Prezident İlham Əliyev Brüssel səfəri zamanı İspaniyanın “El Pais” və İtaliyanın “İl Sole 24 Ore” qəzetlərinə müsahibələri ilə müharibədən sonrakı dövrün reallıqlarını dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Dövlət başçısı hər iki müsahibəsində Azərbaycanın regiona gətirdiyi yeni reallıqları, onun perspektivlərini, region ölkələri üçün geosiyasi və geoiqtisadi əhəmiyyətini ətraflı şərh etdib.
Ölkə başçısı İtaliyanın “İl Sole 24 Ore” Azərbaycanın sülhün və sabitliyin tərəfində olduğunu, nəzərdə tutulan layihələrin regionda sülhə, sabitliyə və iqtisadi inkişafa gətirib çıxaracağını əsaslandırıb.
Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur. Azərbaycanda azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür. Eynilə insan hüquqları məsələsi. Bütün insan hüquqları qorunur və bu gün Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır.
İtaliya nəinki Avropa qitəsində, dünya miqyasında bizim ən yaxın tərəfdaşlarımızdan biridir
“İtaliya nəinki təkcə Avropa qitəsində, dünya miqyasında bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Hesab edirəm ki, indi münasibətlərimiz çox yüksək səviyyədədir. Bunun göstəricisi odur ki, biz strateji tərəfdaşlıq haqqında sənəd imzalamışıq. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir”.
Dövlətimizin başçısı deyib ki, Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq.
“Eyni zamanda, dost ölkə olaraq İtaliya bizim azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət etdiyimiz ilk ölkələrdən biri olub. Birincisi Türkiyə idi, ikincisi İtaliya. Sizə deyə bilərəm ki, hazırda italyan şirkətlərinin orada icra etdiyi çoxlu layihələr var. Biz italyan memarlarını Şuşadakı tarixi abidələrimizi və məscidlərimizi bərpa etmək üçün dəvət etmişdik”, – deyə Prezident İlham Əliyev müsahibəsində bildirib.
İtalyan şirkətinin Bakıda Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti əlavə edib: “Mən sizə italyan şirkətlərinin çox fəal iştirak etdiyi azad edilmiş ərazilərdə və Azərbaycanın digər yerlərində çoxsaylı tikinti layihələrini qeyd edə bilərəm. Sizə deyə bilərəm ki, Prezident Mattarellanın ölkəmizə səfəri zamanı biz birlikdə italyan şirkəti tərəfindən tikilmiş neft-kimya zavodunun açılışını etdik. İndi isə eyni şirkət bizim neft emalı zavodumuzun yenidən qurulması üzərində fəal şəkildə işləyir. Bunlar bir neçə milyardlıq layihələrdir. Bu sahələr sənaye, neft-kimya məhsulları, tikinti, memarlıq, bərpa işləri, geniş diapazonlu məsələlərdir. Bir daha qeyd edirəm, bu, bizim dostluğumuzu və tərəfdaşlığımızı nümayiş etdirir”.
TAP XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur
Prezident İlham Əliyev Azərbaycanın həyata keçirdiyi qaz strategiyasının çox aydın və açıq olduğunu bildirib. Ölkə başçısı qeyd edib ki, uzun illər ərzində bu mühüm layihəni həyata keçirmək üçün Azərbaycanda çox iş görülüb, tərəfdaşlarla birgə işlənilib: “TAP XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Bu, texniki baxımdan çox mürəkkəb və əlbəttə ki, çox bahalı layihədir. Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürüb. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl biz artıq istehlakçılarla müqavilələr imzalamışdıq. Bizim qazımız müqavilə əsasında alındı və qiymətlə bağlı, belə deyək, qaz böhranı zamanı bizim istehlakçılar heç bir dəyişiklik hiss etmədilər”.
Gələcək planlardan danışan Azərbaycan Prezidenti qeyd edib ki, qaz hasilatını və ixracı artırmaq imkanı var. Lakin bu, sözsüz ki, avropalı istehlakçıların tələbindən asılı olacaq.
Azərbaycanda neft və qazın ÜDM-də həcmi əhəmiyyətli dərəcədə azaldılıb
Ölkə başçısı müsahibəsində Azərbaycan iqtisadiyyatının inkişafına toxunaraq bildirib ki, uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirdi, indi isə yarıdan da azdır. Dövlətimizin başçısı deyib ki, ixraca gəldikdə, onun 90 faizindən çoxunu neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi təşkil edir: “Ölkə üçün bu üstünlükdür, çünki biz bazarlara daxil ola bildik, biz neft, təbii qaz, elektrik enerjisi, neft-kimya və neft məhsulları ixrac edirik və bunlar da iqtisadiyyatımıza çoxlu maliyyə axını gətirir. Qazı nə qədər çox ixrac etsək, – çünki qazın həcminin artması açıq-aşkardır, – qeyri-neft məhsullarının ixrac əməliyyatlarında payı bir o qədər də azalır. Neft və qaz üçün biz bazarları axtarmalı deyilik. Neft dünya bazarındadır, qazın artıq bazarı var”.
Bu il qeyri-enerji layihələrinin ixracının 45 faiz artmasını əlamətdar nəticə hesab edən Azərbaycan Prezidenti vurğulayıb ki, yenə də ixracın həcmində qeyri-neft seqmentinin nisbəti aşağıdır: “Lakin hesab edirəm ki, bu seqment artacaq, xüsusilə azad edilmiş ərazilərdə yeni imkanları və kənd təsərrüfatının, turizmin, bərpa olunan enerjinin və sənayenin nəhəng potensialını nəzərə alsaq. Beləliklə, biz gələcəkdə neft və qazdan asılılığı azaltmağı planlaşdırırıq. Lakin eyni zamanda, biz başa düşməliyik ki, gələcək bir neçə onilliklər ərzində neft və qaz bizim iqtisadiyyatımızda vacib rol oynayacaq”.
Nəqliyyat enerji sahəsindən sonra Azərbaycanın aparıcı sektorlardan biri olacaq
Prezident İlham Əliyev müsahibəsində postmüharibə dövründə yaranmış yeni reallıqlar fonunda nəqliyyat sahəsindəki mövcud perespektivlərdən danışıb. Ölkə başçısı bildirib ki, nəqliyyat sektoru enerji sektorundan sonra ölkəmizin aparıcı sektorlardan biri olacaq. Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal işlər aparılır. Xəzər dənizində ən böyük ticarət limanının açılışı xüsusi olaraq qeyd olunmalıdır. Onun yükaşırma gücü 25 milyon tona qədər arta bilər. Azərbaycan artıq bütün növ yük gəmiləri, tanker və bərələri qəbul edə bilir.
Azərbaycanda altı beynəlxalq hava limanı var və azad olunmuş ərazilərdə daha üç beynəlxalq hava limanı olacaq. Ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemi şaxələndirilir. Bundan əlavə müasir magistral yollar var. Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerdə qərarlaşıb. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb.
Ölkə başçısı əlavə edib ki, ikinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb. Həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq. Prezident İlham Əliyev bəyan etdi ki, azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olacaq.
Beləliklə, dövlət başçısı bir daha Azərbaycan həqiqətlərini, postmüharibə dövrünün yeni reallıqlarını, Azərbaycanın qarşıya qoyduğu hədəfləri dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu.
Əminə Tərlan, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı