündə sürünməyə. Yerdə də azca qar var idi, mən də ac-susuz idim, başladım qar yeməyə. Birdən hiss etdim ki, kimsə məni götürməyə çalışır. Gülhüseyn adlı oğlan idi – mən sonralar ondan xəbər tuta bilmədim – məni bir az daşıdı, sonra Elşad Nərimanov adlı oğlan məni sürüyüb çıxararkən yaralandı. Sonra özüm sürünməyə başladım. Nəbilər kəndinə qədər süründüm. Məni ordan maşına qoyub, Şuşa meyitxanasına gətiriblər, elə biliblər ki, ölmüşəm. Burda da mənə qəbir hazırlayıblar. Sonra ayılmışam. Həkimlər ayaqlarımı kəsmək istəyiblər, bizim uşaqlardan biri avtomatı həkimlərin üstünə çəkib ki, kəssəniz vuracam sizi. Beləliklə, sağ qalmışam.

– Daha sonra yenidən cəbhəyə yollandınız?

– Hə, elə bədənimdə çoxsaylı tikişlər ola-ola xəstəxanadan qaçdım. Getdim Mingəçevirə. O zaman Ağdərə alınmamışdı. Ancaq gedəndə gördüm ki, orduda özbaşınalıqdır, hər kəs bildiyini edir, döyüş əmrinə heç kim tabe olmur, əksəriyyət Bakıya qaçır. Mən də getdim Sumqayıt gənclərinin toplaşdığı başqa bir bölüyə. Döyüşlərdə yenidən yaralandım. Məni Tehrana müalicəyə göndərdilər, ancaq təbii ki, tam sağalmadım – bu gün də davamlı olaraq müalicəyə ehtiyacım var.

– Müalicə oluna bilirsinizmi? Necə qayğı göstərilir sizə?

– Açığını deyim ki, o qədər də razı deyiləm. Mənim 3 övladım var. Əgər bu gün mənə qayğı göstərilmirsə, mən necə öz övladlarıma vətəni sevməyi aşılaya bilərəm?!

Mənə dərman yazırlar, hansı ki, bəzən 200 manat edir, gedirəm Əlillərin Bərpa Mərkəzinə – deyirlər ki, biz 50 manatdan artıq pul köçürə bilmərik. Mən bu gün apteklərə borcluyam. Bu günə qədər Sosial Müdafiə Nazirliyinin tikdiyi binadan ev ala bilməmişəm. Üstəlik, bir neçə sumqayıtlı məmur bir neçə il qabaq məni aldadaraq evimi satdırıb ki, hansısa tədbir keçirilməlidir, bu pulla onu həll edək, sonra səni evlə təmin edəcəyik.

Bir sözlə, bu gün də güzəranım çox pisdir. Yenə sağ olsun, 1 saylı xəstəxananın şöbə müdiri Cabir Məcidov, 5 saylı Uşaq Xəstəxanasının müdiri Xəqani həkim, Evlər İdarəsinin müdiri Rövşən müəllim, Şəhər Telekomnukasiya Qovşağının müdiri Akif Əsgərov müalicəmə, övladlarımın müalicəsinə yardım edirlər. Əgər dövlət mənə qan pulu versəydi, mən gedib bu adamların yanına yalvarmazdım. Biz Azərbaycanı müstəqil edən oğlanlarıq, gərək bizə belə münasibət göstərilməsin.

Vüsal Məmmədov, “168 saat”  

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Cosqun
    Oktyabr 11, 2012 - 14:59

    baaa gorursuz bu bawqa mesele oqulsuz siz oqul bele weyleri uze cixardin qardawdarim her gun bir qehramandan daniwin her gun bir wehidimizden daniwin cox mu cetindi burda yazmaq lazimdisa men yazaram siz arawdirin eqaleni verin men yazim

  • meyq
    Oktyabr 13, 2012 - 14:13

    azerbaycan prosta kef edir

  • Etibar
    Dekabr 8, 2012 - 14:57

    Allah köməyin olsun qardaş! ancaq bu məmurlardan hec nə gözləmə,insanlığın nə olduğunu coxdan unudublar.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər