Müharibədən sonrakı dövrdə Azərbaycan-Ermənistan münasibətləri: Azərbaycan sülhə və sabitliyə sadiq olan ölkədir

885

Postmüharibə dövründə Azərbaycanın səyləri regionda hər hansı yeni müharibə riskini minimuma endirməyə yönəlib. Azərbaycan dəfələrlə bəyan edib ki, bunun ən yaxşı yolu kommunikasiyaların açılması, aktiv dialoq qurmaq və yenidən qonşu olmağı öyrənməkdir. Regionda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün sülh sazişinin imzalanmasına və düşmənçiliyə son qoymağa ehtiyac var.

Prezident İlham Əliyevin iştirakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində bu fikirlər bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Sammitdə qeyd olundu ki, ATƏT-in Minsk Qrupu 28 illik danışıqlarda nəticə əldə edə bilməyib. Artıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycan özü tarixi ədaləti bərpa edib. Bu səbəbdən də ATƏT-in Minsk qrupu yeni geosiyasi reallığa uyğun təkliflər hazırlamalıdır. Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanmasına, sərhədlərin delimitasiyasına, insanlar arasında təmasların qurulmasına, etimad tədbirlərinin yaradılmasına və digər məsələlərə töhfə verə bilər.

Prezident İlham Əliyev bütün beynəlxalq kürsülərdən müharibədən sonrakı dövrün əsas problemlərindən biri olan mina məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu dəfə də ölkə başçısı mina məsələsini qeyd etdi. Vurğuladı ki, Azərbaycanda dinc sakinlər minalardan əziyyət çəkir. İndiyədək minalardan 200-ə yaxın insan ölüb və ya yaralanıb. Bu baxımdan, Avropa İttifaqı və ona üzv dövlətlərin mina probleminin həlli üçün Azərbaycana texniki və maliyyə yardımı göstərməsi vacibdir.

Ölkə başçısı kommunikasiyaların açılması məsələsinin vacibliyini bir daha bəyan etdi. Zəngəzur dəhlizi boyunca kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya prezidenti, Ermənistanın baş naziri və Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı üçtərəfli bəyanatda öz əksini tapıb. Ermənistan tərəfi bu bəyanatı imzalamaqla kommunikasiyaların açılması üçün bütün lazımı şəraitin təmin olunması öhdəliyini öz üzərinə götürüb.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycandan Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına dəmir yolunun, eləcə də avtomobil yolunun çəkilməsi barədə razılıq əldə olunub. Qarşıdakı dövrdə magistral yolun dəqiq marşrutu da müəyyənləşəcək.

Prezident İlham Əliyev bəyan etdi ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin hüquqi rejimi ilə eyni olmalıdır. Üçtərəfli bəyanatda açıq şəkildə qeyd olunur ki, Azərbaycan Qarabağ və Ermənistan arasında əlaqələr üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün bərabər çıxış və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük məntəqəsi yoxdur. Ona görə də Zəngəzur dəhlizində də gömrük məntəqəsi olmamalıdır.
Prezident İlham Əliyev beynəlxalq kürsüdən bəyan etdi ki, əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda Azərbaycan Laçın dəhlizində eynisində israr edəcək. Regional nəqliyyat əlaqələrinin inteqrasiyası dövlətlər üçün yeni imkanlar açacaq.

Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasına çıxış üçün deyil, həm də Ermənistan və İran arasında Naxçıvan Muxtar Respublikası ərazisindən keçən dəmir yolu əlaqəsi üçün nəzərdə tutulub. Ermənistan eyni zamanda Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir.

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının fəal mövqeyi təqdirəlayiqdir. Son görüşlər bir daha göstərdi ki, Aİ-nin təşəbbüsü ilə aparılan danışıqlar praktiki əhəmiyyət kəsb edir. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusən də dəmir yolunun tikintisi kimi məsələlərlə bağlı müzakirələr səmərəli və praqmatik xarakter daşıyır.

Üçtərəfli görüş Azərbaycanın milli maraqlarına xidmət edən razılaşmaların əldə olunması ilə başa çatdı. Hər iki tərəf Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə müvəqqəti işçi qrupunun yaradılması barədə razılığa gəldi.
Kommunikasiya və nəqliyyat xətlərinin açılması, o cümlədən Ermənistan ərazisindən dəmir yolu xəttinin çəkilməsi, gömrük, sərhəd nəzarət məsələlərinin və avtomobil yolunun marşrutu qarşılıqlı prinsip əsasında təmin edilməlidir. Bu Bəyanat Azərbaycanın ədalətli mövqeyini bir daha təsdiq etdi. Ermənistanla Azərbaycan arasında münaqişənin həlli və Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh sazişi imzalanmalıdır.

10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr (Soçi) ​​görüşləri və bəyanatlardan irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Aİ minalardan təmizlənmə və münaqişədən zərər çəkmiş insanlara, xüsusən də yenidənqurma səylərinə dəstəyini ifadə edir.

Aİ həmçinin sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı məşvərətçi statusda dəstək verə bilər. Aİ Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir və iqtisadi əməkdaşlıq üçün yeni birgə platforma yaratmağı təklif edir.
Aİ regionda kommunikasiya infrastrukturunun yaradılması, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılması və inkişaf etdirilməsinin tərəfdarıdır. Aİ iqtisadi və investisiya resursları vasitəsilə icra olunacaq layihələri dəstəkləyəcək. Eyni zamanda sözügedən qurum dəmir yolu xəttinin çəkilməsi, gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunmasının tərəfdarıdır.

Beləliklə  Brüssel görüşünü məhsuldar və effektiv hesab etmək olar. Avropa İttifaqı tərəfindən təşkil edilən görüşdə Azərbaycanın haqlı mövqeyi bir daha təsdiq olundu. Əlbəttə, bu Prezident İlham Əliyevin növbəti qələbəsidir və  yaxın gələcəkdə Sülh Sazişinin imzalanmasına böyük ümidlər yaradır.

Orucəli Allahverdiyev, Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvü, əmək veteranı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər